BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin uzun illər kağız üzərində qalması, beynəlxalq vasitəçilik səylərinin nəticə verməməsi və Azərbaycanın öz gücünə arxalanaraq ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq münasibətlər sisteminin ən mühüm müzakirə mövzularından biri olaraq qalır. Azərbaycan təcrübəsi təkcə münaqişənin həlli deyil, həm də beynəlxalq hüququn real icrası, dövlətlərin suverenliyi və davamlı sülhün təmin olunması baxımından diqqət çəkir. Prezident İlham Əliyev də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu məsələyə toxunaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü hesabına icra etdiyini vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a açıqlamasında BMT Baş Assambleyasının 81-ci sessiyasının keçirildiyi dövrdə qlobal informasiya məkanında müxtəlif dövlətlərin və liderlərin beynəlxalq təhlükəsizlik strategiyaları ətrafındakı çoxsaylı şərhələri xatırladıb.
"Həmin səhnəni izləyərkən biz birinci növbədə 1990-cı illərə - Azərbaycanın müstəqillik qazanandan sonrakı dövrdə keçdiyi yola qayıtmağı zəruri saydıq. Ona görə ki, müstəqil dövlət kimi məhz BMT-nin üzvlüyünə 1992-ci ildə qəbul edilmişdik. Lakin təəssüflər olsun ki, nə Ayaz Mütəllibovun, nə də ondan sonrakı hakimiyyətin və konkret deyilərsə, Əbülfəz Elçibəyin birillik rəhbərliyi dövründə BMT tribunasından çıxış və dünyaya səslənmək imkanının nümayişini biz görmədik. Bəlkə də başa düşülən idi ki, həmin dövrdə hakimiyyət sabit bir vəziyyətə malik deyildi, daxildə çox böyük silahlı qarşıdurmalar vardı", - o deyib.
Komitə sədri vurğulayıb ki, yalnız Ulu Öndər Heydər Əliyev 1994-cü ilin 29 sentyabrında, yəni 32 il öncə bilavasitə Nyu-Yorka səfər edərək ilk dəfə Azərbaycan müstəqil dövlətinin lideri kimi çox prinsipial, mühüm açıqlamalar verib:
"Orada ümumilli lider Heydər Əliyev Ermənistana səsləndi, ərazilərimizin işğalı problemini vurğuladı, qəbul edilən və siyasi-mənəvi cəhətdən Azərbaycanın haqq işinə dəstək olan qətnamələrin əhəmiyyətini qeyd etdi. Amma o biri yandan xəbərdarlıq etdi ki, əgər o qətnamələr icra olunmursa, bu, BMT-nin həm də bir təsisat kimi maraqlarına zərbədir. Hesab edirik ki, bu, kifayət qədər strateji bir yanaşma idi. Çünki coğrafi miqyasına və əhali sayına görə böyük olmayan bir ölkənin az qala BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə göstərdiyi yol xarakteri daşıya bilərdi".

Zahid Oruc təəssüf hissi ilə qeyd edib ki, həmin qurumun mandat verdiyi Minsk Qrupu, onun həmsədrləri və əsasən də Təhlükəsizlik Şurasında yer alan beş dövlətdən üçünün Qarabağa pasiv şəkildə cəlb olunması ötən illər ərzində bu cür təsisatların qlobal siyasətdəki yerini aşındırıb və ölkə rəhbərinin dediyi kimi, Azərbaycan o sadəlöhv mərhələdən çıxıb:
"Məhz 81-ci sessiyada çox yerinə düşərdi ki, Azərbaycanın nümayəndəsini müzakirə etməkdənsə, dünyada sülhün və təhlükəsizliyin qorunmasına ən böyük töhfə olan Qarabağ qələbəsini gündəmə daxil edərdilər. Biz bunu çox arzulardıq. Çünki bu, cənab Prezidentin yeddinci Mədəniyyətlərarası Dialoq platformasındakı çıxışında söylədiyi kimi, yalnız torpaq bütövlüyü və suverenliyə nail olduqdan sonra hədəfə çatmaq üçün yox, həm də qlobal təhlükəsizlik sisteminin çöktüyü bir şəraitdə çıxış yollarının tapılması baxımından mühümdür".
Deputat əlavə edib ki, indiki dövrdə yeni dünya düzəni formalaşır və xaos şəraitində bir dövlət digərinə qarşı heç bir BMT qərarı olmadan belə daxil ola bilir:
"Biz Azərbaycan olaraq qələbəni əldə etdikdən sonra hüquqi prinsiplər üzərində yeni dünya nizamının formalaşmasını çox istəyirik və bu istiqamətdə real addımlar atırıq. Azərbaycanın yaxın Şərqdəki proseslərə, sülh şurasına qatılması, İraqdan, Kosovodan tutmuş Əfqanıstana qədər sülh missiyalarına qoşulması bunun əyani sübutudur. Dövlətimiz qlobal sülhə töhfə verir, amma bunu bəzən BMT xətti ilə həyata keçirməsək də, bunu da müsbət qiymətləndirmək lazımdır".