Modern.az

“Qarabağ klanı”na daha bir zərbə - Rusiya Paşinyana qəzəbləndi 

“Qarabağ klanı”na daha bir zərbə - Rusiya Paşinyana qəzəbləndi 

Aktual

14 Fevral 2023, 00:08

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə müxalifətin “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinin açılması baş nazir Nikol Paşinyanın əlini gücləndirir.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, sabiq nazirə qarşı açılmış cinayət işini "Qarabağ klanı"na zərbə kimi qiymətləndirib:

 

"Nikol Paşinyan hər zaman bildirir ki, ordu o hakimiyyətə gəlməmişdən əvvəl bərbad durumdaydı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya ilə məşğul idilər. Seyran Ohanyana qarşı qaldırılan cinayət işinin materialları Paşinyanın haqlı olduğunu göstərir. Ermənistanın baş prokuroru Ohanyanı müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını ucuz qiymətə yaxınlarına satmaqda ittiham edib. Seyran Ohanyana qarşı başqa ittihamlar da var. Seyran Ohanyanın korrupsiyaya bulaşdığı onun nazir olduğu illərdə də bəlli idi. Ohanyan 2010-cu ildə İrəvanın mərkəzində bütöv bir binanı satın almışdı.

 

Beləliklə, Nikol Paşinyan rəqiblərindən birini də neytrallaşdırdı. “Qarabağ klanı” itirə-itirə gedir. Klanın liderləri Robert Köçəryan və Serj Sərkisyan Paşinyana rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb".

 

E.Şahinoğlunun fikrincə, Paşinyan Kremlinin xoşuna gəlmir, erməni baş nazirin açıqlamaları Moskvanı qıcıqlandırır:

 

"Rusiya hakimiyyətinin imkanı olsa, onu devirər. Ancaq Kremlin hazırda Ermənistanda bunu reallaşdıracaq adamı yoxdur. Kreml 1990-cı illərin ortalarında prezident Levon Ter-Petrosyanı asanlıqla devirdi, çünki baş nazir Robert Köçəryan və daxili işlər naziri Serj Sərkisyan qiyama rəhbərlik etdilər, o zaman üçün onlar nüfuzlu idilər. İndi isə belələri yoxdur. Paşinyanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq, ölkəsində rəqibi yoxdur".

 

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham elan olunub. O, külli miqdarda dövlətə məxsus vəsaitin ələ keçirilməsində günahlandırılır. Bundan əvvəl isə parlament Ohanyanın toxunulmazlıq hüququnun ləğvi barədə qərar çıxarmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı