Teatr zalında Mirzə Fətəlinin məşhur komediyasındakı Dərviş Məstəli şahın “Parisi partlatması”na güldükdən sonra Fransa paytaxtını necə və nəylə fəth edəcəyimizi düşündüyümüz anlar az olmayıb.
Bizdən də əvvəl, o uzaq zamanlarda bir çox maarifpərvər ziyalılarımız görkəmli ədibin personajı Şahbaz bəy kimi, Avropada, həm də məhz Fransa təhsili almaqla dünyanın mədəni çevrəsinə daxil olmağı ağlından keçirib. Yolun uzaqlığından, mühitin yadlığından, qürbət həyatının çətinliklərindən çəkinməyib amallarına yetişiblər. Amma bu gün artıq röyalar gerçək olub: məsafələr çağdaşlarımızı qorxutmur, qürbətdə qəribçilik çəkmirik. Axı bu gün qloballaşan dünyada dil fərqləri və mədəni təzadlar önəmli deyil. Bizi birləşdirən ümumi meyar var – bəşəri dəyərlər. Və bir vaxtlar çar imperiyasının ucqarı olmuş, amma hazırda müstəqil Azərbaycan Parisi birbaşa, müstəqim mənasında deyil, məcazi mənada partladıb. Üstəlik, dərviş Məstəli şahın mistik cinləri, pəriləriylə deyil, ortaq dəyərləri və fərqli cəhətləri, çalarları olan mədəniyyətiylə!
Bu, həqiqətin bir parçasıdır. Danılmaz parçası. Onun digər tərəfi budur ki, dövlət müstəqilliyini qazandığı tarixdən bəri Avropaya istiqamətlənmiş Azərbaycanın Fransa ilə siyasi-diplomatik əlaqələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hamar səthə malik deyil. Ənənəvi ermənipərəst mövqeyi ilə tanınan Fransada Azərbaycana qarşı rəğbət oyatmaq asan iş də deyil. Axı sıravi vətəndaşdan siyasi liderlərə qədər hamının qəlbinə yol tapmalısan. Bu mənada ötən il Parisdə, Fransanın qəlbində, dünyanın mədənıyyət mərkəzində Heydər Əliyev Fondunun, səyləri xüsusilə qeyd olunmalı, millət vəkili, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Fransanın “Fəxri Legion” ordeni ilə təltif etmiş Mehriban Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin də açılış mərasimində qeyd etdiyi kimi, bu Mərkəzin qısa bir müddətdə Fransa-Azərbaycan dostluq evinə çevriləcəyinə ümid böyükdür. Və gələcəkdə təkcə mədəni deyil, həm də təbii ki, siyasi dividentlərin qazanılmasına hesablanmış Azərbaycan Mədəniyyət Mərkəzinin açılışından əvvəl Heydər Əliyev Fondu Fransa mədəni irsinin qorunması üçün Strasburqda, Versalda və Normandiya bölgəsində müxtəlif layihələr həyata keçirib. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyət xadimlərinin Fransada konsertləri, sərgiləri təşkil edilib. 2011-ci ildə isə Bakıda Fransız Liseyinin təməl daşı qoyulub. Bakıda möhtəşəm “Plaisirs de France” (“Fransa inciləri”) sərgisi keçirilib. Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunub. Keçmişə nəzər saldıqda nələri görürük?.. Tanınmış maarifpərvər İsmayıl bəy Qutqaşınlının fransızca yazdığı ilk nəsr nümunəmiz – “Rəşid bəy və Səadət xanım”. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşünü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin “Femina” teatrında fransız dilində tamaşaya qoyulmuş “Arşın mal alan” operettasını, Fransada vaxtilə nəşr olunan “Qafqaz” jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına “Banin” imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər.
Müasir dövrdə müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və bunu çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar, konsertlər keçirilir. Fransanın bir sıra ali təhsil ocaqlarında Azərbaycan dili fakültələri fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən “Bakıya uçuş” adlı sərgi keçirilib. Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyinin və Strasburqun tarixi kilsəsinin bərpasında da iştirak edib. Bakıda dünyanın ən gözəl Luvr və Orse muzeylərində, Versal sarayında, Pompidu Mərkəzində, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdə sərgilənən əsərlər nümayiş olunub. “Fransa inciləri” adlı sərgiyə gələnlər Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakrua, Ogüst Renuar kimi məşhur rəssamların əsərləri ilə tanış olan biliblər. Tamaşaçılar fransız dizaynerlərinin, tanınmış brendlərin müəlliflərinin, həmçinin Fransa fotoqraflarının işlərini, məşhur tarixi afişaları yaxından seyr edəcəklər. Bakıya gətirilən əsərlər arasında elələri var ki, bunlar heç vaxt nümayiş olunduğu muzeylərdən kənara çıxarılmayıb.
Bu xatırlamalarla bərabər, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın “Fransa inciləri” sərgisinin açılışında söylədiyini qeyd etməyə dəyər. Çünki bir qədər əvvəl Parisdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılmış Azərbaycan Mədəniyyət Mərkəzinin məqsədlərindən danışmışdıq. F.Mitteranın sözləri fikirlərimizə birbaşa təsdiq ola bilər: “Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə, bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların da sayı çoxalır. Xüsusən də Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir”.
Deməli, düşüncələrdə yanılmamışıq. Azərbaycan Fransanı, onun füsunkar siması və kübar ədası ilə tanınan paytaxtı Parisi ovsunlaya, qəlbinə yol tapa bilib. Və indi əsas məsələ Fransanın, fransızların Azərbaycana marağını Azərbaycana qarşı sevgiyə çevirməkdir. Sıravi vətəndaşdan siyasi liderlərə qədər...
Pərvin ARZUQIZI
P.S. Yeri gəlmişkən, ötən il Fransada qondarma “erməni soyqırımı”na sonda “yox” deylməsində Heydər Əliyev Fondunun xüsusi xidmətləri olub. Bunu Türkiyənin də yüksək dairələri dəfələrlə təsdiqləyiblər...