Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla mühüm görüşü baş tutdu. Bu görüşə maraq və ümid əvvəlkilərə nisbətən daha çox idi.
ATƏT-in sədri Zbiqnev Raunun 31 mart tarixində Bakıya etdiyi səfərin nəticələrini şərh edən zaman qeyd etmişdim ki, 6 aprel Brüssel görüşünə “Fərrux zəfəri”ndən sonra əldə etdiyimiz siyasi üstünlüyə ATƏT sədrinin net mesajları da əlavə ediləcək, bu, görüş Azərbaycanın müəyyən etdiyi şərtlər çərçivəsində sülh müqaviləsinin hazırlanması və imzalanması üçün dönüş nöqtəsi olacaq.
Həqiqətən, 5 saata qədər davam edən Brüssel görüşünün nəticələri kifayət qədər müsbətdir, əldə olunan razılaşmaları Ermənistan və Azərbaycan arasında dövlətlərarsı münasibətlərin normallaşması baxımından yeni və dinamik mərhələnin başlanğıcı hesab etmək olar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən dərhal sonra mətbuata verdiyi açıqlamada kifayət qədər müsbət notlar var idi və rəsmi Brüssel görüşdə ciddi tərəqqiyə nail olunduğunu bildirdi.
Görüşün müsbət nəticlərini və əldə edilən razılaşmanı aşağıdakı kimi qrupaşdırmaq olar:
1) Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür;
2) Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır;
3) İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur;
4) Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb;
5) Arxivə göndərilən “Dağlıq Qarabağ”, “münaqişə”, “status” kimi lazımsız və aktuallığını itirmiş ifadələrə və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır.
Bütün bunlar bir daha onu sübut edir ki, danışıqlar tam olaraq Azərbaycanın diqtəsi və maraqları əsasında aparılmışdır. Artıq Azərbaycanın yaratdığı reallıqlar əsasında “Brüssel Sülh Gündəliyi” və “Sülh danışıqlarının Brüssel formatı” formalaşıbdır.
Əlbəttə, həm Ermənistanda mövcud revanşıst qüvvələr, həm də Cənubi Qafqazda daimi sülhün və barışın olmasını istəməyən üçüncü tərəf danışıqların Brüssel formatını və Brüssel sülh gündəliyini hər vəchlə zədələməyə, əldə olunan razıalaşmanı pozmağa çalışacaqlar. Ancaq ümid edirəm və hətta inanıram ki, sülh gündəliyinin pozulmasına Avropa İttifaqı imkan verməyəcək və rəsmi Brüssel regionda yaranmış tarixi fürsəti qaçırmayarq başlatdığı təşəbüssü regionun lider dövləti olan Azərbaycanın köməyi ilə sona çatdıra biləcəkdir.
Bunun üçün həm tarixi şərait uyğundu, həm də Avropa İttifaqının dünyada böyük hörmətə və nüfuza malik, regionda yaranmış yeni geosiyasi vəziyyətin müəllifi, qətiyyətli iradəsi ilə tarixin sınağından çıxmış cənab İlham Əliyev kimi güclü və etibarlı tərəfdaşı var.
Azay Quliyev
Milli Məclisin deputatı