Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir.
Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, təhsil xərcləri ÜDM-in təqribən 3,6 faizini, elm xərcləri isə 0,2 faizini təşkil edir. O, bu iki istiqamətə ayrılan vəsaitlərə birlikdə baxılmasını məqsədəuyğun hesab etdiklərini deyib.
“İmkan olduqca, hər hansı bir sahədə qənaətlərimiz formalaşdıqca növbəti dövrlərdə də ardıcıl olaraq təhsil xərclərinin artırılmasına çalışacağıq. Çünki təhsil və elm xərcləri Azərbaycanın vətəndaşlarının, şagirdlərinin, tələbələrinin və elmi potensialının gələcək inkişafına yönəlmiş xərclərdir”, – nazir bildirib.
Nazir mədəniyyət, informasiya və gənclər siyasəti bölməsi üzrə ümumilikdə 643 milyon manat nəzərdə tutulduğunu da açıqlayıb. Onun sözlərinə görə, bu məbləğ 2025-ci ilin icra göstəricisindən 116 milyon manat və ya 22 faiz çoxdur.
Siyasi partiyalara ayrılan vəsaitə toxunan Sahil Babayev bu məbləğin bir neçə ildir dəyişmədiyini bildirib. O qeyd edib ki, vəsaitin istifadə istiqamətləri üzrə təkliflər təqdim olunarsa və onların büdcə prinsiplərinə uyğun icrası mümkün olarsa, məsələyə baxıla bilər.
Nazir deputatların qazlaşdırma ilə bağlı fikirlərinə də münasibət bildirib. Qeyd edib ki, təqdim olunan büdcənin ümumi və bölüşdürülmüş parametrlərində qaz çəkilişi nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, hökumət məqsədəuyğun hesab edərsə, qazlaşdırma işləri dövlət investisiya proqramına daxil edilə bilər.