Rusiya ordusunun 4 hərbi dairəsinə yeni komandirlər təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, general-leytenant Rüstəm Muradov rəsmi olaraq Şərq Hərbi Dairəsinin komandiri təyin olunub. Təyinat 2022-ci ilin noyabr ayında baş tutsa da, Müdafiə Nazirliyi indi elan edib.
Bundan əvvəl o, Cənub Hərbi Dairəsi komandirinin müavini vəzifəsində çalışıb. İyul ayında Rusiya Müdafiə Nazirliyi Rüstəm Muradovun Ukraynadakı müharibədə iştirak edən “Şərq” qrupuna komandanlıq etməsi barədə məlumat yaymışdı.
Digər əmrə əsasən, general-leytenant Andrey Mordviçev Mərkəzi Hərbi Dairənin, general-leytenant Yevgeni Nikiforov Qərb Hərbi Dairəsinin komandiri, general-polkovnik Sergey Kuzovlev Cənub Hərbi Dairəsinin komandiri təyin ediliblər.
Onu da bildirək ki, Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.
Akif İsmayılov