
Müəllim işləmək istəyənlər bu gündən imtahan verirlər. Modern.az xəbər verir ki, müəllimlərin işə qəbulunun birinci mərhələsinə 25 iyul tarixindən start verilib. Bu tarixdən başlayaraq avqustun 7-dək, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək test imtahanları keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq.
Qeyd edək ki, iyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. Ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.
Ötən illərdə olduğu kimi, yenə də müəllimlərin işə qəbulu ilə bağlı test suallarının sayı 35-dir. Tələblərə görə, şəhər məktəblərində vakant yerlərə keçid balı sualların 80 faizinə düzgün cavab verilməsi, ucqar kənd məktəlbərinə isə keçid balı sualların 60 faizinə düzgün cavab verilməsidir.
21-23 iyul tarixlərindən artıq imtahan qrupları formalaşdırılıb və hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndərilib. Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust 2013-cü il tarixlərində müsahibə təşkil olunacaq.
Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.
Aytən ƏLİYEVA