“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirib və bu ifadəni təkrarlamaqla özünə təsəlli verənlər vaxt itkisindən başqa heç nəyə nail ola bilməyəcəklər.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəriAzər Kərimli deyib.
Millət vəkili bildirib ki, Azərbaycan torpaqlarının Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunması nəticəsində, həm BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib, həm “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsi prosesində müzakirə edilən baza prinsipləri öz həllini tapıb, həm də Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış əraziləri üzərində suveren hüquqları bərpa edilib: “Bu isə cənab Prezidentin qeyd etdiyi kimi, münaqişənin başa çatması, regionda yeni reallıqların, yeni perspektivlərin yaranması deməkdir. “Dağlıq Qarabağ münaqişəsi” artıq keçmişdir. Biz isə gələcəyə baxırıq”.
Prezident İlham Əliyevin 2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdəki çıxışına diqqət çəkən Azər Kərimli qeyd edib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə intensiz quruculuq işləri aparılır: “İşğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasına və bərpasına Azərbaycan regionun inkişafının tərkib hissəsi kimi yanaşır. Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələrə diqqət yetirdikdə, Prezident İlham Əliyevin baxış bucağının genişliyini, hədəflərinin bölgəyə daimi sülh, təhlükəsizlik, inkişaf, rifah gətirməkdən ibarət olduğunu görmək mümkündür. Bu layihələrdən, xüsusilə də kommunikasiyaların və yeni dəhlizlərin açılmasından bütün bölgə dövlətləri, o cümlədən Ermənistan da faydalana biləcək. Lakin bütün bunlara baxmayaraq, Ermənistanın davranışları, hətta bu ölkənin ağır iqtisadi böhrandan çıxması üçün də yeganə çıxış yolu olan layihələrin sürətlə reallaşdırılmasına əlavə çətinliklər yaradır. Prosesi ləngidən amillərdən biri və bəlkə də birincisi Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsidir. Minaların təmizlənməsi isə çox çətin, bahalı və vaxt aparan bir prosesdir və təbii ki, bu prosesi başa çatdırmadan əraziləri bərpa etmək mümkün deyil”.
Azər Kərimli bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələri regionun gələcəyinə yenidən baxmağı zəruri edir: “Cənab Prezident öz çıxışında çox önəmli bir məqama da toxundu və qeyd etdi ki, gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır: “Bölgədə xalqların dinc və təhlükəsiz şəkildə birgəyaşayışının təmin edilməsi üçün regionun yeni gündəmi müəyyənləşməlidir. Şübhəsiz ki, biz xalqımıza qarşı edilən cinayətləri unutmayacağıq. Bunu unutmaq mümkün də deyil. Amma gələcək nəsillərin firavan və təhlükəsiz həyatını təmin etmək üçün irəliyə doğru baxmalı, yeni bir səhifə açmalı, işıqlı sabahımız haqqında düşünməliyik. Və Azərbaycan gələcək haqqında düşünür və bu gələcəyin təminatçısı kimi uzaqgörən bir siyasət yürüdür”.