Modern.az

Yalançının evi yandı, heç kim inanmadı... çünki sığortası vardı

Yalançının evi yandı, heç kim inanmadı... çünki sığortası vardı

Aktual

28 İyun 2013, 10:33

“Ev sahibi başa düşməlidir ki, sığorta vasitəsilə müəyyən güzəştlər əldə edir”

Bir həmkarımı mənzilini icbari sığortalamağa heç cür razı sala bilmirdim. Hər dəfə bu barədə söhbət düşəndə yarızarafat, yarıciddi cavabı belə olurdu ki, bu boyda xərcə nə gərək var, bir balaca ehtiyatlı olsan, heç bir sığortaya-filana ehtiyac qalmaz. Özündən bu qədər razı danışan, heç bir sığortaya ehtiyac duymayan yoldaşımla belə bir zarafat etməyi qərara aldım. Xoş niyyətlə edilən “ən pis zarafat belə yaxşılığa yazılır” prinsipi ilə həmkarıma zəng vurub evinin yandığını xəbər verdim. Telefonun o başından heç bir səs gəlməyəndə başa düşdüm ki, yoldaşım o dünya ilə bu dünya arasında var-gəl edir. Qorxumdan uzun müddət gözünə görünməsəm də xəbər tutdum ki, sığortanın adını belə ağzına almayan dostum elə həmin gün mənzilini sığortaladıb. Bu bir zarafat olsa da, çoxları bu cür bədbəxt hadisənin qurbanı olur. Axı heç kim bədbəxt hadisənin başına gələcəyinə inanmaq istəmir. Bir gün evinin yanmasına, partlamasına, uçmasına... Amma azmı olur ki, ağla gəlməyən başa gəlir? Məsələn, bir neçə il öncə Sabirabadın kəndləri bir neçə saatın içində suyun altında qaldı, nəticədə camaat evindən-eşiyindən oldu? Ötən il isə Zaqatalada zəlzələ bütün rayonun sakinlərini çöllərdə qoydu. Bütün bunlara baxmayaraq yenə də vətəndaşlar mənzillərini sığortalamaq adı gələndə daş atıb başlarını tuturlar. Belə fikirləşənlər Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin sığorta işinin təbliği və təşviqi şöbəsinin müdiri Süleyman İbrahimovla söhbətdən sonra fikirlərini 180 dərəcə dəyişəcəklər.

təbiətə də aciz qalacaq, əgər...

Müsahibim deyir ki, heç kim təbiətin şıltaqlığından sığortalanmayıb. Amma vətəndaşlar mənzillərini sığortaladaraq təbiətə belə, fürsət buraxmaya bilərlər. İllər boyu alın təri ilə qazandığı evi bədbəxt hadisəyə və ya təbiətə yem etmək istəməyənlər 50 manat ödəyərək daşınmaz əmlaklarının 25 min manata qədərini qurtara bilərlər. Ehtiyatı əldən verməyənlər Bakıda – 50, Gəncə, Sumqayıtda – 40, Naxçıvanda eləcə də digər yaşayış məntəqələrində isə 30 manat ödəyib mənzillərini icbari sığorta etdirə bilərlər.

Süleyman İbrahimov deyir ki, icbari sığortadan azad olma məbləği də var ki, həmin bu məbləğə görə zərərçəkən 250 manatı özü ödəyir: “Məsələn, dəymiş zərər 25 min manat məbləğindədirsə həmin məbləğdən 250 manat çıxılır və yerdə qalan 24750 manatı şirkət ödəyir. Bu şərtlər yalnız Bakıda keçərlidir. Amma Gəncə, Sumqayıtda icbari sığorta haqqı 40, sığorta məbləği isə 20 minə düşdüyündən sığortadan azad olma miqdarı 200 manata enir. Naxçıvan və digər rayonlarda sığorta məbləği 15 min manat olduğundan sığortadan azad olma məbləği də 150 manatdır”.

Amma sığortalanmaq istəyənlər harada, necə və kimə gəldi pul verib sığortalana bilməzlər. Çünki Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti yalnız 11 sığorta şirkətinə bununla məşğul olmağa icazə verib. Vətəndaşlar istənilən vaxt AXA MBSK, “Alfa Sığorta”,  Standard İnsurance, AtaSığorta, “Atəşgah” Birgə Səhmdar Sığorta Şirkəti, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti”, Azərsığorta, “AzSığorta”, Xalq Sığorta, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və “Paşa Sığorta” şirkətlərinə müraciət edərək  mənzillərini icbari sığortalada bilərlər.

