Cəmi bir neçə il əvvəl Azərbaycanda gömrük sistemi qapalı, mürəkkəb, vətəndaşların əziyyət çəkdiyi bir sahə kimi tanınırdı. Gömrük nəzarət məntəqələrindəki problemlərdən həm sıravi vətəndaşlar, həm də gömrükdən mal keçirən şirkətlər narazılıq edirdi. Tez-tez mətbuatda müxtəlif sərhəd-keçid məntəqələrindən giley-güzar dolu reportajlar dərc olunurdu.
Məmur-sahibkar təması minimuma endirilib
Lakin son illər vergi sahəsində olduğu kimi, gömrük sistemində də ciddi islahatlar aparılıb. İslahatların əksəriyyəti bu sahədəki prosedurların asanlaşdırılmasına, insanların xidmətlərdən rahat istifadəsinə, bu sahədə sənədləşmə üçün tələb olunan vaxt sərfinin azaldılmasına yönəlib. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin olunub, gömrük postlarında qeydiyyat prosedurları asanlaşdırılıb. Gömrük xidməti mədəniyyətinin yüksəldilməsi, məmur-sahibkar təması minimuma endirilməsi nəticəsində şəffaflıq təmin edilib, vətəndaşlar lazımsız xərclərdən azad olunub.
Aparılan islahatlar çərçivəsində “e-gömrük” layihəsi , sərhəd-keçid məntəqələrində "bir pəncərə" proqramı, “Yaşıl dəhliz" prinsiplərinin tətbiqini xüsusi qeyd etmək lazımdır. Təkcə “Yaşıl dəhliz” layihəsinin tətbiqi nəticəsində buraxılış məntəqələrində idxal-ixrac əməliyyatları sadələşdirilib, bu da öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsinə təsir göstərib. Artıq 60-a yaxın iqtisadi operatorla "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib. Məlum olduğu kimi, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsidir. Burada isə "Bir pəncərə" prinsipinin tətbiqi çox vacib əhəmiyyət daşıyır.
Fərid Vəliyev: “Tranzit yüklərin daşınmasında ciddi hədəflər qoyulub”
Lakin Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi bir sıra ciddi layihələr var ki, onlar haqqında ictimaiyyətdə geniş məlumat yoxdur. Məsələn, bunlardan biri ölkənin tranzit potensialının yüksəlməsinə yönələn TIR-EPD layihəsidir.
Dövlət Gömrük Komitəsinin tranzit əməliyyatları şöbəsinin rəisi Fərid Vəliyev qeyd edir ki, gömrük orqanları tərəfindən tranzitin inkişafına yönəlik ciddi tədbirlər görülməkdədir. Bu zaman beynəlxalq daşımalar zamanı gömrük prosedurlarının və sərhəd-keçid əməliyyatlarının sadələşdirilməsinə xüsusi diqqət verilir:
“Prezidentin “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1853 nömrəli Sərəncamı ilə Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, daşımaların sənədləşmənin sadələşdirilməsi, ümumilikdə xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması həvalə olunub. Digər tərəfdən, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabət qabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclərin optimallaşdırılması kimi hədəflər müəyyən olunub”.
Beynəlxalq daşımalarda kağızdan istifadəyə son
Fərid Vəliyev qeyd edir ki, bu hədəflərə çatmaq üçün görülən işlər arasında TIR EPD sisteminin tətbiqi ilə bağlı məsələ mühüm addımlardan biridir. TIR-EPD (İlkin məlumat mübadiləsi sistemi) - Beynəlxalq Yük Daşımaları haqqında Gömrük Konvensiyası (BYD Konvensiyası) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sistemidir. Bu sistemin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi 1 ay ərzində pilot qaydada tətbiq ediləcək.
“Sistemin tətbiqi BYD daşımaları zamanı mal və nəqliyyat vasitələri barədə məlumatlar əvvəlcədən elektron qaydada təqdim olunur. Əvvəlcədən gömrük orqanlarına təqdim edilmiş məlumatlar əsasında gömrük nəzarətinin həyata keçirilməsi məlumatlandırma və qeydiyyat mərhələsində, eləcə də risklərin analizi sahəsində səmərəliliyin artırılmasına gətirib çıxarır. Bu da öz növbəsində, BYD kitabçası ilə həyata keçirilən daşımalar zamanı prioritet qaydada sərhəd keçidinə nail olunması istiqamətində əsas addımlardan birini təşkil edir. Ölkəmizdə bu sistemin tətbiqi BYD daşımalarının tam elektronlaşdırılmasını nəzərdə tutan eTIR pilot layihələrinin həyata keçirilməsi məqsədilə görülən mühüm hazırlıq tədbirlərindən biridir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı və BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən təqdim olunan bu xidmət gömrük orqanların üçün hüququ bazanı təşkil edən sənəd rolunu təşkil edir”.
TIR-EPD sistemi 36 ölkədə tətbiq olunur
Hazırda BYD konvensiyasının 74 tərəf dövləti var. Bunlardan yalnız 62-də BYD proseduru tətbiq olunmaq üçün açıqdır və yalnız 36 ölkədə TIR EPD sistemi tətbiq olunur. TIR EPD sistemi – kağız istifadəsinə son qoyan aparıcı texnologiyadır. Gömrük prosedurlarını asanlaşdırır, yüklərin sənədləşməsi müddətini azaldır. Ofisdən çıxmadan bəyannamə vermək, yükün sənədləşməsini bütün mərhələlərdə nəzarətdə saxlamağa imkan verir. Çünki yükün çıxarılması haqda məlumat elektron halda göndərilir. Bir sözlə, yüklərin gömrük sənədləşməsi 100 faiz elektron halda aparılır. Və tamamilə pulsuz həyata keçirilir.
Vaxtanq Zarandiya: “Elektron bəyannamələr tam qorunur”
Beynəlxalq ekspertlər də TIR-EPD sisteminin fərqli üstünlüklərə malik olduğunu təsdiqləyirlər. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) TIR şəbəkəsinin bölmə rəhbəri Vaxtanq Zarandiya qeyd edir ki, TIR-EPD modulunun üstünlüklərindən biri də onun istifadəçilər üçün pulsuz olmasıdır: “Bəyannamələr sistemdə qeydə alınır və tam müdafiə olunur. Elektron bəyannamələri bu sistemə qoşulan 36 ölkəyə əvvəlcədən göndərmək olar. Bu modul gömrük məlumatını çevik əldə etməyə imkan yaradır. Nəticədə əgər bəyannamədə səhvlər olarsa, onu yenidən düzgün formada tərtib etməyə vaxt qalır. Bütün bu funksiyalar sayəsində avtomobillər gömrük məntəqəsinə gəlib çatana qədər yükün daşınması ilə əlaqədar yarana biləcək risklərdən xəbərdar olurlar. Daşınma müddəti azalır”.
Beynəlxalq ekspert deyir ki, TIR-EPD sisteminin köməyilə hətta təcrübəsiz istifadəçilər də bəyannaməni doldura bilər. buna 10 dəqiqədən çox vaxt lazım deyil. Gömrük brokerlərinin xidmətinə ehtiyac qalmır.
Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. Artıq gömrük ödənişlərinin "ASAN Pay" sistemi vasitəsilə həyata keçirilməsinə başlanılır.
2018-ci ildə Dövlət Gömrük Komitəsinə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib. Ötən ilin 11 ayı ərzində 405 min gömrük bəyannaməsi, 1 milyon 221 minə yaxın sərnişin bəyannaməsi, 1 milyona yaxın elektron ödənişlər olub. Bu sahələrdə artım tendensiyası davam edir.
İlham Əliyev: “İslahatların nəticələrini sonrakı illərdə də görəcəyik”
Aparılan islahatlar dövlət başçısı səviyyəsində yüksək dəyərləndirilib. Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev bildirib ki, gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır: “Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq”.
Prezident İlham Əliyev bir daha qeyd edib ki, gömrük sahəsində yeni yanaşma mövcuddur. Artıq bu sahədə şəffaflıq, dürüstlük təmin edilir, tam sağlamlaşdırma prosesi gedir.
Ekspert: “Gömrükdə islahatların dərinləşməsi sahibkarlığın inkişafına təkan verəcək”
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Nazirlər Kabinetinin müşavirəsində gömrük sahəsində aparılan islahatların xüsusi vurğulanması, bu sahədəki problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı tapşırıqların verilməsi də, Azərbaycanda növbəti mərhələdə gömrük sistemində növbəti islahatların həyata keçməsindən, şəffaflığın daha da dərinləşdiriləcəyindən, prosedurların elektronlaşdırılmasının tətbiqindən xəbər verir.
Ekspert xatırladır ki, vergi kimi, gömrük sektoru da respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması baxımından vacibdir. Çünki Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinin formalaşmasında, vergi daxilolmalarına töhfə verən aparıcı dövlət qurumudur: “Eyni zamanda, bu qurum iqtisadi islahatların, iqtisadiyyatın liberallaşmasında, həmçinin sahibkarlığın inkişafı baxımından da vacib institutdur. Bu qurumun fəaliyyəti bilavasitə sahibkarlığın inkişafını təşviq edir və bu baxımdan gömrük sistemində islahatların dərinləşməsi sahibkarlığın inkişafına yeni təkan verəcək”.
Ümumilikdə, Gömrük Xidməti innovativ, güclü, stabil və tamamilə avtomatlaşdırılmış, eyni zamanda beynəlxalq ticarətin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyən bir xidmət kimi tanınmağı hədəfləyir. Bu xidmət beynəlxalq aləmdə mövcud olan qabaqcıl təcrübələrdən bəhrələnməklə xalqımızın sosial rifahının yüksəldilməsi, beynəlxalq ticarətin asanlaşdırılması, təhlükəsizliyin təmin olunması istiqamətində çalışır, Azərbaycanın regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi üçün müxtəlif layihələri reallaşdırır.
Aparılan islahatlar, bu yazıda barəsində qeyd olunan proqramlar, tətbiqi nəzərdə tutulan digər layihələr sübut edir ki, Dövlət Gömrük Komitəsi bu missiyanı həyata keçirməkdə israrlı və qadirdir.
Fərəh Sabirqızı