Modern.az

Füzulinin iqtisadiyyatı Zəfərdən sonra 4 dəfə böyüyüb - Deputat

Füzulinin iqtisadiyyatı Zəfərdən sonra 4 dəfə böyüyüb - Deputat

Ölkə

Bu gün, 13:20

Bu gün Füzuli Şəhəri Günüdür. 2020-ci ildə işğaldan azad edilən Füzuli ötən müddətdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı ünvanlardan birinə çevrilib. Şəhərin gələcək inkişaf perspektivləri, iqtisadi potensialı və Qarabağın ümumi inkişafında rolu diqqətçəkən nüanslardır.

Modern.az-a danışan Milli Məclisin Füzulidən seçilmiş deputatı Vüqar Bayramov rayonun iqtisadi göstəricilərindən, həyata keçirilən layihələrdən və qarşıdakı dövrdə gözlənilən inkişaf perspektivlərindən danışıb.

Vüqar Bayramov bildirib ki, şəhərin qısa müddətdə yenidən qurulması və yaşayışın bərpası mühüm nəticələrdən biridir:

“Füzuli şəhəri işğaldan azad olunduqdan sonra qısa müddətdə yenidənqurma mərhələsinə qədəm qoydu. Nəzərə alsaq ki, şəhər azad edilən zaman Azərbaycan bayrağını asmağa yer tapmaq belə kifayət qədər çətin idi, çünki erməni işğalı dövründə tamamilə dağıdılmışdı. Lakin qısa müddətdə həyata keçirilən yenidənqurma işləri Füzulidə yaşayışın bərpasına imkan verdi. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilərək istifadəyə verilən hava limanlarından biridir. Hətta bir ildən az müddətdə hava limanının istifadəyə verilməsi reallaşdı. Artıq Füzuli şəhərində 3 mindən artıq keçmiş məcburi köçkün daimi yaşayır”.

Deputat qeyd edib ki, Zəfərdən sonra Füzuli rayonunun iqtisadiyyatında da əhəmiyyətli artım müşahidə olunur. Onun sözlərinə görə, ötən müddətdə rayonun iqtisadiyyatı 4 dəfə böyüyüb, tikinti sektorunda 8 dəfə, sənayedə 3 dəfə, aqrar sahədə isə 2 dəfə artım qeydə alınıb.

Vüqar Bayramov bu göstəricilərin investisiyaların cəlb olunması, infrastruktur layihələrinin genişləndirilməsi və iqtisadi fəallığın artması ilə bağlı olduğunu vurğulayıb.

Deputatın fikrincə, uzun müddət işğal altında qalan və dağıntılara məruz qalan Füzuli şəhəri və bütövlükdə rayon hazırda Qarabağın inkişaf mərkəzlərindən birinə çevrilir.

“Cənab Prezident tərəfindən Füzuli şəhəri Qarabağın hava qapısı elan olunub. Çünki Füzuli Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş ərazidə ilk olaraq burada istifadəyə verilməsi, Zəngəzur dəhlizinin Füzulidən başlaması şəhərin Qarabağın nəqliyyat-logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu baxımdan, genişmiqyaslı layihələrin və proqramların həyata keçirilməsi növbəti dövrdə məskunlaşma prosesini daha da sürətləndirəcək. Eyni zamanda, Füzuli rayonunun həm Qarabağın, həm də Azərbaycanın iqtisadiyyatındakı payının artmasına gətirib çıxaracaq”, – deyə Vüqar Bayramov əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı