İranın ali rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ölkə rəsmilərini və ictimaiyyəti xarici təhdidlər qarşısında İranın gücünü nümayiş etdirməyə çağırıb.
Modern.az xəbər verir ki, Xamenei bildirib ki, ölkədə milli ruhu və ictimai birliyi zəiflədən istənilən addımdan çəkinmək lazımdır.
Onun sözlərinə görə, ümidsizlik yaradan fikirlər səsləndirmək, milli və ictimai ruhu zəiflədən bəyanatlar vermək, eləcə də cəmiyyətdə parçalanmaya səbəb ola biləcək davranışlar yolverilməzdir.
Xamenei vurğulayıb ki, İranın gücü və potensialı ön plana çıxarılmalı, ölkənin zəif tərəflərinin qabardılmasından çəkinilməlidir. O hesab edir ki, problemlərin və zəifliklərin həddindən artıq vurğulanması İranın rəqiblərinin maraqlarına xidmət edə, eyni zamanda ölkə daxilində hakimiyyət tərəfdarlarının ruhdan düşməsinə səbəb ola bilər.
İranın ali rəhbəri bildirib ki, mövcud problemlər konkret siyasət və praktiki addımlar vasitəsilə həll olunmalıdır. Onun fikrincə, dövlət rəsmiləri ictimaiyyət qarşısında İranın gücünü, dayanıqlığını və imkanlarını nümayiş etdirməlidirlər.
Xamenei, həmçinin İran hökumətinin fəaliyyətini yüksək qiymətləndirib. O, Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin müxtəlif məhdudiyyətlər və xarici təzyiqlər fonunda dövlətin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdığını bildirib.
Ali rəhbər iqtisadi məsələlərə də toxunub. O, inflyasiya, işsizlik, qiymət artımı, investisiyaların artırılması və daxili istehsalın gücləndirilməsinə daha çox diqqət ayrılmasının vacibliyini qeyd edib.
Xamenei eyni zamanda İran iqtisadiyyatında ABŞ dollarının rolunun azaldılmasının zəruri olduğunu bildirib.
O, ölkədə sosial həmrəyliyə zərər vura biləcək hərəkətlərin qəbuledilməz olduğunu bir daha vurğulayaraq, İran cəmiyyətini xarici təhdidlər qarşısında birlik və güc nümayiş etdirməyə çağırıb.