İranın Azərbaycana qarşı olduğunu sübut edən faktın üstü bu dəfə erməni politoloq tərəfindən açılıb. Belə ki, erməni politoloq Stepan Danielyan 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardım təklif etdiyini bildirib. Onun sözlərinə görə, bu təklif Baş nazir Nikol Paşinyan tərəfindən tərəddüdlə qarşılanıb.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a bildirib ki, Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıb, işğalçını öz ərazisindən qovarkən İrandakı molla rejiminin Ermənistana hərbi yardım təklif etməsi faktı təəssüf doğurur.
Onun sözlərinə görə, Paşinyan məsələni həm Putinlə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müzakirə etdikdən sonra təklifi rədd edib. Hər halda Paşinyanın belə qərar verməsi yaxşı olub.
Qabil Hüseynli vurğulayıb ki, İran müharibə zamanı onsuz da öz ərazisindən Ermənistana kömək edib:
“Azərbaycan Ordusu Ermənistanla vuruşarkən İran Xudafərin körpüsü istiqamətinə qoşun çıxardı. Burada blok-post yaradaraq Arazboyu Azərbaycan Ordusunun irəliləməsinə mane oldu. Bu Azərbaycan Ordusunun açıq-aşkar döyüşə dəvət edilməsi demək idi. Azərbaycan tərəfi bu həyasız hərəkətlərə cavab verə bilərdi. Ancaq cavab verməyərək öz ərazisindən keçən yolla erməni qoşunlarını ərazilərindən təmizlədi. İranın bu avantürist, beynəlxalq hüquqa meydan oxuyan hərəkətləri Azərbaycan Ordusunun irəliləməsini ən azı 3 gün ləngitdi”.

Politoloqun sözlərinə görə, Azərbaycan bu faktın üzərinə getməlidir:
“Beynəlxalq təşkilatlar səviyyəsində bu faktlara qiymət verilməsi məsələsinə baxmalıyıq. Bizim əlimizdə ermənilərin Xudafərin körpüsü üzərində blok-post yaratması barədə həm video, foto, həm də digər materiallar var. Bu materiallar molla rejiminin Azərbaycan xalqının qanına susadığını ortaya qoya bilər. Bu rejimi ifşa edə bilərik. İran tərəfi bu fikrin bir politoloq tərəfindən deyilməsi və daxildə baş verənlər səbəbindən hələlik məsələyə münasibət bildirməyib. Münasibət bildirəcəyini də gözləməməliyik. Bu nöqteyi-nəzərdən faktın üstünə biz özümüz getməliyik. Molla rejiminin parlament üzvlərinin, prezidentin və ali dini rəhbər Xameneinin Azərbaycana qarşı səsləndirdiyi təhdidedici fikirləri toplayaraq, İranın təcavüz xarakterli niyyətlərinin BMT-də müzakirə olunmasını tələb edə bilərik”.