Süleyman İbrahimov deyir ki, bədbəxt hadisə heç vaxt gəldiyini qabaqcadan xəbər vermədiyindən əhali arasında mütəmadi maarifləndirmə işi aparılır. “2011-ci ildə qəbul edilən qanun artıq iki ildir ki, icra edilir. Qanunda da göstərilir ki, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, binaların, müvafiq icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən dövlət əmlakının icbari qaydada sığortalanması nəzərdə tutulur. Bununla bağlı Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidməti ötən il və bu il may-iyun aylarında qruplarla rayonlara ezamiyyə olunaraq əhali arasında maarifləndirmə işi aparıblar. Qanun rayon sakinlərinə slayd şəklində nümayiş olunub. Daha sonra sakinlərin sualları dinlənilib. Bu il iyirmi bir rayonda maarifləndirmə işi aparılıb ki, bununla da demək olar ki, Azərbaycanın bütün rayonlarının sakinləri icbari sığorta ilə bağlı məlumat ala biliblər”.

maariflən və sığortalan

Maarifləndirmə işi öz nəticəsini də verib. Belə ki, ötən illə müqayisədə mənzilini  icbari sığortaladanların sayı artıb. İcbari Sığorta Bürosuna üzv sığorta şirkətləri tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə 2012-ci il ərzində 149 101 sığorta predmeti sığortalanıb. Statistikaya görə, bunlardan 4 020-si hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 27 887-si fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 117 194-ü yaşayış evləri və mənzillər olub.

Bu sığorta növü üzrə ümumilikdə 11 379 230,85 manat sığorta haqqı toplanıb. Bundan 4 237 598,48 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 2 676 317,35 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 4 465 315,02 manatı yaşayış evləri və mənzillərin sığortalanmasından toplanıb.

Göstərilən sığorta növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı 910 280,60 manat sığorta ödənişi verilib. Bundan 114 648,80 manatı hüquqi şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 169 875,40 manatı fiziki şəxslərə məxsus tikili və qeyri-yaşayış sahələri, 625 756,40 manatı yaşayış evləri və mənzillərə dəyən zərərə görə ödənilib.

Daşınmaz əmlakın icbari sığortası növü sığorta yığımına görə 2012-ci ildə icbari sığorta bazarının 8,91%-ini, ümumi sığorta bazarının isə 3,42%-ini təşkil edib.

İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü ilin I rübü ərzində icbari sığorta növləri üzrə ümumilikdə 182 min 169 sığorta müqaviləsi bağlanıb. Müqavilələrin 21 min 356 ədədi daşınmaz əmlakın icbari sığortası, 880 ədədi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə olub.
Mənzilini icbari sığortalatmaq istəyən aztəminatlı ailələr də qanunla evlərini sığortalada bilərlər. Şöbə müdirinin sözlərinə görə, aztəminatlı ailə ünvanlı sosial yardım alırsa belə, mənzil qəzalı vəziyyətdədirsə qanun həmin evin sığortalanması üçün icazə vermir. Dünyanın hər yerində belədir.

“Əgər həmin şəxsin evi qəzalı vəziyyətdədirsə o zaman müvafiq yerli icra orqanı evə baxış keçirib, aktlaşdırma aparır. Ehtiyac olduğu halda mənzil sahibinə köməklik edilir. Yəni mənzil yararlı vəziyyətə gətiriləndən sonra ev icbarı sığortalanır. Qeydiyyatsız evlərin sığorta məsələsi də insanlarda sual doğurur. Ən azından kimsə haradasa yaşayır. Həmin şəxs icra hakimiyyətindən qeydiyyatda olduğu yerlə bağlı tək arayış almaqla  mənzilini sığortalada bilər. Hətta ev kiməsə icarəyə verilibsə və icarədar həmin evi sığortalamaq istəyirsə, kirayəçinin ixtiyarı var ki, “MİS-dən arayış alaraq həmin evi sığorta etdirə”.  

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov isə icrasına başlanılan qanunun sığorta bazarını inkişaf etdirəcəyinə əmindir. Onun sözlərinə görə, bir neçə il öncə Azərbaycan sığorta bazarında vəziyyət o qədər də ürəkaçan deyildi. Amma qanunun qəbulundan sonra sığortanın bu növünə həvəs artıb: “Qanun qəbul olunarkən uzun müzakirələr oldu. Məqsəd isə qanun qəbul olunandan sonra sığorta bazarında fəaliyyət genişləndirilməsi idi. Qanunun icrasına başlanıldıqdan sonra sığorta bazarında bir qədər irəliləyiş nəzərə çarpır. Maliyyə Nazirliyinin sığorta xidməti də bölgələrdə əhali ilə görüşür və icbari sığorta haqqında əhalini maarifləndirirlər. İcbari sığortanın ən müsbət cəhəti ondan ibarətdir ki, əmlakı hər hansı bir təbii fəlakət və bədbəxt hadisə zamanı ziyan görürsə onun dəyərini sığorta şirkətindən ala bilir. İkincisi də burada qanunun qəbul edilməsi yox əhalinin son vaxtlar sığortaya olan etibarlarını artırmaq idi. Artıq bu istiqamətdə işlər gedir”. 

