Binə qəsəbəsindəyik. Yol kənarındakı izdihamı görüb ayaq saxlayırıq. İnsanlar şam işığına yığışan pərvanələr kimi nəyinsə başına toplaşmışdılar. Nə idi bu qədər insanı buraya toplayan? Bəli, bu qələbəliyin səbəbi artıq bizə məlum oldu. Bu məkanda şəhid adına açılan bulağın gözündən axan su damcıları göz yaşlarına qarışmışdı. Su da boğazda qalar mı? Şəhid ruhunun dolaşdığı ünvanda buna da şahid olduq. Udquna-udquna içildi sular. Həyatını qurban verənlərin adına həyat rəmzi olan su çeşməsi ithaf edilmişdi.
Modern.az xəbər verir ki, MediaTürk TV-nin əməkdaşları Vətən müharibəsinin ildönümü ərəfəsində Şəhid Cəmil Səlimovun ailəsinə baş çəkib.
Dəvət üzərindən Şəhid bulağından, evinə yol alırıq. Otağa daxil olar-olmaz Şəhid Cəmil Səlimovun böyük portreti, məğrur baxışları bizi qarşılayır. Həkimlik necə müqəddəs peşədirsə, hərbi həkimlik ondan da uca zirvədir. Axı sən dağlarda, düzlərdə ailə qayğısından uzaq neçə-neçə əsgərin, döyüşçünün qayğısını çəkir, sağlamlığının keşiyində dayanırsan. Cəmilin Anası Təranə xanım dərin ah çəkib, oğulllu günlərindən söz açır: “Evə gələndə də ən çox krassvord oynayardı. Mən də ona kömək olardım. Məni o müalicə edirdi. İynələrimə, dərmanlarıma. Amma çox az-az görürdüm onu”.
Atasının adını vermişdi oğluna Oktay bəy. Deyir, Cəmilin uşaqlıqdan böyük həvəsi var imiş hərb sənətinə: “ Uşaqkən hərbi verilişə baxırdı. Deyirdi qoyun baxım, sonra nə iş deyirsizsə edəcəm”.
Atası onun hərbiçi olmasını istəməsə də Cəmil arzularının ardınca getməkdən çəkinməyib: “Dedim gəl aeroportda işlə, razı olmadı. Bir neçə dəfə maneə olsa da o, bu dəfə qəbul oldu. Dedi bu dəfə də məni qoymasan, ata, inciyərəm səndən”.

Şəhidimizin uşaqlıqdan atasız böyüyən nişanlısı Xəyalə xanım onda ən çox ata nəvazişini sevdiyini deyir. Xəyalə deyir Cəmil yaxşı ki şəhid olub. Biz gec-tezi o dünyaya köçəcəyik, amma o bizdən tez ayrılsa da indi çox gözəl yerdədir.” Bunu Cəmil də istəyirmiş. Son danışıqlarında ona şəhadətin ola biləcəyini deyirmiş.
Xəyalə son danışığında nişanlısı ilə olan vidalaşmayıb, elə bu səbəbdən özünü çox qınayır. Taleyin onun üçün nə sürpriz hazırladığını haradan biləydi. Bilməzdi, səsi qulaqlarından heç bir zaman getməyən yarı ilə son dəfə danışacağını. Qarşıda onu gözləyən həsrət, qürur dolu günləri.
Cəmilin 29 il yaşadığı evindən, onun əbədi mənzilinin yer aldığı Binə Şəhidlər Xiyabanına gəlirik. Şəhid yaşıdları ilə bir yerdə uyuyan Cəmilin qarşısında ucaldığı zirvənin heyrətindən, onun cismani yoxluğunun üzüntüsündən susmuşdu hər kəs. Hamı ürəyində danışırdı əlləri şəfalı həkimlə. Cəmildən ayrılmağın zamanı gəldi. amma bu gün burada - Cəmil və onun məzar yoldaşlarının qarşısında bizim başımız dikdirsə bunun səbəbkarı bu məzarlıqda yatan qəhrəmanlardır. Cəmilsiz keçən hüzün dolu tarixdən 1 il ötür...