Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif ölkələrin media nümayəndələrinə verdiyi müsahibələr dünya ictimaiyyətinin regionda baş verən proseslərlə bağlı məlumatlandırılmasında mühim əhəmiyyət kəsb edir. Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülhün təmin olunması, Fransa-Azərbaycan münasibətləri, postmüharibə dövründə ölkələrarası münasibətlərin strategiyası və digər mövzular ətrafında geniş məlumat vermişdir. Prezident cənab İlham Əliyev “Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir.
Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq" deyə bildirmişdir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini , münaqişənin həll edilmədiyini söyləməyin qeyri-səmərəli və təhlükəli olduğunu vurğulayan Prezident cənab İlham Əliyev müsahibəsində bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır, onlara muxtariyyətin verilməsinin artıq müzakirə mövzusu olmadığını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də ondan əvvəlki və sonrakı dövrlərdə, artıq mövcud olmayan Qarabağ münaqişəsi, müharibənin başlama səbəbləri, müharibənin gedişi barədə analitik şərhləri, diplomatik cavabları ilə Ermənistanın işğalçı, təcavüzkar mahiyyətini açıb göstərmiş, terrorun bu ölkə tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etmişdir. Bəzi xarici media nümayəndələrinin qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, həmçinin əsaslandırılmış cavablarla dövlətimizin haqlı mövqeyini müdafiə edərək yüksək liderlik bacarığını dünyaya nümayiş etdirmişdir.
Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bir il keçməsinə baxmayaraq, bu gün də Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə dünya mediasının gündəmindədir. Vətən müharibəsində qədirbilən xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşərək, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad olunması həm də xalq-iqtidar birliyinin parlaq təcəssümüdür.
Mahmudov Natiq
Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşı