Türkiyənin İğdır şəhərində Azərbaycanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə konsert, sərgi və qardaşlıq yürüşü təşkil olunub.
Modern.az xəbər verir ki, türkiyəli jurnalist Cabbar Şıktaş “Yeşil Iğdır” nəşrindəki yazısında İğdır sakinlərinin tədbirlərdə fəal iştirak etdiyini bildirib. Tədbirlər İğdır Valiliyi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Diasporla İş üzrə Dövlət Komitəsi və İğdır Azərbaycan Evinin əməkdaşlığı ilə keçirilib.
İğdır Mədəniyyət Mərkəzində Naxçıvandan gələn ifaçılar və folklor kollektivi çıxış ediblər. Tamaşaçılar onların çıxışını ayaqüstə alqışlayıblar.
Həmin gün Şuşanın və Qarabağın rəmzlərindən biri olan xarıbülbülün adını daşıyan sənət emalatxanası da açılıb. İğdır valisi M. Fırat Taşoların həyat yoldaşı Didem Taşoların təşkilatçılığı ilə hazırlanan işlərdə xarıbülbül təsviri nişanlara, çantalara, boyunbağılara və tablolara həkk olunub.
Axşam saatlarında Zübeydə xanım bulvarından başlayan qardaşlıq yürüşünə İğdır valisi M. Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov və şəhər sakinləri qatılıblar. İştirakçılar Azərbaycan və Türkiyə bayraqları ilə yürüş ediblər. Sakinlər onları evlərdən və iş yerlərindən alqışlarla qarşılayıblar. Yürüşdə Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinin yer aldığı plakat da daşınıb.
Şıktaş yazısında Türkiyənin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi dəstəyi və 2023-cü ildə Kahramanmaraş zəlzələlərindən sonra Azərbaycanın Türkiyəyə yardımını xatırladıb. Jurnalist İğdırdakı yürüşü iki xalqın həmrəyliyinin daha bir ifadəsi kimi qiymətləndirib.