Hərbi xidmətə çağırış qaydaları dünya ölkələrində fərqlidir. Bəzi ölkələrdə ordunun əsas hissəsini kişilər təşkil etsə də, son illər bu tendesiya dəyişməyə başlayıb. Belə ki, bir çox ölkələrdə kişilərlə yanaşı, qadınlar da orduya cəlb olunur.
Modern.az qadınların əsgər getdiyi ölkələrlə bağlı kiçik araşdırma aparıb. Müxtəlif ölkələri əhatə edən məlumatları oxuculara təqdim edirik:
Norveç
Norveçdə hərbi vəzifələrdə qadınlar da çalışır. Norveç 2015-ci ildən xidmətin hər iki cins üçün məcburi olduğu Avropa-NATO hərbi-siyasi alyansının ilk üzvüdür. Bu ölkədə hərbi xidmətdə olan qadınların sayı hər il artır.
Son statistik məlumatlara əsasən, hərbi sahədə çalışan ümumi işçilərin 19%-ni qadınlar, 81%-ni isə kişilər təşkil edir.

Norveçdə hər bir vətəndaş qanunla müəyyən edilmiş müddət ərzində dövlətin müdafiəsinə xidmət etməyə borcludur. Bu ölkədə tam hərbi xidmət müddəti 19 aydır. Xidmətdən müxtəlif əsaslarla, o cümlədən dini və əxlaqi inanclar, emosional münasibət və s. imtina edilə bilər. Bununla bağlı qanunda güzəştlər nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, haqqında bəhs olunan Skandinaviya ölkəsində orta hesabla hər il təxminən 7500 kişi və qadın hərbi xidmətə çağırılır. Lakin araşdırmalar qadınların orduya cəlb olunmasının cəmiyyətdə cinsiyyətçi əhval-ruhiyyəni aşağı saldığını göstərir.
Almaniya

Almaniya 2001-ci ildə Avropa Məhkəməsinin qərarı ilə qadınlara döyüş vəzifələrində xidmət etməyə icazə verib. Bundan əvvəl qadınlar əsasən həkim və hərbi orkestrlərdə çalışa bilirdilər. Hazırda Almaniya ordusunda 23 minə yaxın qadın əsgər var və onların sayı getdikcə artır. Qadın hərbi qulluqçuların ümumi sayı hərbi qüvvənin 2%-ni təşkil edir. Almaniyada hərbi xidmət üçün könüllü olan hər beş nəfərdən biri və zabit karyerası üçün müraciət edən hər üç nəfərdən biri qadındır.
İsrail

İsraildə 18-28 yaş arası bütün vətəndaşlar məcburi hərbi xidmət keçir. Qadınlar iki il, kişilər isə üç il xidmətə cəlb olunur. Qadınlar evli, hamilə və ya uşaqları olduqda, eləcə də dini səbəblərə görə hərbi xidmətdən azad edilə bilərlər.
İsraildə qadınlar ordunun bütün qollarında xidmət edir, bir çoxu məsul vəzifələrdə çalışır. İsraildə ümumi əsgərlərin 35 faizini qadınlar təşkil edir.
Məlumata görə, ilk qarışıq qadın piyada birliyi 2004-cü ildə yaradılıb. O vaxtdan bəri qadınlar üçün açıq hərbi mövqelərin faizi durmadan artıb. Statistikaya əsasən, 2013-cü ildən 2017-ci ilə qədər piyada qoşunlarında qadın əsgərlərin sayı 35% artıb.
ABŞ
ABŞ-da 2014-cü ildən etibarən bütün vəzifələrdə qadınlara xidmət etməyə icazə verilib. Onlar heyətin orta hesabla 16-17%-ni təşkil edir. Bu, o deməkdir ki, 224.000-dən çox qadın hərb sahəsində çalışır, yalnız 6%-i komandanlıq vəzifələrində təmsil olunur.
Onu da qeyd edək ki, ABŞ-da qadınlar İkinci Dünya Müharibəsi illərində orduda inzibati vəzifələr tutmağa başlayıblar.
Rusiya
Qonşu Rusiyada yalnız 18 yaşdan yuxarı kişilər məcburi hərbi xidmətə cəlb olunur. Lakin qadınlar müqavilə əsasında hərbi xidmətə çağırıla bilərlər. 2021-ci ilin rəsmi məlumatına əsasən, Rusiya Silahlı Qüvvələrində indiyə qədər 300.000-dən çox qadın, 270.000 mülki şəxs və 40.000 hərbçi xidmət edib.
Qadınlar üçün müxtəlif işlər mövcuddur: rabitə (radio operatoru, rabitə quraşdırıcısı, rabitə operatoru), tibb (dezinfeksiyaedici, tibb bacısı, həkim), poliqrafiya (qravüraçı, avadanlıq tənzimləyicisi), kompüter texnikası (kompüter operatoru).
İsveç

İsveç cinsindən asılı olmayaraq, məcburi hərbi çağırışın müəyyən edildiyi Norveçdən sonra ikinci Avropa ölkəsidir. Bununla bağlı qərar hökumət tərəfindən 2010-cu ildə ləğv edilsə də, 7 ildən sonra geri qaytarılıb. Hərbi xidmətə çağırış sisteminin bərpasından sonra bu dəfə qanun gender-neytral variantda qəbul edilib.
İstər Norveçdə, istərsə də İsveçdə potensial çağırışçıların seçilməsi üçün ciddi prosedur var və onların xidmət müddəti fərdi qaydada müəyyən edilir, 7 aydan 15 aya qədər dəyişir. 2019-cu ilin məlumatlarına görə, İsveçdə qadınlar ordunun təxminən 17%-ni təşkil edib.
Səudiyyə Ərəbistanı

Bu ölkənin Müdafiə Nazirliyi öz rəsmi portalında iki il əvvəl ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınların müraciətlərini qəbul edib.
Ərəb ölkəsində ilk dəfə qadınlar quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmətə cəlb olunur. Eyni zamanda hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri verilir. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir.
Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul edilir. Onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər.
Ermənistan

Ermənistanda da qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır. Məqsəd ordunun döyüş hazırlığının artırılmasına töhfə vermək arzusu və imkanı olan qadınların potensialından istifadə etməkdir.
Hazırda qeyri-rəsmi mənbələrə görə, 3000-dən çox qadın Ermənistan silahlı qüvvələrində, əsasən inzibati vəzifələrdə xidmət edir. Amma 1992-1994-cü illər arasında Birinci Qarabağ müharibəsində 600-ə yaxın erməni qadın könüllü əsgər, həkim və tibb bacısı kimi döyüşlərdə iştirak edib. Onlardan 18 nəfəri ölüb.