Modern.az

“Tələbə Plus” kartı özünü doğrultdu? - Bizdə necədir, xaricdə necə...

“Tələbə Plus” kartı özünü doğrultdu? - Bizdə necədir, xaricdə necə...

Təhsil

Bu gün, 12:00

“Tələbə Plus” kartları tələbələrə müxtəlif sahələrdə endirim və güzəştlərdən yararlanmaq imkanı yaratmaq məqsədilə təsis edilib. Kart çərçivəsində bir sıra müəssisə və xidmətlər üzrə güzəştlər təqdim olunsa da, bu imkanların hər biri tələbələrin gündəlik ehtiyaclarına uyğun gəlmir. Xüsusilə tələbələrin məhdud büdcəsi və gündəlik xərcləri nəzərə alındıqda, endirimlərin daha məqsədyönlü olması vacibdir.

Tələbələrin əsas istəyi isə “Tələbə Plus” kartlarından ictimai nəqliyyatda güzəştli gedişdə istifadə edə bilməkdir. Onlar deyilər ki, kartla bağlı gözləntiləri özünü doğrultmayıb. “Tələbə Plus” kartı əldə edən əksər tələbələr onu lazımi yerlərdə istifadə edə bilmədiklərini söyləyirlər.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev də Modern.az-a danışıb.

""Tələbə Plus" kartları ilə bağlı əvvəllər məlumatlar verilmişdi. Bu kartların müəyyən güzəştlər vasitəsilə tələbələrin sosial rifahının təmin olunmasında xüsusi rol oynayacağı qeyd edilmişdi. Amma çox təəssüf ki, "Tələbə Plus" kartları ilə bağlı çox gözəl sözlər deyilsə də, reallıq bunu əks etdirmir. "Tələbə Plus" kartları vasitəsilə tələbələrin ehtiyaclarının qarşılanması istiqamətində müvafiq qurumlar addımlar atmalıdır. Adından da göründüyü kimi, tələbələrin müəyyən ehtiyacları var və bu ehtiyacların qarşılanması üçün sosial istiqamətdə endirimlər həyata keçirilməlidir. İlk növbədə, nəqliyyat gedişlərində xüsusi güzəştlər tətbiq olunmalıdır. Hətta düşünürəm ki, nəqliyyat xərclərində 50 faizə qədər güzəşt nəzərdə tutula bilər. İkinci məsələ alış-veriş güzəştləridir. Müxtəlif mağazalarda və supermarketlərdə müəyyən günlərdə tələbələr üçün endirimlər tətbiq olunmalıdır. "Tələbə Plus" kartları vasitəsilə vəziyyətdən asılı olaraq 20, 30 və ya 40 faizlik endirimlər nəzərdə tutula bilər”.

Ekspertin sözlərinə görə, restoranlarda, kinoteatrlarda, elektronika mağazalarında və digər xidmət sahələrində də tələbələr üçün xüsusi güzəştlər tətbiq olunmalıdır.

"Tələbə film izləmək istədikdə "Tələbə Plus" kartı vasitəsilə endirim əldə edə bilməli, telefon və ya kompüter alarkən də bu kartın imkanlarından yararlanmalıdır. İnternet kafelərdə və həyatın digər sahələrində də tələbələrə müəyyən güzəştlərin verilməsi onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edər. Bu, eyni zamanda, tələbələr üçün fərqli bir imkan və müsbət mühit formalaşdırar. Ən çox ərzaq və nəqliyyat xərclərində endirimlərin tətbiq olunmasını istərdim. Çünki tələbələrin əsas ehtiyacları daha çox bu istiqamətlərlə bağlıdır. Müəyyən güzəştlərin tətbiqi onların gündəlik xərclərinin azalmasına kömək edə bilər".

Ramin Nurəliyev bildirib ki, hazırda tələbələrin aldığı təqaüd onların ehtiyaclarını tam qarşılamaq üçün kifayət etmir:

"Təqaüdlərin məbləğinə nəzər saldıqda tələbələrin bir çox zəruri ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini görmək mümkündür. Buna görə də "Tələbə Plus" kartlarının imkanlarının genişləndirilməsi çox yaxşı təşəbbüs olardı. Bu istiqamətdə mütəmadi görüşlər keçirilməli, xüsusi komissiya yaradılmalı və həmin komissiya tələbələr üçün güzəştlərin tətbiqi ilə bağlı fəaliyyət göstərməlidir. Komissiya mütəmadi olaraq müxtəlif qurumlarla əlaqə saxlamalı, əməkdaşlıq imkanlarını araşdırmalıdır. Məsələn, SOCAR ilə əməkdaşlıq çərçivəsində nəqliyyat vasitəsi olan tələbələr üçün yanacaq endirimləri nəzərdə tutula bilər. Ticarət mərkəzlərində, mağazalarda və supermarketlərdə də tələbələrə xüsusi güzəştlər təklif oluna bilər".

"Bu təşəbbüs yalnız sözdə qalmamalı, real nəticələrini göstərməlidir. Dünyanın müxtəlif ölkələrində tələbələr üçün nəzərdə tutulan çoxsaylı kartlar, hətta beynəlxalq tələbə kartları mövcuddur. Tələbələr xarici ölkələrə səfər edərkən də bu kartlardan, o cümlədən Avropa ölkələrində müxtəlif güzəştlərdən yararlana bilirlər. Niyə bizdə də belə imkanlar olmasın? Düşünürəm ki, "Tələbə Plus" kartlarının imkanları genişləndirilsə, tələbələrin sosial rifahının yaxşılaşdırılması baxımından çox faydalı olar”, – deyə təhsil eksperti bildirib.

İqtisadçı jurnalist, "Fed.az" saytının rəhbəri Əli Əhmədov Fransada tələbələr üçün yarıdılan şərait barədə danışıb:

"Tələbələr üçün güzəştli qiymətə aylıq nəqliyyat biletləri, simvolik qiymətə yemək və yenə də simvolik qiymətə velosipeddən istifadə haqqı mövcuddur.

Deməli, ayda cəmi 16 avro (bizim pulla 32 manat ödəməklə) şəhərdə bütün nəqliyyatdan pulsuz istifadə etmək olur. Bura aiddir avtobus, metro, tramvay, hətta şəhərdaxili qatarlardan istifadə. Üstəlik şəhərin kənarındakı dağa qalxan (Tuluza şəhərindən söhbət gedir) kanat yolundan istifadə də pulsuzdur.

Bundan başqa, həmin bilet və tələbə kartı vasitəsilə şəhərlər arasında qatarlarda cəmi 1 avroya hərəkət etmək olur.

Nəqliyyatın bir başqa tərəfi – ayda cəmi 4 avto ödəməklə 1 ay ərzində şəhərin istənilən yerindəki velosipedlərdən istifadə etmək mümkünür. Bir dəfə deyil – bütün ay ərzində.

Və universitetdə gündə 2 dəfə – nahat və axşam yeməyini 1 avroya almaq mümkündür. Tamamilə yararlı, hətta dadlı, salatlı-desertli bir menyu – cəmi 1 avroya. Yeganə problem qidanı almaq üçün növbədir. Bəzən 40 dəqiqəyə yaxın növbədə dayanmaq lazım olur, amma dadı ləzzəti yerindədir".

 

Nicat Rüstəm

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı