Vahid məktəbli fomrası ilə bağlı Nazirlər Kabinetinin qərarından sonra, Türkiyədə bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası başladıldı. Hətta bu qruplar xeyli irəli gedərək Azərbaycan rəhbərliyi barədə hədyanlar yaydılar. Bütün bunlara Türkiyədə ilk və təsirli reaksiyanı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı verdi. O, Azərbaycan Prezidentinə qarşı səsləndirilən təhqirlərə və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə sərt münasibət bildirərək ölkəmizi müdafiə etdi.
Bağçalının bu mövqeyi Azərbaycan - Türkiyə münasibətlərinin gündəmdə olduğu bir vaxtda diqqət çəkir. İndi sosial şəbəkələrdə onun Azərbaycana mümkün səfəri məsələsi gündəmə gəlib. Hazırda MHP sədrinin Azərbaycana mümkün səfəri müzakirə mövzularından biridir.
Milliyyətçi Hərəkat Partiyasının deputatları Fethi Yıldız və Kamil Aydın məsələ ilə bağlı Modern.az-a qəti fikir bildirə bilməyəcəklərini deyiblər. Onlar bu barədə məlumatı ancaq partiyanın sədri Dövlət Bağçalının açıqlaya biləcəyini söyləyiblər.
Dövlət Bağçalının mümkün səfəri ilə bağlı Azərbaycan Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da danışıb. O bildirib ki, MHP başqanı Türkiyənin ictimai-siyasi həyatında xüsusi yeri olan, türk milliyyətçiliyini təmsil edən və ölkənin çətin dövrlərində dövlətin yanında dayanmış siyasi xadimdir.
T.Rüstəmxanlının sözlərinə görə, Bağçalı Türkiyənin daxilində parçalanma təhlükələrinin və PKK ilə bağlı gərginliyin artdığı dövrlərdə tutduğu mövqe ilə seçilib. Deputat hesab edir ki, onun siyasi nüfuzu və dövlətçilik mövqeyi Türkiyənin təhlükəsizliyi, eləcə də türk dünyasının birliyi baxımından əhəmiyyətli olub.
T.Rüstəmxanlı qeyd edib ki, Dövlət Bağçalı siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanla bağlı məsələlərdə hər zaman ölkəmizin yanında olub və Azərbaycanın maraqlarını müdafiə edib.
“Dövlət BağçalıTürk Dövlətləri Təşkilatının təməlinin hazırlanmasına illərini vermiş adamdır. Neçə illərdir söylədikləri, mübarizəsi elə bu birliyin yaranması üçün idi. Bu gün o həyata keçib. Türk Dövlətləri Təşkilatının Azərbaycan və Türkiyənin öndərliyində olduğunu bildiyinə görə, düşünürəm ki, Dövlət bəy Azərbaycanla Türkiyə arasındakı münasibətlərin pozulmaması üçün əlindən gələn hər şeyi edə bilər. Onun Azərbaycana səfəri baş tutarsa, heç təəccüblənmərəm”, - deyə deputat bildirib.

Tənzilə Rüstəmxanlı Dövlət Bağçalının Azərbaycan - Türkiyə münasibətlərində əvvəlki illərdə də mühüm rol oynadığını xatırladıb. Deputatın sözlərinə görə, 2009-cu ildə Ermənistanla sərhədlərin açılması məsələsinin gündəmdə olduğu və Bursada Azərbaycan bayrağına qarşı hörmətsizliklə bağlı gərginliyin yaşandığı dövrdə də MHP sədri Azərbaycanın mövqeyini müdafiə edib.
T.Rüstəmxanlı vurğulayıb ki, uzun illərdir tanıdığı Dövlət Bağçalı Azərbaycan - Türkiyə münasibətlərində yarana biləcək böhranların aradan qaldırılması üçün siyasi mövqeyini ortaya qoyan şəxslərdəndir.
Deputat əlavə edib ki, Azərbaycan Prezidentinə qarşı səsləndirilən təhqirlərə və Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə münasibət bildirən ilk siyasi liderlərdən birinin Dövlət Bağçalı olması onun mövqeyini bir daha nümayiş etdirir:
“Dövlət Bağçalı çox böyük şəxsiyyətdir, böyük dövlət adamıdır. Onun Azərbaycana gəlməsi iki dövlət arasındakı münasibətlərin düzəlməsinə, əlaqələrin qırılmamasına çox önəmli töhfə verə bilər. Münasibətlər həssas bir dövrdən keçir. Belə bir səfər baş tutması münasib sayılar”.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Türkiyə - Azərbaycan münasibətlərinin dövlətlərarası xarakter daşıdığını və bu əlaqələrin siyasi sistemlər səviyyəsində də qarşılıqlı şəkildə inkişaf etməli olduğunu bildirib.
Onun sözlərinə görə, siyasi partiyalar, xüsusilə parlamentdə təmsil olunan siyasi qüvvələr xalq iradəsini ifadə edir və onların fəaliyyəti xalqın verdiyi mandat əsasında həyata keçirilir.
Deputat qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribat cəhdlərinə Türkiyə tərəfinin hüquqi və obyektiv cavab verməsi Azərbaycan nümayəndə heyəti tərəfindən də müsbət qarşılanıb.

H.Babaoğlu Dövlət Bağçalının Azərbaycana mümkün səfəri ilə bağlı ehtimalın mövcud olduğunu deyib:
“Oktyabrın 23-də Azərbaycan səfiri məhz Dövlət Bağçalı ilə görüşdü. Ona görə də mümkündür ki, onun Azərbaycana səfəri baş tutsun. Belə bir ehtimal var. Dövlət Bağçalı 2002-ci ildə baş nazirin müavini olarkən Azərbaycana səfər edib və Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunub. Onun türk dünyası ilə bağlı səsləndirdiyi son fikirlər də ölkə başçısı cənab İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” ifadəsi ilə uzlaşdığını vurğulayıb. Bu məqam da mümkün səfər ehtimalını gücləndirir".