Modern.az

Ətək daşdan qurtuldu

Ətək daşdan qurtuldu

Aktual

10 Aprel 2013, 11:29

Mətin Mirzə

“İşıq qaranlıqdan güclüdür və hər zaman da güclü olmuşdur. Qaranlığın ən çox qorxduğu işıqdır; iynənin ucu boyda işıq ən qatı qaranlıqdan belə keçib onu yerbəyerdən deşə bilər. Qaranlıqsa nəinki işıqdan keçə, heç onun həndəvərinə belə düşə bilməz. Bəd əməl sahibləri də beləcə, işıqdan çəkinər, bəd əməllərinin nurda görünəcəyindən ehtiyatlanıb onu boğmağa, qapamağa çalışar və işıq gələn yerə barmaq tıxayan atalar sözünün qaranlıq qəhrəmanına çevrilərlər.
Öz nurunda görünənlərsə əksinə, qaranlıqdan keçib nura qoşar və keçdiyi yerləri öz nuruna qərq edərlər...
Heydər Əliyev qaranlıqdan keçən işıqdır”.
(Mikayıl Mirzə)

Elə bu gün də mən Azərbaycanımızı qaranlıqdan işığa çıxaran Ulu öndər Heydər Əliyev haqqında danışmaq istəyirəm.

Ölkəmizdə uşaqdan böyüyə hamı bilir ki, Azərbaycanı, azərbaycanlını, onun dilini dünyaya tanıtdıran, bayrağını dünya dövlətlərinin bayraqları ilə bir cərgəyə qoşan Ümummilli lider Heydər Əliyev olub. Mən Heydər Əliyevi Azərbaycanın bəxti adlandırıram. Bəxtimiz gətirməsəydi, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, bu gün Azərbaycan dinamik inkişaf mərhələsi keçən bugünkü Azərbaycan olmazdı. Amma oldu. Heydər Əliyevin elinə-obasına hədsiz məhəbbəti, xalqa inamı və bağlılığı, uzaqgörənliyi, qətiyyəti, dəmir iradəsi Azərbaycanın dünya dövlətlərinə inteqrasiyasının təminatçısına çevrildi.

Qeyd etmək yerinə düşər ki, 1992-93-cü illər arası Heydər Əliyevsiz Azərbaycan ilk öncə inamını, sonra səlahiyyətlərini, başını və yaddaşını, sonda isə torpaqlarını itirmiş oldu. Siyasətin uşaqları 15 İyun-Milli Qurtuluş Gününü ona görə həzm edə bilmirlər ki, onlar dövləti idarə etmək bacarıqsızlıqlarının yenidən xalqın emosional yaddaşında oyanmasından qorxurlar. Biz 15 iyunu Milli Qurtuluş Günü kimi ona görə qeyd edirik ki, həmin gün Azərbaycan itən inamını, səlahiyyətlərinin, başını və yaddaşını özünə qaytardı. Başı və yaddaşı olan bir millətin torpaqlarının qaytarılacağı isə mütləqdir.

Heydər Əliyev dövlət, rəsmi, işgüzar, qeyri-rəsmi səfərlərində və bu səfərlər çərçivəsindəki görüşlərində başlıca məsələ kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsil reallıqları dünya ictimaiyyətinə çatdırmaqdan yorulmurdu. Ulu öndər yaxşı bilirdi ki, əsas məsələ informasiya mübarizəsində üstünlük əldə etməkdir. Əsrimiz informasiya əsri olduğundan kim onu daha tez dünya ictimaiyyətinə çatdırsa, o da qalib gələcək. Yadımdadır, 1997-ci ildə mən diplomat həmkarlarımla ABŞ-ın Corctaun universitetində diplomatiya kurslarını keçdiyim zaman Heydər Əliyev ABŞ-a səfər etdi. Səfər çərçivəsində O bizim oxuduğumuz universitetdə tələbə-müəllim heyəti və media nümayəndələri görüş keçirdi. Qoltuğundakı işğal olunmuş əraziləri əks etdirən Azərbaycan xəritəsini lövhədən asıb Ermənistanın işğalçı olduğunu sübuta yetirən faktlar əsasında nitq söylədi. Səhəri günü demək olar ki, bütün xarici mətbuat işğalı əks etdirən Azərbaycan xəritəsini öz səhifələrində yerləşdirmişdilər.

Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətdə olduğu və olmadığı dövrlərdə də Vətəninin taleyüklü məsələlərinə biganə qalmayıb. Xatırlayırsınızsa, 1990-cı ilin Qanlı Yanvar günlərindən sonra millət öz dərdini, səsini dünyaya çatdırmaqdan məhrum idi. Belə bir məqamda, Moskvada özü təqiblərə məruz qaldığı bir vaxtda Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvadakı nümayəndəliyimizə gələrək Qanlı Yanvar hadisəsini törədənlərə öz etirazını bildirdi.

İndi soruşmaq istəyirəm, bu gün müxalifət qəzetlərində gözünü yumub ağzını açanlar nə tez unutdular, cəsarətli Kişinin cəsarətli addımını? Heydər Əliyev bilə-bilə ki, Onun həyatı təhlükədədir, Ona qarşı hər an təxribat ola bilər, yenə də özünü və ailəsini mübarizələrin oduna-alovuna atdı. Qorbaçov və onun havadarlarının məkrindən çəkinmədi. Haradaydı o zaman indi qollarını çırmayıb seçkiqabağı  özünü mətbuat gündəmində dedi-qodu, yalançı hay-küylə saxlamaq istəyənlər, gündə bir təşkilat yaradıb Heydər Əliyevin qurduğu dövlətçiliyə çamur atanlar?

