Rusiya prezidenti Vladimir Putinin prezident kürsüsünə ikinci dəfə yiyələnməsindən sonra Azərbaycanı təhdid edən Avrasiya İttifaqı təhlükəsi bir az da qabarıqlaşdı. Aşqabad sammitində də Putinin Avrasiya İttifaqı ideyasını yenidən gündəmə gətirdi. Azərbaycan mediasının siyasi yazarları xəyali İttifaqa daxil olma prinsiplərini necə görürlər? Avrasiya İttifaqı ölkəmizə nə vəd edir?
“Yeni Azərbaycan” qəzetinin siyasi yazarı Nurlan Qələndərli:
- Rusiyanın belə bir strategiyanın reallaşdırmasında ən asan və ən effektiv vasitə postsovet ölkələrinin bu ittifaqa daxil olması idi. Azərbaycan da bir sıra postsovet ölkələr kimi Qərbə inteqrasiya eyni zamanda balanslaşdırma siyasətini əsas götürdu. Burada təkcə təhdidlərdən söhbət gedə bilməz. Əslində Azərbaycanın xarici siyasi strategiyasında tutmalı olduğu və tutduğu yol bu gün konkret bloklara, yaxud da hərbi-siyasi xarakterli ittifaqlara qoşulmaq yox, çoxsektorlu balanslaşdırılmış xarici siyasətin davam etdirməkdir ki, bu gün də bu konteksdə Azərbaycanın Avrasiya İttifaqına münasibəti məhz bu cürdür. Əlbəttə, ora daxil olsaq, burada müəyyən mənada suverenliyin məhdudlaşdırılması və eyni zamanda müəyyən iqtisadi məhdudlaşmalar gündəmə gələcəkdir ki, bu da Azərbaycanın milli maraqlarına uyğun deyil. Azərbaycanın xarici siyasəti bu gün olduqca doğrudur ki, bu, Avrasiya İttifaqı məsələsində tələsmir. Eyni zamanda, Rusiya ilə ikitərəfli münasibətlərin qorunmasında Azərbaycan maraqlıdır. Bu gün ən doğru yol məhz Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir, nəinki Avrasiya İttifaqına daxil olma. Kifayət qədər hərbi-siyasi, iqtisadi xarakterli təhdidlər var, amma eyni zamanda burada Azərbaycan istisna olmaqla, bəzi postsovet ölkələrinin milli maraqlarına uyğun ola bilər, amma Azərbaycan üçün bu gün Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi daha məqbuldur”.
“Azadlıq” qəzetinin siyasi yazarı Alı Rza məsələ ilə bağlı dərin politoloji rəy verə bildirməyi bacarmasa da ,amma bir vətəndaş kimi öz mövqeyini bildirib:
“Azərbaycanın təhlükəsizlik siyasətini Rusiyada görmürəm. Mən Azərbaycanın təhlükəsizlik məsələlərini Rusiyaya həvalə edilməsini istəməzdim. Azərbaycan hökumətinin hələ ki Rusiyanın bu layihələrinə, bu Avrasiya İttifaqı ideyasına qoşulmağı çox yaxşıdır. Həm də onunla əlaqələndirirəm ki, sadəcə olaraq, Rusiyanın özü də əvvəlki Rusiya deyil. Əvvəlki dövlət deyil ki, təzyiqlərinə dövlətlər asanlıqla boyun əysinlər. Mən Azərbaycan hakimiyyətinin Azərbaycanı ayrıca bir ada kimi saxlamaq siyasətini də bəyənmirəm. Bu doğru deyil. Azərbaycanın işıqlı gələcəyi NATO və Avropa Birliyinə qoşulmasıdır”.
“Mediaforum”saytının baş redaktoru Azər Qaraçənli mövzu ilə bağlı bunları deyib: “Azərbaycan xalqı ən azı 200 ildir ki, iki imperiyadan əziyyət çəkir, biri Rus imperiyasıdır, biri İran imperiyası. Baxmayaraq ki, Quzey Azərbaycan müstəqilliyini bərpa edib Rusiyadan ayrılıb. SSRİ-nin bir hissəsi dağılıb, Rusiyanın indi də əsarətdə saxladığı xalqlar var. Azərbaycan isə Rusiyanın əsarətindən çıxıb öz müstəqilliyini qurub. Amma hələ də Rusiya və onun dövlət adamları xüsusilə də Putin bu imperiyanın ambisiyalarında əl çəkmir. Yenidən prezident postuna qayıdandan sonra da onun bu ambisiyaları özünü daha qabarıq göstərir. Azərbaycan dövləti belə birliklərə qoşulmaq istəmir və düz də edir. Sadəcə olaraq, burada iki məsələ var, nə qədər ki, Rusiya imperiya ambisiyasından əl çəkmir, biz Rusiyanın yaratdığı birliklərə qoşulmamalıyıq Rusiya güclü, xain və bizə düşmən dövlətdir. Mən Rusiyanın yaratdığı birliklərə qoşulmamağın tərəfdarıyam, amma bir yandan da biz bu addımlarda ayıq-sayıq olmalıyıq. Bir az diplomatik yollarla, bir az uzada-uzada elə etməliyik ki, Rusiyanı çox da qıcıqlandırmayaq”.
“Yeni Müsavat” qəzetinin siyasi yazarı Azər Rəşidoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-ni yeni adda bərpa etmək istəyir və bu məqsədlə də Avrasiya İttifaqının yaradılması və Azərbaycanın da quruma daxil olması istiqamətində qəti mövqe nümayiş etdirir: “Azərbaycanın yeni quruma üzv olması Kreml üçün taleyüklü məsələdir. Sirr deyil ki, Ermənistanın Rusiya ilə ümumi sərhədi olmadığına görə düşmən dövlət bu layihədə iştirak edə bilmir. Odur ki, bu məsələdə Azərbaycanın mövqeyi həlledici sayılır. Avrasiya İttifaqına üzv olmaq rəsmi Bakı üçün ağır problemlər yarada bilər. Lakin Moskvanın təzyiqləri artırdığı bir zamanda Kremlin qəzəbindən yaxa qurtarmaq Azərbaycan hakimiyyəti üçün az qala ölüm-dirim məsələsinə çevrilib. Görünür, rəsmi Bakı da anlayır ki, Avrasiya İttifaqının yaradılması uzun müddət tələb edir və belə bir perspektiv də aydın görünmür, odur ki, bu yolla V.Putinin “könlünü almaq” və təzyiqləri azaltmaq istəyir. Lakin belə bir iddia da var ki, rəsmi Bakının tez-tez aldadıcı manevrlər etməsi Kremlin “səbr kasasını” daşırıb. Bu baxımdan, güman etmək olar ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərinə qədər Moskva Azərbaycanı Avrasiya İttifaqına üzv etmək istəyir. İstənilən halda Azərbaycanın “Yeni SSRİ”yə daxil olunması yalnız hakimiyyətə təzyiqlərin azaldılacağı ilə məhdudlaşa bilməz. İctimai rəyə sanballı izahatlar vermək lazım olacaq. Azərbaycan hakimiyyəti yeni quruma üzvlüyün ölkə ilə bağlı hansısa uğurlara səbəb olacağını izah etməlidir. Bu isə asan məsələ deyil.
Hələlik Kreml nümayiş etdirir ki, Avrasiya İttifaqına üzv olacağı təqdirdə, Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa edə bilər. Odur ki, rəsmi Bakı konkret suala cavab tapmalıdır - Azərbaycan yeni quruma üzv olarsa, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində konkret addımlar atacaqmı? Əgər bu sahədə irəliləyiş olmayacaqsa, Azərbaycan hakimiyyəti özünü daha ağır duruma sala bilər. Unutmaq olmaz ki, Rusiya öz forpostu olan Ermənistanın da mövqeyini nəzərə almaya bilməz. Odur ki, ehtimal etmək olar ki, Avrasiya İttifaqına qəbul zamanı Azərbaycandan Qarabağ münaqişəsi ilə bağlı yenidən güzəştlər tələb olunsun. Küncə sıxışdırılan iqtidarın isə güzəştlər limiti artıq bitib. Odur ki, Bakı Rusiyanın təzyiqi ilə əlavə güzəştlərə istəsə belə, gedə bilməyəcək.
Azərbaycan hakimiyyəti onu xeyli dərəcədə zəiflədəcək islahatlardan yayına bilməkdən ötrü Rusiya ilə yaxınlaşmağa üstünlük verə bilər. Lakin son günlər Kremlin Bakıya təzyiqlərini artırması onu deməyə əsas verir ki, Moskva Bakını tam özündən asılı vəziyyətə salmağa cəhd edir. Necə deyərlər, artıq “Moskva göz yaşlarına inanmır”. Kremlə rəsmi Bakının konkret addımları lazımdır. Əks təqdirdə, Rusiya ən ağlasığmaz addımları ata bilər. Moskvanın şərtləri ilə razılaşmaq isə ölkənin taleyinə zərbə vurmaqla yanaşı, iqtidarı uçuruma sürükləyə bilər”.
“Olaylar”qəzetinin siyasi şərhçisi Elman Cəfərli: “Putin ikinci dəfə prezident seçiləndən sonra Rusiyanın imperiya ambisiyalarının güclənəcəyi gözlənilirdi. Dmitri Medvedyev nominal prezident idi, hakimiyyətin əsil sahibi deyildi. Putin demokratiya oyunu oynamaq üçün ondan marionet kimi istifadə etdi. Medvedyev loyal adam idi və imperiyanı gücləndirmə siyasəti apara bilmirdi. Putin gəldi və 4 il öncə qaldığı yerdən davam etdi. Putin Rusiyanı gücləndirmək, federal subyektlər arasında mərkəzdənqaçma meyllərini dayandırmaq, gücü çatarsa SSRİ-nin başqa ad altında bərpa etmək niyyətindədir. Ortaya olduqca cəlbedici ideyalar atılıb. Bu ideyalar keçmiş SSRİ respublikalarının sosial-iqtisadi sıxıntı çəkən əhalisi üçün olduqca cəlbedici görünür. Vahid gömrük, sərhədlərin birgə qorunması və s. cəlbedici ideyalardır. İnhisardan əziyyət çəkən tacirlər, yetişdirdiyi məhsula bazar tapa bilməyən, məhsulu anbarda çürüyən kəndli üçün vahid gömrük əlverişlidir. Ona görə də post sovet respublikalarının əhalisi bu cür ideyalara dəstək çıxa bilərlər. Yəni iqtidarlar xalqın Rusiyaya meyllənməsi üçün ciddi islahatlara getməlidirlər. Maliyyə oliqarxiyasının əl-qolu bağlanmalı, xalqın rifahı naminə, özəlliklə inhisarçılığın ləğvi istiqamətində ciddi islahatlara gedilməlidir. Əks halda Kreml bu ölkələrdə ciddi elektorat sahib olacaq. Təzyiqlərə gəlincə, fikrimcə, etnik münaqişələr yaratmaq, müharibə, terror kimi təzyiq rıçaqları artıq işə yaramır. Rusiya daxildə sosial narazılıq amilindən yararlanacaq. Gürcüstanda bu faktor özünü doğrultdu. “Xalqın ürəyindən xəbər verən müxalifət” variantı başqa respublikalarda sınaqdan keçiriləcək”.
Nihadə Eyyubova