Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Vaqif poeziya günləri” öz işini başa çatdırıb.
Modern.az-ın məlumatına görə, “Vaqif poeziya günləri”nin açılışı şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü “ ilə başlayıb.
“İgidlərin sözü” layihəsininin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən, eləcə də şeir yazan qazilərdir. Vətən uğrunda döyüşən Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev, Emin Piri, Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov Vaqifin məqbərəsi önündə döyüşlər zamanı və müharibədən sonra yazdıqlaro şeirləri səsləndiriblər.
Tədbir iştirakçıları qazilərin şeirlərini ayaq üstə alqışlayıblar.
“SÖZ” Ədəbi layihəsinin çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da “Vaqif poeziya günləri”nin sərgisində təqdim olunub. Kitabda 2016-ci ilin “Aprel döyüşləri”ndə, eləcə də 44 günlük Vətən müharibəsində şəhid və qazi olan, iştirak edən oğulların şeirləri, esseləri, hekayələri toplanıb. Kitabın redaktoru araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkdür.