Modern.az

Eldar Həsənovun vəkili nazirə müraciət edib

Eldar Həsənovun vəkili nazirə müraciət edib

Aktual

15 İyul 2022, 13:46

Hazırda həbsdə olan sabiq Baş prokuror, keçmiş səfir Eldar Həsənovun vəkili Cavad Cavadov ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.


Modern.az xəbər verir ki, vəkil müraciətində 26 apreldən bu günə kimi Eldar Həsənovun səhhətində yalnız ağırlaşma baş verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, son 20 gündə parokziomal vertiqo (qəflətən yaranan başgicələnmə) nəticəsində yıxılmaların sayı yenidən intensivləşməklə artıb.


“Bundan əlavə hipertoniya, şəkərli diabet, boyun-bel nahiyyəsində olan ciddi xroniki problemləri və onun yaşı mövcud durumu daha da ağırlaşdırır. Bir müddət öncə ayaqlarının şişməsi nəticəsində hərəkət etməyində ciddi çətinliklər yaranmışdır. Gündəlik qəbul etdiyi dərmanların sayı 32-dən aşağı düşmür. Gecələr dəfələrlə kritik durum yaranmış lakin təcili yardım maşını çağırılmaq mümkün olmamışdır”, - vəkil bildirib.


C.Cavadovun sözlərinə görə, sabiq Baş prokuror daimi həkim nəzarətində olmalıdır, amma saxlanıldığı yerdə bunun təmin edilməsi mümkün deyil.


“Deməyə məcburuq ki, müəssisənin həkimi gündəlik olaraq çox az müddətdə işdə olduğundan yaranan kritik anlarda tibbi müdaxilə olmur və çarəsiz durum yaranır.

Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi 19 noyabr 2021-ci il tarixdə Həsənov Eldar Hümbət oğlu ilə bağlı Məhkəmə qaydalarının 39-cu maddəsinə əsasən müvəqqəti tədbir kimi üçüncü qərarını qəbul etmişdir. Həmin qərara əsasən Hökumət: – ixtisaslı həkimlər tərəfindən müvafiq hesab edilən ambulator və ya stasionar şəraitdə ərizəçinin həbsdə saxlanma yerində hər hansı zəruri və adekvat tibbi müalicə ilə təmin olunmasını təmin etməli; və – 19 yanvar 2022-ci il tarixindən başlayaraq, ərizəçinin sağlamlıq vəziyyəti və ərizəçi həbsdə qaldığı təqdirdə, göstərilən tibbi müalicə haqqında hər üç ayda bir dəfə Məhkəməyə məlumat verməlidir.

Sizdən xahiş edirəm mövcud durumun düzəldilməsi üçün Tibb Baş İdarəsinə bununla bağlı müvafiq tapşırıqlar verəsiniz”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı