Bu gün Rabitə və İnformasiya Texnologiyaları Naziri akademik Əli Abbasov Bakı Ali Neft Məktəbinə gələrək ali məktəbin professor-müəllim və tələbə heyəti ilə görüş keçirilib. Modern.az-ın məlumatına görə, akademik Əli Abbasovu BANM-də görməkdən məmnunluğunu bildirən ali məktəbin rektoru E.Qasımov eyni zamanda, qonağı bu günlərdə tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk “Azərispace-1” telekommunikasiya peykinin orbitə buraxılması və Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə xalqımız üçün olduqca önəmli olan yeni İnformasiya Texnologiyaları Universitetinin yaradılması münasibəti ilə təbrik edib. Azərbaycanda aparılan yüksək quruculuq işlərindən söhbət açan rektor bildirib ki, günü-gündən inkişaf edən ölkəmiz regionun lideri olmaqla yanaşı, artıq dünya əhəmiyyətli dövlətə çevrilir. O qeyd həmçinin qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən ilə genişlənir. Bu baxımdan insan resurslarının müasir standartlara uyğun şəkildə gücləndirilməsi olduqca önəmli məsələdir.
E.Qasımov bu məsələnin vacibliyini hər zaman diqqət mərkəzində tutan ölkə prezidentinin təhsil sahəsində həyat keçirdiyi yeniliklərə toxunub. Bakı Ali Neft Məktəbinin qısa zamanda yaranmasına baxmayaraq əldə etdiyi uğurlara, o cümlədən 2012-ci ilin qəbulunun nəticələrinə görə ali məktəblər arasında ən yüksək reytinqə layiq görüldüyünə toxunan rektor bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında tədris prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən ingilis dilli mühəndis kadrları hazırlamaq olduğunu vurğulayıb. Rektor Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları ili elan edilməsi ilə bağlı BANM-də yeni “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının açıldığını da diqqətə çatdırıb.
Tələbələri test imtahanlarında yüksək nailiyyətlər əldə edərək müasir tipli belə bir Ali Məktəbə daxil olmaqları münasibəti ilə təbrik edən Rabitə və İnformasiya TexnologiyalarıNaziri akademik Ə.Abbasov bununla belə qeyd edib ki, onların üzərinə böyük məsuliyyət düşür. O bildirib ki, bir ölkənin inkişafı və gələcəyi onun savadlı gənc kadrlarından asılıdır. Nazir öz növbəsində hər kəsi ilk “Azərispace-1” telekommunikasiya peykinin orbitə buraxılması münasibəti ilə təbrik edib. O qeyd edib ki, ilk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. O vurğulayıb ki, Azərbaycanın ilk peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi,informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı kommersiya xarakterli, gəlirli bir layihədir. Ə. Abbasov bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları ili elan olunması bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur. Akademik Əli Abbasov təhsil sisteminin inkişafına yönəlmiş tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə yeni İnformasiya Texnologiyaları Universitetinin yaradılmasının mühüm əhəmiyyət kəsb edən layihə olduğunu və bu ali təhsil müəssisəsinin quruculuğunda BANM-in uğurlu təcrübəsindən istifadə olunacağını vurğulayıb. Çıxışının sonunda Ə.Abbasov tələbələrə dərslərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Tədbirin sonunda BANM-in rektoru E.Qasımov Rabitə və İnformasiya Texnologiyaları Naziri akademik Ə.Abbasova BANM-in “Fəxri Qonağı” diplomunu təqdim edibdir.
Modern.az