Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun Maliyyə dəstəyi ilə “Məcburi Köçkün gənclərin texniki peşə təhsilinə dəstək” layihəsi çərçivəsində Goranboy rayonunda məskunlaşmış məcburi köçkün gənclər arasında seminar-trenninq keçirib.
Seminar iştirakçıları əvvəlcə “Xocalı abidəsini” ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar. Seminar Xocalı soyqırımında, həmçinin digər torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi köçkün gənclərin texniki peşə təhsilinə dəstək” layihəsi haqqında məlumat verib.
Vüqar Qədirov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət proqramının” (2007-2012-ci illər) təsdiq edilməsi haqqında sərəncamından irəli gələn vəzifələr haqqında məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, əmək bazarında texniki-peşə sahəsinə tələbatın artdığını vurğulayaraq, neft sənayesi ilə bərabər qeyri-neft sektorunun inkişafında da dinamikliyin artdığını vurğulayıb.
“Regionların sosial-iqtisadi inkişafında ixtisaslı kadrların və işçi qüvvəsinin bu layihələrin həyata keçirilməsində iştiraklarını qaçılmaz edir” deyən Xocalı rayon İcra hakimiyyətinin başçısı Göyüş Həsənov bu sahəyə diqqət və marağın artırılmasının vacib olduğunu vurğulayıbı və bu məsələnin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirib.
Layihənin eksperti Şirin Möhsümöv Texniki-peşə məktəblərində səriştəli və peşəkar mütəxəssislərin yetişdirilməsi üçün maddi texniki bazanın gücləndirilməsinin, müasir tələblər səviyyəsində təchizatının vacib olduğunu vurğulayıb. O, çıxışında ölkənin dinamik inkişaf edən iqtisadiyyatının peşə – ixtisas kadrlarına tələbatının daha dolğun ödənilməsinin vacibliyi, həmçinin, müasir peşə təhsilinin üzləşdiyi problemlərin kompleks təhlilini və onun müasir əsaslarda daha səmərəli təşkilini təxirəsalınmaz olduğunu bildirib.
Seminarda Xocalı rayon Gənclər və idman idarəsinin rəis müavini Ramiz Alıyev, Xocalı rayon 1 saylı tam orta məktəbinin direktoru Vidadi Rəhimov, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının şöbə müdiri Hüseyn Əliyev və digər natiqlər texniki-peşə təhsilinə marağın artırılması və gənclərin işlə təmin olunmasında peşəkarlığın artırılmasının vacib olduğunu qeyd ediblər. Seminar iştirakşılarına dəftərxana ləvazimatları və digər marifləndirici materiallar paylanılıb.
Modern.az