Bir gün molladan soruşurlar:
-Molla əmi, sizcə mafanın önündə getmək yaxşıdır ya arxasında?
Molla cavab verir:
-Fərq eləməz. Çalış mafanın üstündə getməyəsən.

And olsun ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, o vaxtkı iqtidarın, indiki müxalifətin bacarıqsızlığı ucbatından Azərbaycanın daxilində və regionlarında baş qaldırmış hərc-mərclik, silahlı qruplaşmalar qanlı toqquşmaya gətirib çıxaracaqdı və günahsız vətəndaşlarla birgə indiki müxalifət də mafanın üstündə gedəcəkdi. O zaman atam Mikayıl Mirzə 90-cı illəri Nuh tufanına bənzədib, Zəlimxan Yaqub şerinə söykənərək deyirdi:

Azərbaycan çırpınır sanki Nuh tufanında,
Bu tufandan çıxmağa bizə bir yol gərəkdir
Bayrağın arxasında dağ kimi dayanmağa,
Yenilməyə qoymayan qüdrətli el gərəkdir.
Bayrağı yüksək tutan qüvvətli əl gərəkdir.
O el sənin elindir, o əl sənin əlindir.
Bir azadlıq heykəli görür gözlərim mənim,
O Sənin heykəlindir, o Sənin heykəlindir.

Birbaşa Heydər Əliyev cənablarına ünvanlanmışdı bu sözlər. Və bir müddətdən sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev hakimiyyətə gəldi. Amma bir fərq onda oldu ki, Heydər Əliyev Ona inananları da, Ona həsəd aparanları da öz azadlıq və istiqlaliyyət gəmisinə yığıb xilas etdi.

Bəli, elə həmin andan da gərgin iş rejiminə başladı. Ulu öndər Heydər Əliyev qarşıya məqsəd qoydu ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn subyekti olmaq üçün dövlətlər tərəfindən hüquqi cəhətdən tanınmalı və beynəlxalq hüququn subyektləri ilə diplomatik münasibətlər qurmalıdır. Məhz buna görə Heydər Əliyev fəaliyyətinin əsas istiqamətlərindən birini ölkəmizin diplomatik fəaliyyətinin beynəlxalq təşkilatlarda gücləndirilməsinə yönəltdi. Heydər Əliyevin 1994-cü il sentyabrın 29-da BMT Baş Assambleyasının 49-cu sessiyasındakı çıxışı da məhz yuxarıda qeyd olunana məqsədlərə xidmət etmiş oldu. Heydər Əliyevin ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul sammitlərindəki qətiyyəti, əzmkarlığı, diplomatik manevrləri qurum tərəfindən çıxarılmış qərarlara öz müsbət töhfəsini verdi. O, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və sair  ali kürsülərdə də Azərbaycanın milli maraqlarını təmin edən gərgin fəaliyyətdə bulundu. 1998-ci ildə Bakıda TRASECA proqramı çərçivəsində qədim İpək yolunun bərpasına yönələn tədbirin keçirilməsi dövlətimizin müstəqilliyinin möhkəmlənməsi, iqtisadi təhlükəsizliyi üçün güclü faktora çevrildi.

Bu gün dövlətimizin artmaqda olan nüfuzu, iqtisadi həyatımızın mənzərəsinin zənginləşdirilməsi Heydər Əliyevin neft strategiyasının, ali diplomatiyasının, məntiqi siyasətinin, dünyada gedən proseslərə aydın baxışının, dövləti idarə etmək ustalığının bariz nümunəsidir. İnsan psixologiyasına dərindən bələd olması, emosional gərginliyi özündən qovması, emosional sabitliyə üstünlük verməsi, ümumi mənzərəni görmək, görüb də öz imkanlarını araşdırmaq, qarşı tərəfin də imkanlarına bələd olmaq, qərarlar çıxararkən nəzarəti əldən buraxmamaq Onun genetik keyfiyyətləridir.

Allah həyatdan köçənlərə rəhmət eləsin, rəhmətlik atam 15 il bundan öncə qayalığın üstündə kiçik bir bağ sahəsi almışdı. Nəslin gənc övladları ilə torpağı daşlardan təmizləyincə lap əldən düşmüşdük. Bir gün gənclik ərköyünlüyü ilə atamdan soruşdum:

- Ay ata, hamı kimi biz də daş-kəsəksiz yerdə torpaq ala bilmirdikmi, gərək bizi əziyyətə verəsən?

Atamın cavabı belə oldu:

- Əziyyətsiz heç nə yoxdur oğul. Əvvəl-axır kimsə gəlib bu işi görməliydi. Heydər Əliyev kimi kişi vaxtında Azərbaycanı daşlardan, daş atanlardan təmizləməsəydi, ətəklər daşdan qurtulmasaydı indi hamı biri-birinə daş atardı, Azərbaycanımıza daş atardılar. Həm də daşlıq olan yerdə ağac bitməz, kökü daşa dirənər.

Bu hikmətli cavabın mənasını bu gün Azərbaycanımıza baxıb daha dərindən dərk edirəm. Azərbaycanım ona görə inkişaf edir, söz sahibinə çevrilir ki, onu daşdan, daş atanlardan təmizləyən, könülləri intizardan, gözləri yaşdan qoruyan bir Kişi Qurtuluşu bizə verdi və dedi:

Ver əlini nura dönsün bu həyat,
Ver əlini işıqlansın kainat,
Ver əlini üzə gülsün sabahlar,
Ver əlini susdurulsun silahlar.
Ver əlini, bu əlləri sıxanda
Bütün cahan, bütün dünya birləşir.
Azərbaycan yer üzünü dolaşır,
Dünya ilə Azərbaycan birləşir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı