Modern.az

Bayrağımız qürur mənbəyimizdir

Bayrağımız qürur mənbəyimizdir

Aktual

5 Noyabr 2021, 10:32

 

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycanın daxilində və xaricində yaşayan vətəndaşlarının birliyinin, eyni ideya ətrafında vahid halda birləşməsinin başlıca  göstəricisidir. Dövlətimizin müqəddəs rəmzlərindən biri olan bayraq Azərbaycan millətinin mövcudluğunun bariz dəlili və müstəqil dövlətə sahib olmaq anlayışının əsas göstəricisidir. Müasir Azərbaycan Respublikasının üçrəngli bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Üçrəngli bayraq həmin dövrdən 1920-ci ilin aprel ayınadək dövlət bayrağı statusuna malik olmuşdur. Üçrəngli Dövlət bayrağı yetmiş ildən sonra yenidən 1990-cı il noyabrın 17-də Naxçıvanda dalğalanmışdır. Bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilmiş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını yenidən bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın    9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. 

 

İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan dövlətinin ideoloqu olan Əli bəy Hüseynzadə irəliyə sürmüşdü. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

Mavi rəng Azərbaycan xalqının türk mənşəyindən gəlməsini bildirir və türkçülük ideyası ilə bağlıdır. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.

 

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı yaratmaq və onu inkişaf etdirmək, ümumillikdə müasirləşməni, inkişafa meyilliliyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində müsbət istiqamətdə böyük dəyişikliklər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi. Yaşıl rəng – İslam sivilizasiyasına aid olub, islam dininə mənsubluğu ifadə edir.

 

Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə isə müxtəlif fikirlər mövcuddur. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Qısa desək, bayrağın üzərindəki aypara türk xalqlarına aid simvoldur. Səkkizguşəli ulduzun mənasına gəlincə isə bəzi müəlliflər deyir ki, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, köhnə əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılıb. Digər tarixçilərin fikrinə görə isə, tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağındakı ulduz Azərbaycan memarlıq üslubunda da geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvolu kimi də başa düşülür.

 

Üçrəngli bayraqdan istifadə qaydaları Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadəsi qaydaları haqqında qanunla tənzimlənir. Bu qanun 8 iyun 2004-cü ildə qüvvəyə minib. Qanun layihəsi 12 maddədən ibarətdir. Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Eləcə də  Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür. Qeyd etmək istərdim ki, Cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən. Azərbaycan Respublikasının üçrəngli bayrağına qarşı hörmətsizlik, ya hər hansı təhqiredici hərəkət bir ildən iki ilədək azadlıqdan məhrum olma ilə nəticələnə bilər.

 

2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Prezidentimiz İlham Əliyev demişdir: “Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.

 

Və bu gün artıq pəncərədən baxanda 2021-ci ilin noyabr ayını görürük. Ali Baş Komandanımızın 2010-cu ildə söylədiyi fikirlər, arzular və ümidlər artıq gerçək. olub Cənab Prezidentimizin qətiyyəti, səbri və qüdrətli Azərbaycan ordusuna komandanlığı ilə biz 44 günlük şanlı “Vətən Müharibəsi” ilə illərlə işğal altında olan torpaqlarımızı azad edə bildik. Və illər öncə səslənmiş fikirlər indi gercəkdir, möhtəşəm üçrəngli bayraq artıq Şuşada, Laçında, Zəngilanda, Kəlbəcərdə və bütün Qarabağımızda dalğalanır.

 

Biz də çağdaş nəsil olaraq babalarımızın və atalarımızın əmanəti olan bu üçrəngli bayrağı göz bəbəyimiz kimi qorumalı və gələcək nəsillərə ərməğan etməliyik. Çünki ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.

 

Zeynal Rəşidli, “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?