Modern.az

Fələstini müdafiə edən Türkiyə bir qarşılıq görübmü? - ŞƏRH

Fələstini müdafiə edən Türkiyə bir qarşılıq görübmü? - ŞƏRH

Aktual

17 May 2021, 12:03

Fələstinlə İsrail arasındakı münaqişə nə ilkdir, nə də ki son. Çünki bu münaqişədə Fələstin adlı dövlət, yəni BMT-nin tanıdığı bütün strukturları olan bir quruluş ortada yoxdur. Bu səbəbdən münaqişə hələ davam edəcək. İsrailə bu gün bomba yağdıran dövlət deyil, hansısa bir təşkilatdır.

Bu sözləri Modern.az-a Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı İsrail-Fələstin münasibətlərində Türkiyənin rolu haqqında danışarkən bildirib:

“İsraillə Fələstin arasındakı müharibə bu gün dayandırılsa,  sabah yenidən başlaya bilər. Hələ ki tərəflər arasında müəyyən bir anlaşma olmayacaq”.


Q.Çaxmaqlı qeyd edib ki, məsələnin ikinci aspekti bölgə dövlətlərinin bu münaqişəyə hansı şəkildə müdaxilə etməsidir:

“Ərəb dövlətlərinin vecinə deyil ki, İsraillə Fələstin arasında nə baş verir. Bu münaqişənin haradan başladığı haqqında onların təsəvvürü belə yoxdur. Yəni Ərəb dünyası bu məsələyə biganədir. Türkiyə dünya dövləti olduğuna görə və Osmanlı dövründən gələn ənənələrə sadiq olaraq məsələlərə biganə yanaşa bilməz. Türkiyə bütün dünyanı ayağa qaldırmağa çalışır ki, bu münaqişə sona çatsın və axan qanlar durdurulsun. Bu Türkiyənin bir dövlət mövqeyidir və belə də olmalıdır. Türkiyənin Fələstini müdafiə etməsinə rəğmən bu illər ərzində bir qarşılıq görübmü? Xeyr.

Fələstin həmin qurumdur ki, “erməni soyqırımı” deyilən yalanı qəbul edib, Ermənistanı qardaş ölkə adlandırır. Fələstin rəhbəri Mahmud Abbas deyir ki, “mənim arzum böyük Ermənistan görməkdir”.

44 günlük Vətən müharibəsindən sonra İsraillə Azərbaycan arasında çox yaxşı münasibətlər formalaşıb. Çünki İsrail Azərbaycana mənəvi dəstək verdi. Ayrı-ayrı yəhudi politoloqlar, yazarlar, siyasət adamları Azərbaycanın yanında olduqlarını bildirdilər. İsraildə Azərbaycana müdhiş bir sevgi olduğunu bilirik. Türkiyə ilə İsrail arasında vəziyyətin normallaşması üçün də müəyyən addımlar atılırdı. Lakin İsraillə Türkiyənin arasını pozan hərəkətlərə yol verilir və mən bunu beynəlxaq güclərə bağlayıram. İsraillə Türkiyənin yaxınlaşmasına izn verməyən çox hərəkətlər var və bunlar təsadüf deyil”.

Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı