Ermənistan dövlət sərhədində təxribatlara əl atmaqla yeni münaqişə zonası yaratmağa çalışır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 24-dən 26-dək Ordumuzun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə erməni hərbçilərin Azərbaycan Ordusunun dövlət sərhədindəki postlarına hücumu, əsgərlərimizə fiziki zor tətbiq etdiyini göstərən video yayılmışdı.
“Müdafiə Nazirliyi həmin ərazilərdə nəzarətin bərpa olunduğuna dair video yaysa da, sosial şəbəkələrdə paylaşılan görüntüləri şərh edən mütəxəssilər bildirirlər ki, ermənilərlə bizimkilərin yaydığı videodakı yerlər fərqlidir”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev son günlərdə sosial şəbəkələrdə erməni təxribatı və sərhəddə baş verən hadisələrlə bağlı Modern.az-a danışarkən deyib.
Onun sözlərinə görə, baş verən hadisələr göstərir ki, sərhəddə yerləşən əsgərlərimizin təchizatın zəif olması, texnikanın yoxluğu və qonşu bölmələrlə əlaqələrin qurulmaması xoşagəlməz sonluğa gətirib çıxarır:
“Halbuki, orada yerləşən bölmələrimiz düşmənin hərəkətlərini izləməli, rabitə əlaqələri vasitəsi ilə belə hadisələr baş verdikdə yuxarı komandanlığı dəvət etməliydi. Lakin biz orada nə rabitənin, nə atəş sisteminin qurulduğunu, nə də ehtiyatda olan qüvvələrin dərhal müdaxiləsini görürük. Bununla da məsuliyyət daşıyan şəxslər prezidentin sonuncu çıxışında erməni təxribatlarına cavab verilməsinə dair bəyanatlarını da görməzdən gəlmiş olurlar. Bu hadisəni törədən erməni əsgərləri, həm də o hadisələrin törədilməsinə şərait yaradan rəhbərlər məsuliyyət daşıyırlar. Düşünürəm ki, onlar üçün bu hadisə heç də nəticəsiz örtməyəcək”.
Ədalət Verdiyev həmçinin qeyd edib ki, bu kimi halları nəzərə alaraq, növbəti xoşagəlməz olayların baş verməməsi üçün tədbirlər görülməlidir:
“Təmas xəttində qulluq edən əsgərlərimizə çatdırılmalıdır ki, yaxınlaşan hər bir düşmən potensial təhlükədir və onlarla yalnız nizamnamənin tələblərinə uyğun davranılmalıdır. Yəni düşmənin irəllləməsi, mövqeylərimizə yaxınlaşması kimi hallarında dərhal xəbərdarlıq edilməlidir. Havaya atəş açılmalı, əgər düşmən hərəkətini dayandırmazsa, yerindəcə məhv edilməlidir. Biz eyni hadisələri keçən ilin noyabrın 26-da Hadrut ərazisində də müşahidə etmişdik. O zaman əsgərlərimiz erməni hərbçilərini əsir götürmüşdülər. Eynisini burda görməliydik. Amma əksi oldu, növbəti dəfə belə hallar diqqətə alınmalıdır”.
Aysel Məhərrəm