Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan cümə günü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələsini müzakirə edib.
Modern.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatına görə, İrəvanda keçirilən görüşdə Qriqoryan Aİ-nin Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindəki rolunu yüksək qiymətləndirib.
Tərəflər humanitar problemlərə, xüsusilə də “erməni hərbi əsirlər”in və digər məhbusların Azərbaycandan öz vətənlərinə qaytarılmasına xüsusi diqqət yetiriblər.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel arasında mayın 22-də keçirilən görüşdən sonra iki ölkə liderləri XİN-lərə İrəvan və Bakı arasında sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.
Mayın 24-də sərhəddə sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə birgə komissiya formatında Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında ilk görüş olub. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.