Modern.az

Azərbaycan İran arasında “buzlar” əriyirmi? - ŞƏRH

Azərbaycan İran arasında “buzlar” əriyirmi? - ŞƏRH

Aktual

23 May 2013, 15:27

Azərbaycanla İran arasında zaman-zaman siyasi müstəvidə gərginlik yaşanıb. Cənub qonşumuzun rəsmi dairələri dəfələrlə Azərbaycan haqqında tənqidi fikirlər söyləməklə dövlətimizin xarici siyasət kursunu da hədəfə alaraq təxribat xarakterli bəyanat səsləndiriblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərindən sonra isə iki ölkə arasında yaşanan söz dueli nisbətən sakit məcraya yönəldi. Çünki AMEA-nın elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun azadlığa buraxılması bulanıq olan suları durultdu.
Bundan sonra Azərbaycan-İran münasibətləri necə olacaq?

Modern.az-ın bu və digər suallarını Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov cavablandırıb.

“Azərbaycanın qonşuluq siyasətində maraqlıdır”

Ekspert bildirib ki, Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri də qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsi xəttidir. Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən bizim İranla əlaqələrdə maraqlı olmağımız təbiidir.
“Ümumiyyətlə, Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə də münasibətlərin yaxşılaşdırılması Azərbaycanın siyasi kursunun mühüm elementini təşkil edir. Qonşularla münasibət yaxşı olmayanda uzaq xarici dövlətlərlə də əlaqələrdə ciddi problemlər yarana bilər. Nəzərə almaq lazımıdır ki, İran Azərbaycanla ortaq tarixə, mədəniyyətə, dəyərlərə və dinə malikdir. Orada 35 milyon soydaşımız da yaşayır. Bütün bu faktorlar nəticə etibarilə ölkəmizi İranla sıx və mehriban qonşuluq münasibətlərində olmasını şərtləndirən amillərdəndir”.

“İranın dost itirən vaxtı deyil”

Politoloq İranla bəzi məsələlərdə müəyyən anlaşılmazlıqların olmasına belə aydınlıq gətirib: “Bu özünü müxtəlif formalarda, əksər hallarda isə Azərbaycan ziyalılarının qeyri-qanuni olaraq İranda saxlanmasında göstərir. İranın özündə də müəyyən qüvvələr var ki, ikitərəfli münasibətlərin inkişaf tempindən məmnun qala bilmirlər. Onlar hər vəchlə çalışırlar ki, müəyyən gərginlik yaratsınlar. Ancaq hesab edirəm ki, son nəticədə İranın praqmatik siyasəti üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, İranın dost itirən vaxtı deyil”.

Cənuba Şimaldan məsləhət

Siyasi təhlilçi qeyd edib ki, İran faktiki olaraq təcrid vəziyyətindədir.
”Bu gün İrana qarşı BMT Təhlükəsizlik Şurasının və ayrı-ayrı dövlətlərin ikitərəfli sanksiyaları var. Bunu ABŞ və onun müttəfiqləri edib. Belə vəziyyətdə Azərbaycanla İranın münasibətlərinin korlanması rəsmi Tehranın maraq və mənafelərinə uyğun deyil. İndiki vəziyyətdə İran daha çox Azərbaycanla münasibətlərin inkişafında maraqlı olmalıdır. Müəyyən anlaşılmazlıqların olmasına baxmayaraq prinsip etibarilə siyasi münasibətlərin inkişaf etdirilməsi üçün münbit şərait var. Təəssüf ki, bir çox halda bu atmosferdən başqa səmtdə istifadə edən qüvvələr tapılır”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı