Modern.az

Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır - Fuat Oktay

Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır - Fuat Oktay

Aktual

Bu gün, 12:55

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara millət vəkili Fuat Oktay Türkiyə ilə Azərbaycan arasında son günlər yaradılan süni gərginliyə münasibət bildirib.

Modern.az xəbər verir ki, Fuat Oktay sosial şəbəkə hesabında paylaşım edərək iki ölkə arasında sağlam düşüncə və qardaşlıq hüququnun qorunmasının vacibliyini vurğulayıb. O, Türk dünyasının birliyini və həmrəyliyini hədəf ala biləcək “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmağa çağırıb.

F.Oktay Türkiyə - Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı ilə müttəfiqlik əsasında möhkəmləndiyini, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində isə Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Onun sözlərinə görə, bu prosesdə parçalanmaya və fikir ayrılıqlarının dərinləşməsinə səbəb ola biləcək cəhdlərə qarşı ehtiyatlı davranmaq lazımdır.

“Fərqliliklərimizi qardaşlıq hüququ çərçivəsində dəyərləndirməliyik”, – deyə Oktay bildirib.

O, ortaq dəyərlərlə yanaşı, fərqli mövqelərin mövcudluğunun da təbii olduğunu vurğulayıb. Komitə sədri əsas məsələnin bu fərqlilikləri qarşılıqlı anlaşma və qardaşlıq münasibətləri çərçivəsində dəyərləndirmək olduğunu bildirib.

Fuat Oktay ortaq gələcəyə zərər vurmaq istəyən cəhdlərə qarşı sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasındakı köklü bağların qorunmasına çağırıb.

“Türk dünyasının güclənməsindən kimlər narahatdır?”

Oktay Türk dünyasının güclənməsindən kimin narahat olduğu və Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasından kimin fayda götürə biləcəyi barədə suallar səsləndirib. O, bu məsələlərə birlik və həmrəyliyi daha da gücləndirən yanaşma ilə baxılmasının vacibliyini vurğulayıb.

Türkiyəli deputat “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı ayıq-sayıq olmağa çağıraraq, qardaşlığı hədəf alan cəhdlərə qarşı diqqətli davranmağın zəruriliyini bildirib.

Fuat Oktay paylaşımını bu sözlərlə yekunlaşdırıb: “Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı