İşıqlı Atalı
İnsanın sarsıntılı çağları olur, kim nə deyir-desin. Ancaq hünərli kəs odur ki, sarsıntını aşsın. Həyat çox qısadır, gözünü yumub-açırsan, ötür keçir. 3 il öncə bu gün qan qardaşım İlkinlə ayrılıq günümüz idi. Bir aylıq gecəli-gündüzlü, həyəcanlı yaşantılardan sonra həyat bizim üçün sanki donmuşdu...
O günü dədəm günortaya yaxın, anam isə axşama yaxın İlkinin diaqnozunu bildilər. Bir ay öncədən, biz bilən vaxtı bilsəydilər, dözməzdilər. İndi isə özlərini toparlayıb dura bildilər. İnsanlar belə dəhşətli məqamlarda özlərində güc tapa bilirlər. Bütün əzizi ölənlərin belə durumu olur, bilirəm.
Anam halbahal oldu. O anda Dədəmin İlkini itirəcəyini bilib fəryad qoparması indi də gözlərimin qarşısından, səsi qulaqlarımdan getmir. Ağlım kəsəndən Dədəmi heç zaman ağlayan görməmişdim. Fəryad çəkirdi, içdən qovrulurdu. Gözünün ilki əlindən gedirdi. Əlimizdən heç nə gəlmirdi.
Canın candan ayrılması çox çətin, ağrılı olur... O da ola atanın, ananın balasından birdəfəlik ayrılması.
Ölüm bizə acımır, o, həyati bir prosesdir.
İçimin hönkürtüsünü boğmağa çalışırdım...
O gecəni səhərəcən hamı dirigözlü açdı. Üzümüz-gözümüz donmuşdu, qarşıda İlkinsizliyin acısını təsəvvür belə etmək istəmirdik. Balaca ümidimiz onaydı ki, hələ nəfəs alır, deməli, yaşayır.
Dədəmin İlkinin oğlu Mətinə dediyi sözlər yadımdadır: “Böyüyəcəksən, atanın adına layiq oğul olacaqsan”.
Səhərə yaxın qardaşım keçindi. Otaqda tamam sakitlik idi. Qadınlar ağlaşdılar. Dədəmin ötkəm səsi eşidildi: “Hərə bir söz deməsin. Məni eşidin”.
...Artıq hamı İlkinlə vidalaşmışdı. Yaxınlaşdım, alnından öpdüm. Qardaşımın əzabları başa çatmışdı. Bizimsə əzablarımız yenicə başlayırdı – ölənəcən çəkəcəyimiz ayrılıq acısı.
***
İlkini basdıranda söz dedim. Hər ziyarətdə söz dedim.
İndiyə kimi yas yerlərində çox söz demişəm. Heyif ki, soydaşlarım ölüsü basdırılarkən, yas yerində söz demək istəmirlər, ona görə ki, bu yöndə ulusal ənənəmiz yaranmayıb.
Yaratmalıyıq.
***
İnam Ata (Asif Ata)
MATƏM ÜSTƏ MÜTLƏQLƏ TƏMAS
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir –
Mənada qalır.