Modern.az

Azərbaycanın hərbi qüdrəti müharibədən sonra dəfələrlə artıb

Azərbaycanın hərbi qüdrəti müharibədən sonra dəfələrlə artıb

Aktual

12 Yanvar 2023, 17:26

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu getdikcə artır və bu proses təkcə enerji sektorunun ənənəvi istiqamətlərini- neft və təbii qaz tədarükünü deyil, bərpa olunan enerji sahəsini də əhatə edir.


Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri şərh edən millət vəkili,Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatlarının minimal olaraq 2,6 trilyon kubmetr qiymətləndirilməsi, ölkəmizin ən azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük etmək imkanında olacağını sübuta yetirir:

 

“Bu isə o deməkdir ki, Azərbaycan onilləri əhatə edən zaman kəsiyində dünyanın enerji bazarında öz layiqli yerini qoruyub saxlayacaq. Hazırda dünyada, cənab Prezidentin öz müsahibəsində qeyd etdiyi kimi, enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün ölkəmizin qlobal enerji sektorundakı mövqeyinin güclənməsi eyni zamanda geosiyasi təsir imkanlarımızın daha da artması deməkdir”.


Azər Kərimli qeyd edib ki, Azərbaycanın həm ənənəvi, həm də “yaşıl enerji” tədarüki sahəsində dünya enerji bazarındakı rolu ilə yanaşı, ölkəmizin iqtisadi və hərbi qüdrəti də artır:

 

“44 günlük müharibədə Ermənistan ordusunu darmadağın edən, həmçinin rəsmi İrəvanın hərbi müstəvidə revanş etmək cəhdlərini sarsıdıcı həmlələrlə iflasa uğradan Azərbaycan Ordusunun hərbi qüdrəti və üstünlüyü getdikcə daha da güclənir. Azərbaycan son bir il ərzində - mart ayından bəri 3 dəfə göstərdi ki, hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu baxımdan, Ermənistan yaxşı başa düşməlidir ki, sülh müqaviləsini imzalamaqdan başqa seçimi yoxdur. 44 günlük müharibədə düşmənə sarsıdıcı zərbələr vuran Xüsusi Təyinatlı Qüvvələrin sayı 2 dəfə artırılıb və bu sayın yenə də artırılması nəzərdə tutulıib. Yeni komando qüvvələri yaradılır və yenə də yaradılacaq. Silahlı Qüvvələrimizin təchizadı bütün müstəvilərdə ən yüksək səviyyədə təmin edilir. Bütün bunlar o deməkdir ki, Azərbaycanın hərbi qüdrəti 44 günlük müharibədən sonra dəfələrlə artıb, Ermənistanın isə, əksinə öz hərbi potensialını gücləndirmək cəhdləri iflasa uğrayıb. Bu sıraya məğlub ordunun mənəvi-psixoloji əhval-ruhiyyəsini, o cümlədən qalib Azərbaycan Ordusunun yüksək döyüş ruhunu, Zəfərin bəxş etdiyi mənəvi-psixoloji üstünlüyü də əlavə etsək, mənzərəni aydın şəkildə görmək mümkündür. Bütün bu reallıqların düzgün qiymətləndirilməməsi isə, Ermənistanın daha ağır şərtlər altında sülh müqaviləsi imzalamaq üçün diz çöküb yalvarmasına gətirib çıxara bilər”.


Millət vəkilinin sözlərinə görə, ölkəmizin qüdrəti və xalqımızın mənəvi üstünlüyü, birliyi və həmrəyliyi özünü təkcə ordumuzun hərbi potensialının güclənməsində deyil, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində də qabarıq şəkildə büruzə verir: “Bu il, cənab Prezidentin müsahibəsində vurğuladığı kimi, böyük qayıdışın ən önəmli mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur - Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə başlanıb, bir neçə kəndin təməli qoyulub. Laçın şəhərində geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. 2023-cü ildə Şuşada, Ağdamda, Füzulidə məktəblər, xəstəxanalar hazır olacaq. 


Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa olunub və onların generasiya gücü 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir. Bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Təqribən 60 min hektarda taxıl səpini aparılıb. Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında 10 milyonluq investisiya layihələri təsdiqlənib. İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir. İşğaldan azad edilmiş ərazilərimizin minalandığını və minaların zərərsizləşdirilməsi prosesinin vaxt apardığını, böyük vəsaitlər tələb etdiyini nəzərə alsaq, bərpa-quruculuq işlərinin ağlasığmaz bir sürətlə həyata keçirildiyini söyləmək olar. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətlərindən, xalqımızın öz Prezidentinin ətrafında sıx birləşməsindən, həmrəy olmasından, mənəvi gücündən, Vətənə olan sonsuz sevgisindən qaynaqlanır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?