Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün memorial abidə kompleksi yaradıla bilər.
Modern.az-ın əməkdaşı bu mövzuda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə danışıb.
Müsahibimiz deyib ki, Şuşada abidə kompleksi qurularsa, həm Birinci, həm də İkinci Qarabağ müharibəsindəki şəhidlərin adlarını əks etdirməlidir:
“Şuşa Azərbaycanın qəhrəmanlıq simvolu, baş tacıdır. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhidlərimiz çoxdur. Birinci Qarabağ müharibəsi yada salınarkən Ramiz Qənbərov, Albert Aqarunov, Mikayıl Gözəlov kimi oğullarımız xatırlanır. Onlar hamısı bir tarixdir. Şuşa o qədər də böyük şəhər deyil ki, ora ilə bağlı hər adam təklif irəli sürsün. Qazilər arasında inciklik düşməsin deyə mən təklif edirdim ki, Şuşada böyük bir kompleks yaradılsın. Şuşa uğrunda şəhid olan bütün qəhrəmanların adı orada qeyd olunsun. Rütbəsindən, fəxri adından aslı olmadan ayrı-seçkilik olunmasın”.
S.Orucovanın sözlərinə görə, adların əbədiləşdirilməsi məsələsilə bağlı müzakirələr təşkil etməyi düşünürlər:
“Şəhid adlarının əbədiləşdirilməsilə bağlı qanunvericilik çox köhnəlib. Nazirlər Kabinetinin qərarı 1994-cü ildə o zamankı baş nazir Sürət Hüseynovun imzası ilə dərc olunmuş bir sənəddir. Heç bir şeyə də yaramır. Bu da haqlı olaraq ailələr arasında böyük narazıçılıqlara gətirib çıxarır. Lakin mən Şuşada qəhrəmanların hər birinin adını görmək istəyirəm. Hər birinin öz rolu var. Buna görə də ayrı-seçkilik qoymadan böyük memorial kompleks yaradılaraq, şəhidlərin hamısının adlarını əks etdirməlidir”.
Nəzrin Vahid