Azərbaycanda adambaşına düşən sığorta qiymətlərinin də dünya ölkələri ilə müqayisədə dəfələrlə az olduğunu deyən Vahid Əhmədovun sözlərinə görə,  “İcbari sığorta haqqında” qanun layihəsinin icrası sığorta bazarındakı problemlərə son qoyacaq: “Dünyada adambaşına düşən sığortanın məbləği bizim pula çevirsək, 200-300 manat təşkil edir. Azərbaycanda bu rəqəm 16-17 manat civarındadır. Göründüyü kimi bu rəqəmlər də göstərir ki, Azərbaycanda sığorta bazarında ciddi problemlər mövcuddur. “İcbari sığorta haqqında” qanun layihəsi elə problemlərin aradan qaldırılmasına hesablanıb”.

zamana buraxılan icbari sığorta  

MBA Group konsaltinq şirkətinin direktoru, iqtisadi ekspert Nüsrət İbrahimov deyir ki, son illər əhali icbari sığortanın üstünlüklərini anlayır.  

“Artıq hamı anlayır ki, heç də hər şeyi dövlət həll etməli deyil. Özü bu sığorta şirkətləri ilə münasibətlərini qurmalıdırlar ki, sabah əmlakı ilə bağlı hər hansı hadisə baş verərsə o zaman ona dəymiş ziyanı dövlətdən yox sığorta şirkətindən tələb etsin. Bundan başqa əmlakla bağlı hər hansı problem yaranırsa bütün məsələlərlə sığorta şirkəti məşğul olur. Məsələn evini satmaq istəyən şəxs artıq buna vaxt ayırmır. Amma hələ ki, əhalidə sovet psixologiyası qalır. Ona görə də biz hələ buna öyrəşməmişik. Amma tədricən insanlar icbari sığortanın əhəmiyyətini bildikcə ona doğru can atırlar. Dünya ölkələrinin əksəriyyəti artıq bu mərhələni çoxdan keçib. Amma bizdə hələ bu mərhələ yeni olduğundan müəyyən problemlər yaşanır. Bunun üçünsə sığorta şirkətləri də əhali ilə sıx işləməlidirlər və işini düzgün qurmalıdır. Əksər hallarda sığorta şirkətləri işini düzgün qurmur və sığortaçını incidirlər. İnsanlar da sığorta şirkətlərindən küsürlər. Bir sözlə sığorta bazarının formalaşmasına zaman lazımdır. Bazar formalaşdıqca tədricən əyər-əskik də ortadan qalxacaq”.   

Sivil ölkələrdə mənzil satılarkən müştəri sığorta olunmamış evə şübhəli yanaşır  deyən ekspertin proqnozlarına görə, zaman gələcək ki, bizdə də belə vəziyyət  yaranacaq. Nüsrət İbrahimov deyir ki, “Daşınmaz əmlakın icbari sığortası” haqqında qanun qəbul olunandan sonra mənzilini satmaq istəyənlər də evlərini mütləq sığortalatmalıdırlar. Bundan əlavə ekspert deyir ki, mənzilini sığorta etdirməyən fiziki şəxslər İnzibati Xətalar Məcəlləsinə görə, 10 manat cərimə olunurlar. 

“Bilirsinizmi, bu da çıxış yolu deyil. Hər bir ev sahibi başa düşməlidir ki, sığorta vasitəsilə onlar müəyyən güzəştlər əldə edirlər. Hər hansı hadisə baş verəndə sığortası olmayanlara müəyyən dövlət qurumları tərəfindən təyin edilmiş ziyanın 20%-i verilir. Əgər onun sığortası varsa və dəyən ziyan sığorta məbləğindən tutaq ki, 5 min manatdan çoxdursa və bu barədə xüsusi qərar varsa, əlavə məbləği dövlət ödəyəcək. Görürsünüzmü, sığortanın nə qədər əhəmiyyəti var. Onu da deyim ki, burada maarifləndirmə işinə xüsusi diqqət yetirilməlidir”.

Gültəkin ƏLƏSGƏR

Yazı “Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün” təqdim olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı