İmmunitet və ya immun sistem orqanizmi xaricdən gələn bütün yad maddələrdən (viruslar, bakteriya, göbələklər və s.) qoruyan və həmçinin bədəndə olan fəaliyyətdən düşmüş və ya köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edən sistemdir, məsələn, immunitet bizi şiş hüceyrələrin əmələ gəlməsindən qoruyur. İmmun hüceyrələrin bədənin öz hüceyrələrini məhv etməməsi üçün immunoloji tolerantlıq mövcuddur.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
T.Eyvazov qeyd edib ki, immunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur:
“Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bəd xassəli törəmələrin inkişafına “dəstək” olur. Bəzən immun hüceyrələr bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə, allergik xəstəliklər yaranır.
Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur».
İnfeksionistin sözlərinə görə, immunitetin stimullaşdırılması çox mübahisəli bir məsələdir:
“Əksər ölkələrdə immunomodulyatorlar istifadə edilmir, çünki bu dərmanların effektivliyi sübut olunmayıb. Terapevtik təsir bütün immun sisteminə deyil, onun müəyyən bir həlqəsinə yönəldilməlidir. Bütövlükdə immun sistemi gücləndirə bilən sehrli həblər, dərmanlar yoxdur. Müəyyən bir infeksiyaya qarşı immunitet yaratmaq üçün peyvəndləmə aparılır, immun çatışmazlıqlarda immunitetin çatışmayan həlqəsini bərpa etmək üçün isə əvəzedici terapiya aparılır. Yalnız müəyyən xəstə qrupları immunoloji müayinədən sonra bu vasitələrdən istifadə etməlidirlər”.