Modern.az

Azərbaycanın “ağciyərini” yandıranlar KİMLƏRDİ...

Azərbaycanın “ağciyərini” yandıranlar KİMLƏRDİ...

Aktual

24 Avqust 2022, 09:58

Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur.

 

Qlobal iqlim dəyişiklikləri, xüsusən yay aylarında yüksək temperatur meşə yanğınlarına səbəb ola bilir. Hazırda dünyanın müxtəlif ölkələrində planetin "ağciyərləri" olan meşələrimizdə yanğınlar baş verir. Qlobal istiləşmənin, havadakı zərərli maddələrin azaldılması məqsədilə meşə örtüyünün artırılması üçün təbirlər görüldüyü zamanda yaşıl sahələrin yanıb külə çevrilməsi ürəkağrıdıcıdır. Hektarlarla ərazidə məhv olan ağacların yenidən əkilməsi, böyüməsi, torpağın bərpa olunması üçün isə uzun illər lazım gəlir.

 

Təəssüf ki, Azərbaycan da meşə yanğınlarından sığortalana bilməyib. Son bir neçə həftə ərzində, respublikanın şimal və şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə yanğınlar olub. Şabran, Qəbələ, Quba, Siyəzən və Xaçmaz rayonlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərində müvafiq dövlət qurumlarından ümumilikdə 1140 nəfərdən çox canlı qüvvədən və müxtəlif təyinatlı 120 ədəd texnikadan istifadə edilib. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb Regional mərkəzlərinin, Mülki Müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 740 nəfərdən çox şəxsi heyəti və 80-ə qədər xüsusi texnikası, o cümlədən FHN-in Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 2 ədəd helikopteri iştirak edib.

 

Bundan əlavə, yanğınların söndürülməsi əməliyyatlarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin və yerli icra hakimiyyətlərinin 400 nəfərdən çox canlı qüvvəsi və 40-dan çox texnikası cəlb edilib. Yanğınların qarşısının alınması işlərində Daxili İşlər Nazirliyinin və "Azərsu" ASC-nin əməkdaşları da yaxından iştirak ediblər.

 

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

 

Havalar istiləşəndə, mövsümlə əlaqədar əhaliyə xəbərdarlıq olunsa da, bununla bağlı maarifləndirmə tədbirləri görülsə də, bəzi insanlar məsuliyyətsizliklərindən əl çəkmirlər. Bir insanın məsuliyyətsizliyi isə böyük fəlakətlərə səbəb olur.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib ki, uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir. Məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır:

 

"Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Xalıqverdi Hüseynovun sözlərinə görə isə avqustun 15-dən Şabranın Dağbilici kəndi ətrafında başlayan yanğın orada biçilmiş taxıl sahələrinin bilərəkdən və ya hər hansısa səbəbdən yandırılması nəticəsində baş verib:

 

“Avqustun 16-da yanğın meşə fonduna keçib. Aidiyyəti bütün qurumlar yanğının meşə ərazisinə keçməməsi üçün ora səfərbər olunsa da, havanın isti və küləkli keçməsi yanğının qarşısını tam almağa imkan vermədi. Eyni vaxtda Quba kəndlərinin yaxınlığında da yanğın hadisələri baş verdi. Yanğınsöndürmə əməliyyatları əksəriyyəti texnikanın və şəxsi heyətin hərəkəti üçün əlverişsiz olan mürəkkəb dağlıq relyefdə həyata keçirilib. Bəzi ərazilərdə yanğınlar lokallaşdırılsa da, bu hələ işin tamı deyil, çünki ağac kötüklərinin külək nəticəsində yenidən alışması yanğına səbəb ola bilir”.

 

Xalıqverdi Hüseynovun sözlərinə görə, hazırda isti ilə əlaqədar güclü quraqlıq var ki, bir siqaretin atılması  yanğına səbəb olur. Həmçinin yanğınların yayılma ehtimalı çoxdur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova da yanğının səbəbləri haqqında danışıb. O qeyd edib ki, hadisələr Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılsa da, yanğının baş vermə səbəbləri havanın isti və quraq keçməsi, təbiət qoynunda istirahət edən turistlərin ehtiyatsız davranmasıdır:

 

"Biz əhaliyə xəbərdarlıq etmişdik ki, qızmar yay günlərində meşələrdə yanğın təhlükəsi artır. Ona görə meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bəzən söndürülməmiş siqaret kötüklərini ətrafa atır, yanğına rəvac verirlər. Meşədə dincələn insanlar odla ehtiyatlı davranmalıdırlar".

 

İ.İbrahimova deyir ki, meşə yanğınları meşə ətrafındakı kəndlərin sakinləri, onların təsərrüfatları üçün də təhlükə yaradır: "Ona görə də, taxıl sahələri biçildikdən sonra yandırılması ilə mübarizədə kənd sakinləri fəal olmaldırlar. Biçilən sahələrin yandırılması yanğınların baş verməsinə səbəb olur".

 

Yanğınlar haqqında əhaliyə çağırış edən təhlükəsizlik üzrə ekspert Elmar Nuriyev qeyd edib ki, meşə ətrafında istirahət zamanı, pikniklərdə tonqalın söndüyünə tam əmin olmadan ərazini tərk etmək meşə yanğınları ilə nəticələnir. Onun sözlərinə görə, bunun qarşısı vaxtında qarşısı alınmadıqda təhlükənin miqyasının genişlənməsinə gətirib çıxarır:

 

"Beləliklə, həm ekologiyaya, həm insanlara, həm də onların əmlakına ziyan dəyir. Meşə yanğınlarının qarşısını almaq üçün aidiyyəti üzrə qurumlar ormanlıq sahələrdə yaşayan sakinlərə də, orada yerləşən istirahət mərkəzlərinə, otellərə, onların işçilərinə də təlimatlar verilməlidir. Yaxşı olardı ki, meşə ərazilərinə giriş hissələrində xəbərdarlıq lövhələri daha çox təşkil edilsin. İnsanları maksimum məlumatlandırmaq lazımdır".

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı