Modern.az

Konfransın Bakıda keçirilməsi tarixi hadisədir

Konfransın Bakıda keçirilməsi tarixi hadisədir

Aktual

3 İyul 2022, 13:22

“Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən böyük təşkilatıdır. Bu təşkilatın 120-dən çox üzvü var. Son dövrlər bu quruma Azərbaycan sədrlik edir. Ölkəmizin sədrliyi çətin pandemiya dönəminə təsadüf edib.  Azərbaycan sədrliyi müddətində öz missiyasını çox parlaq şəkildə yerinə yetirib. Pandemiya dövründə Ümumdünya Səhiyyə Təşkilatına 10 min dollar həcmində yardım edilib. Eyni zamanda pandemiya ilə mübarizədə çıxış yolu tapmaq məqsədilə 80-dən çox ölkəyə yardım ayrılıb. Pandemiya dövründə Azərbaycanın virusla mübarizə sahəsindəki təklifləri BMT tərəfindən alqışlanıb. Ölkə rəhbərimizin quruma sədirliyi dövründə gördüyü işlər üzv ölkələr tərəfindən daim dəstəklənib. Bu səbəbdən 2023-cü ilin sonlarına qədər Azərbaycanın sədrliyinin uzadılması qərara alınıb”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.

 

“İyun ayının 30-da Qoşulmama Hərəkatının Parlament şəbəkəsinin Bakı konfransının keçirilməsi tarixi hadisədir. Cənab Prezident Qoşulmama Hərəkatının fəaliyyətindən danışarkən ölkə başçıları arasında münasibətlərlə yanaşı, eyni zamanda parlamentlərarası münasibətlərin qurulmasının da işlərin müsbət şəkildə getməsinə xidmət göstərəcəyini vurğulayıb. Bu şəbəkə digər ölkələr üçün də müsbət nümunədir”,-deyə deputat vurğulayıb. 

 

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı tərəfindən Banduq prinsiplərinin təşviqinə Azərbaycan öz töhfəsini verməyə çalışır:

 

“Banduq prinsipləri ölkələrarası əlaqələr, qarşılıqlı fəaliyyət üçün bir istiqamətdir. Burada ərazi bütövlüyü, suverenlik, bir-birinə müdaxilə etməmə məsələləri qeyd olunub. Bu, bütün ölkələr tərəfindən dəstəklənib. Hesab edirəm ki, bu dəstək sayəsində bir daha müharibələr olmaz, dövlətlər bir-birinin ərazisini işğal etməyə çalışmaz. Münaqişə və ədalətsizlik ümumiyyətlə aradan götürülə bilər. Azərbaycan Banduq prinsiplərini təşviq etməyə davam edir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə beynəlxalq hüququn pozulmasına, münaqişələrdə selektiv yanaşmalara qarşı mübarizə aparıb. Bu istiqamətdə siyasətini davam etdirməkdədir”. 

 

Deputat vurğulayıb ki, Prezident çıxışı zamanı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. 

 

“Torpaqlarımız işğal altında olduğu bir vaxtda - 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Lakin 30 il ərzində bu qurum sanki erməni vandalizmini ört-basdır etməyə çalışırdı. Hətta gözləri ilə gördükləri dağıntılarla bağlı nə dünyaya, nə də Azərbaycana məlumat çatdırılmışdı. Konfransda Prezident bir daha bu məsələyə geniş şəkildə münasibət bildirdi. Azərbaycan nə qədər məsələnin tezliklə sülh yolu ilə həllinə çalışsa da, Ermənistan tərəfi daim desturiktiv mövqe sərgiləyib. Eyni zamanda münaqişənin həlli ilə bağlı heç bir addım atmayıb. Azərbaycan məcburən 27 sentyabr 2020-ci ildə əks hücuma başlamalı olub. 44 gün ərzində Vətən müharibəsi başa çatdı. Nəticədə 10 noyabr 2020-ci ildə Ermənistan məcbur olub kapitulyasiya aktına imza atmalı oldu . Bu onların necə çətin vəziyyətə düşməsinə açıq nümunədir. Onlar kapitulyasiya aktına imza atmaqla Kəlbəcər, Laçın və Ağdamın bir güllə atılmadan qaytarılmasına razı oldular. Ancaq kapitulyasiya aktının müddəalarının həyata keçirilməsi mexanizmi lazımi səviyyədədirmi? Bu məsələyə cənab Prezident bir daha toxundu. Çünki bir çox müddəalar həyata keçirilsə də, hələ sülh sazişi və sərhədlərin delimitasiya və demarkasiyası həllini tapmayıb. Prezident çıxışında bu məsələləri göstərməklə bir daha dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırdı ki, əgər Ermənistan tərəfi BMT-nin qətnamələrini icra etmədiyi kimi, müharibədən sonra imzaladığı sənədin müddəalarını həyata keçirməsə, Azərbaycan tərəfi yenə də, öz üzərinə düşən vəzifəni həyata keçirəcək. Bu çıxışda məqsəd Ermənistana və onun himayədarlarına mesaj verməkdir. Mesaj açıqca  Ermənistanın vaxtında üzərinə düşən məsələləri icra etməli olduğunu ehtiva edir”.

 

“Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarının müdafiə olunması və bir-birini dəstəkləməsindən ibarət deyil. Bu təşkilat  beynəlxalq aləmdə daha fəal rol oynaya bilər. Yəni tək özünü müdafiə etməklə yanaşı dünyada sülhün əməkdaşlığın qorunmasına xidmət göstərə bilər. Düşünürəm ki, Parlament şəbəkəsinin yaradılması və konfransın Bakıda keçirilməsi Azərbaycan dövlətinə, ölkə rəhbərinə göstərilən etimadın nəticəsi kimi qiymətləndirilməlidir. Bu cür təşəbbüslərdə Azərbaycan həmişə öndə gedib. Sülhün bərqərar olması, dünya dövlətləri arasında ikili standartların aradan qaldırılması istiqamətində Azərbaycan öz obyektiv münasibəti ilə fərqlənib”,- deyə A.Məmmədov bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?