İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
8 Noyabr Zəfər Gününü və 9 Noyabr Dövlət Bayrağı Gününün təqvimdəki ardıcıllığı tarixi proseslər nəticəsində ortaya çıxan mənzərə olsa da, Azərbaycan xalqının torpağına və bayrağına olan münasibətini, dərin sevgisini əks etdirir. Bu ardıcıllıq təməlində böyük Vətən sevgisi dayanan siyasətin nəticəsində ortaya çıxan reallıqdır.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda böyük qəhrəmanlıqlar nümayiş etdirən əsgər və zabitlərimizin bayrağımıza olan nəhayətsiz sevgisi, azad edilən hər bir yaşayış məntəqəsinə, yüksəkliyə Azərbaycan bayrağının sancılması, nümayiş etdirilən fədakarlıq iki böyük bayramın təqvimdəki ardıcıllığını təmin edən torpaq, bayraq sevgisinin, həmçinin İlahi Ədalətin təntənəsidir:
“1918-ci il noyabrın 9-da müqəddəs üçrəngli bayrağımız ilk dəfə Azərbaycan parlamentinin binası üzərində dalğalananda da, 1990-cı il niyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyasında muxtar respublikanın dövlət bayrağı olaraq təsdiq ediləndə də, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət bayrağı elan ediləndə də ermənilərin 200 ilə yaxın bir zaman kəsiyində davam edən xəyanətləri, qanlı cinayətləri ilə qarşı-qarşıya idik. Otən il Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etməsi, erməni millətçiliyinin başını əzməsi Bayraq Günümüzə tamamilə fərqli bir məna verdi, onu qəhrəmanlığın, cəsarətin, mərdliyin simvoluna çevirdi. Üçrəngli bayrağımızın daim ucalarda dalğalandırılmasını azərbaycanlılar üçün əsas milli hədəfə, məqsədə çevirdi”. Azər Kərimlinin sözlərinə görə Zəfər və Bayraq günləri xalqımızın böyüklüyünü, əzəmətini, dövlətimizin qüdrətini, Ordumuzun mətinliyini, milli irədimizin qarşısı alınmaz olduğunu nümayiş etdirən bayramlardır: “Bu bayramlar eyni zamanda milli birliyimizin qarşısıalınmaz olduğunu göstərir, bizi gələcəyə daha böyük ümidlərlə baxmağa sövq edir. İndi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı qürurla, əzəmətlə dalğalanır. Bu qüruru və hər iki bayramın sonsuz sevincini bizlərə bəxş edən şəhid və qazilərimiz, Azərbaycan Ordusunun rəşadətli əsgər və zabirləri və təbii ki, Müzəffər Ali Baş Komandanımızdır”.