Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Standart deyəndə göz önünə dəqiq ölçü, etalon və müvafiq tələblərə uyğun olaraq qəbul edilmiş normativ sənəd gəlir. Obrazlı desək, standart həm də hədd, həmçinin əndazə deməkdir ki, onu heç bir halda aşmaq olmaz. Əgər burada söhbət mədəniyyətdən gedirsə, onda artıq standartın son dərəcədə dəqiq və birüzlü olmasına heç bir şübhə qalmamalıdır.
Ancaq görünür erməni yalanına uymuş UNESCO baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone üç gün öncə Parisdə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanla görüşdə Azərbaycanda “erməni mədəni irsinin” qorunması ilə bağlı “Dağlıq Qarabağa” və ətraf ərazilərə ekspert missiyasının göndərilməsi üçün işlər aparıldığını deyəndə hansı mədəniyyətə və standarta əsaslandığını deməyi unudub.
Əvvəlcə burada belə bir sual yaranır: Vaqram Dumanyan kimdir ki, Azərbaycanın suveren ərazisinə UNESCO-nun ekspert qrupunun göndərilməsini tələb edir və ya Ernesto Ottone hansı üzlə onunla bu məsələni müzakirə edir?! Məgər rəsmi Bakı özü dəfələrlə bu “mədəni” təşkilatdan Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı təşrif buyurmasını və mədəni irsinin necə dağıdıldığına şahid olmasını xahiş etmirdimi? Maraqlıdır, o zaman “UNESCO siyasi məsələlərlə məşğul olmur” - deyib bu dəvətdən nədən imtina edirdi? Bəs, indi nədən Azərbaycan öz ərazilərinin əksər hissəsini işğalçılardan təmizlədikdən sonra, bu yerlərdəki ermənilərə aid “mədəni irs” UNESCO-nun “siyasi məsələsi” olmur? Məgər məsələyə belə yanaşma “mədəni” UNESCO-nun ikili standartı, daha doğrusu ikiüzlülüyü deyilmi?
Sözsüz ki, bu təşkilatdan Azərbaycana gələcək “faktaraşdırıcılar” Bakını heç də narahat etmir. Çünki, onlar 30 il erməni işğalında qalmış Qarabağda məhz Azərbaycanlılara aid mədəni-tarixi irsin vəhşicəsinə dağıdıldığının şahidi olacaqlar. Elə bircə fakt – Azərbaycana məxsus 67 məsciddən 65-nin yerləyeksan edilməsi kifayətdir ki, UNESCO-dan gələn “müsyölər və ya misterlər” siyasi “donlarını” çıxarıb onu mədəni “libasa” dəyişsinlər. Hələ burada içərisindən səngər qazılmış qəbirstanlıqlar, oğurluq məqsədilə oyulub açıq saxlanılmış qəbirlər, sökülərək evlərinə nərdivan düzəldilmiş baş daşları və içərisində donuz bəslənən məscidlərdən söz açılsa, bu, “qədim erməni xalqının mədəniyyətinin” nə qədər “dərin” olduğunu açıq sübut etmiş olacaq.

Ancaq diqqət edin, Vaqram Dumanyan həyasızlıqla, “Azərbaycan erməni mədəni irsini qəsdən məhv etməyə davam edir, abidələrin “bərpası” bəhanəsi ilə hər gün yeni vandalizm aktları qeydə alınır. Xatırladaq ki, Ermənistan hakimiyyəti dəfələrlə bildirib ki, Dağlıq Qarabağda 44 günlük müharibənin nəticələrinə görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərdə yerləşən mədəni-tarixi abidələr məhv edilir və ya Azərbaycan tərəfindən özününküləşdirilir”, - deyir. Bu üzdən də o, “faktaraşdırıcı” missiyanın Qarabağa göndərilməsi məsələsinin təcili həll edilməsini tələb etdiyini bildirir.
Əlbəttə, başını illərlə “xaçkar emalatxanasına” soxmuş Dumanyan elə zənn edir ki, ermənilər hara bir saxta xaç qoyubsa və ya basdırıbsa, bu, onun dədəsinin torpağıdır. “Xaçkar emalatxanası” demişkən, məgər Azərbaycan Ordusu öz ərazilərini düşməndən təmizləyəndə Kəlbəcərdə “qədim erməni baş daşları” istehsal edən emalatxana aşkar etmədimi? Burada erməni “ustalar” daş üzərində “baş sındırıb” “özlərinə” məxsus qədim ornament və xaç yonub, ona qədimi görünüş vermək üçün xiyar şorabası kimi sirkədə saxlayıb, oksidləşdikləri məlum olmadımı? Sonra da bu “tarixi daş xiyarları” başlarından böyük qələt etməklə Azərbaycan torpağına basdırıb və bir müddət sonra “tarixi zakuska” kimi üzə çıxarmırdılarmı?
Əslində erməni saxtakarçılığının ayaq tutub yeridiyini bütün dünya bilir. Hətta, elə ermənilər özləri də yaxşı anlayır ki, 1828-ci ildə Azərbaycan ərazilərinə köçürüldükləri vaxtadək bu yerlərdə ermənilərə aid heç bir tarixi-mədəni irs olmayıb. Sadəcə Rusiya imperatoru I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsasən alban kilsəsi erməni-qriqoryan kilsəsinin idarəçiliyinə verildikdən sonra fəaliyyəti tam dayandırılıb və 1836-cı ildən başlayaraq erməni kilsəsi alban mədəni irsinə yiyələnmək məqsədilə alban ədəbiyyatını erməni dilinə çevirib onu erməni tarixinə uyğun formada özününküləşdirib. Bu, UNESCO-dan gələn olmur, istər Marsdan, Yupiterdən gələn olsa da, danılması mümkün olmayan faktdır. Ən azı ona görə ki, ermənilərin ağası olan Rusiyada əl yazmalar hələ ki, yanmayıb.
Bu üzdən də ümid edək ki, UNESCO-dan Azərbaycana gələcək “müsyölərin və ya misterlərin” dini kimliyindən asılı olmayaraq, Qarabağda əslində hansı xalqın mədəni-tarixi irsinin dağıdıldığını öz gözləri ilə görəndə, “standartı” pozmasalar, onda anlayacaqlar ki, həqiqətən də xaç altında gizlənən ermənilər indiyədək nə din tanıyıb, nə də iman.