Modern.az

Vəkil yazır: Cəzaçəkmə müəssisələrinin təqdimatlarını məhkəmələr rədd edir

Vəkil yazır: Cəzaçəkmə müəssisələrinin təqdimatlarını məhkəmələr rədd edir

Aktual

23 May 2013, 19:36

Aslan İsmayılov

Bir aydır ki, Azərbaycan həbsxanaları ilə bağlı yazı yazmaq istəyirdim, sadəcə vaxtım olmurdu. Bütün ömrüm boyu olduğu kimi, yenə vaxtım yoxdur. Ancaq həmkarım Adil İsmayılovun statusunda qeyd etdiyi lətifədəki kimi, təhlükənin mənim də qapıma yaxınlaşdığından hər işimi kənara qoyub yazını başladım. Əlbəttə ki, son dövrlər, xüsusilə Mədət Quliyevin ədliyyə nazirinin müavini təyin edildikdən sonra,  həbsxanalarda (həbsxanalar dedikdə, ümumiyyətlə azadlıqdan məhrum edilmiş insanın saxlandığı bütün yerləri nəzərdə tuturam)  vəziyyət nəzərə çarpacaq dərəcədə dəyişmişdir. Dəyişiklik dedikdə, həbsxanalara narkotik vasitələrin daşınmasının,  məhbuslara xüsusi şərait yaradılması müqabilində rüşvət yığılmasının, xəstə olanların ancaq rüşvət müqabilində xüsusi rejimli müəssisələrə yerləşdirilməsinin qarşısının alınmasını, məhbuslara olan münasibətin dəyişməsi istiqamətində görülən işləri nəzərdə tuturam. Ən azından, rəis dəyişdirildikdən sonra özümün daim məhkumlarla görüşdüyüm Bakı İstintaq Təcridxanasında bunun şahidi olmuşam.
Bununla belə, bu gün də çoxlu sayda görüləsi işlər var. Kameralarda olan sıxlıq, su çatışmazlığı,  kameraların havalandırılması, xüsusilə yay vaxtı ərzaqların saxlanılması, isti suyun verilməsi, gəzişməyə çıxmaq, görüş verilməsində olan vaxt məhdudiyyətləri, kameralarda qışda soyuq, yayda isti olması, tibb hissəsində dərman çatışmazlığı, məhbuslara təyin olunmuş cəzanın islah yox, daha da sərt cəzaya çevrilməsinə aparır və onların azadlığa çıxdıqda daha da aqressiv hərəkətlərinə səbəb olur.
Məhbuslara yazılı dövrü mətbuatın verilməsində olan problemlərə xüsusi toxunmaq istəyirəm. Bu məhdudiyyət, xüsusilə siyasi baxışlarına görə həbsxanalarda olanlara tətbiq edilir ki, bu hal da həqiqətən, zənnimcə, həmin şəxslərə verilən işgəncədir. Siyasi məhbuslara  müxalifətyönlü “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin verilməsində əngəllər törədilir. Bu məqamda 1997-ci ildə həbs edilmiş tanınmış politoloq Rasim Ağayevi qeyd etməyə bilmərəm. R.Ağayev siyasi baxışlarına görə həbs edilib MTN-nin təcridxanasında saxlanılırdı və oxumaq üçün ona ancaq “Azərbaycan” qəzeti verilirdi. R.Ağayev o vaxt, nazir N.Abbasova müraciətində yazmışdı ki, “məni qanunsuz həbs etməniz bəs deyil, bundan əlavə ancaq Sizin ideologiyanın təbliğatçısı olan qəzeti mənə verməklə mənə ən ağır işgəncə verirsiniz”.
Bu yazıda bir halı xüsusi qeyd etmək istəyirəm. Son zamanlar, qanunda nəzərdə tutulmuş, vaxtından əvvəl cəzadan azadetmə nəzərdə tutulan maddələr demək olur ki, tətbiq edilmir. Cəzaçəkmə müəssisələrinin bu tipli təqdimatları isə məhkəmələr tərəfindən bir qayda olaraq rədd edilir. Çox nadir hallarda tətbiq olunanda isə şifahi göstəriş var deyə, külli miqdarda rüşvət tələb olunur.
Yazdıqlarımın diqqət mərkəzində olması üçün konkret bir işi göstərirəm. Müdafiə olunan şəxs 22.03.2001-ci ildə AR CM-nin 120.1 və 29 120.2.7-ci maddələri ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdir.  Məhbusun qonşusu bacısının ərini axşam vaxtı evdən qonaqlığa çağırmış, güclü sərxoş olduğundan sonra onu kafedə qoymuş, özü isə gəlib gecə vaxtı məhbusun bacısına təcavüz etmək istəmişdir. Bacısı qaçıb qonşuluqda yaşayan anasına baş verənləri söyləyəndə pəncərənin qarşısında olan məhbus bunu eşitmişdir. Dərhal qonşusunun böyük qardaşına tədbir görülməsi üçün olanları söylədiyi vaxtı həmin şəxs yaxınlaşıb, qardaşının “yaxşı etdiyini” demişdir. Böyük qardaş günahkarı danlamaq əvəzinə, məhbusun üstünə çəmkirmiş, o da evdən bıçaq götürüb hər ikisini bıçaqlamışdır. Günahkar ölmüş, qardaşı isə xəsarət almışdır. 20.09.2000-ci ildə 25 yaşında məhkum olunmuş bu şəxs cəzasının 13 ilini çəkmiş, zərərçəkənlər onun azad olunması xahişi ilə məhkəməyə müraciət etmiş, cəzaçəkmə müəssisəsi çox kasıb yaşayan məhbusun müsbət xarakterizə edildiyi əsası ilə, vaxtından əvvəl cəzadan azad edilməsi üçün iki dəfə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Sonuncu dəfə 29.04.2013-cü ildə məhkəmənin rədd cavabını bildikdən sonra məhkəmənin sədri N.Tağıyevə bu iş ətrafında qanunsuzluqların baş verdiyini anlatmağa çalışdıqda, o məni təxribatçılıqda suçlamış və sonra prinsip apararaq qərarın verilməsini ləngitmişdir. Bu işi bu cür qabartmaqda məqsədim heç də N.Tağıyevlə haqq-hesab çəkməyim deyil, çünki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaxın dostu olan birisinə mənim gücüm çatmaz. Sadəcə, bu tipli çoxlu işlər olduğundan, bir nümunə göstərdim. Bu tipli işlərdə məhkəmələr şablon olaraq məhkumun islah olunmadığını göstərirlər. Sual olunur: İllərlə məhbusun cəza çəkdiyi müəssisənin onun islah olunduğunu göstərdiyi halda məhkəmələr hansı əsasla əksini təkid edirlər?!
 
P.S. Deyilənə görə, baş verənlər ədliyyə naziri F.Məmmədovla onun müavini M.Quliyev qarşıdurmasının nəticəsidir

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı