Modern.az

Dilimiz hörmətli olsa, bizim də hörmətimiz olacaq – Professordan TƏNQİD

Dilimiz hörmətli olsa, bizim də hörmətimiz olacaq – Professordan TƏNQİD

Aktual

1 Avqust 2023, 14:30

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilən bu əlamətdar gündə bütün respublika ərazisində kiril qrafikalı əlifbanın tətbiqi dayandırılıb.

 

Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, Azərbaycan dili mövcudluğunu qoruya bilib və müstəqilliyin ilk illərindən başlayaraq latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülüb. 1 avqust 1990-cı il tarixində Azərbaycan Əlifba Komissiyası yaradılıb və müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov komissiyanın sədri təyin edilib. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiqlənib və tətbiq edilməyə başlanılıb. Prosesin kulminasiya nöqtəsi isə Ümummilli liderin yuxarıda qeyd olunan sərəncamı olub.

 

Təəssüf ki, qloballaşma prosesinin və digər geosiyasi amillərin təsiri nəticəsində Azərbaycan dilinin inkişafı prosesi sanki ləngiyib. Reallıq acı da olsa, belədir: ölkəmizdə xarici dillərə, xüsusilə rus və ingilis dillərinə maraq daha çoxdur, nəinki Ana dildə təhsil almağa, danışmağa... 

 

Bəs səbəb nədir? Niyə doğma dilimizə biganə yanaşırıq? Bu gedişlə bizi nələr gözləyir?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyir ki, xeyli müddətdir müstəqil olmağımıza baxmayaraq, hələ də ölkədə, xüsusən paytaxtda əcnəbi dillərdə ünsiyyətə üstünlük verirlər:

 

"Bir çox ailələrdə bu özünü göstərir. Hətta özünü aristokrat sayan təbəqələrdə daha çox rus dilində, ingilis dilində ünsiyyəti üstün tuturlar. Bunun bir çox səbəbləri var. Uzun illər başqa ölkənin müstəmləkəçiliyində yaşamaq kimi... Bu, xalqın özünün fərdi xüsusiyyətlərindən də asılıdır. Düzdür, əvvəlki illərə görə indi fərq var. 35-40 il öncə televiziyalarımızda öz dilimizdə verilişlər az idi, rus dilinə üstünlük verilirdi. Təbii ki, hazırkı vəziyyət o illərlə müqayisə edilə bilməz. Ancaq dövrün tələblərinə görə, yenə də geri qalırıq. Biz bu sahədə də istədiklərimizə nail ola bilməmişik. Elm adamları, dilçilərin rolu burada əsasdır. Dilin saflaşdırılması, qorunması ilə bağlı bir çox dövlət sənədləri təsdiq edilib, fərman, sərəncamlar imzalanıb. Hətta qurumlar yaradılıb. Amma onu deyim ki, təkcə bunlar kifayət etmir. İnsanın öz dilinə, milliyyətinə, keçmişinə bağlılığı içindən gəlməlidir. Digər tərəfdən isə dövlətin yürütdüyü dil siyasəti var".

 

 

İdris Abbasov bildirir ki, dilimizi sevmək özümüzdən asılıdır, müxtəlif xarici dilləri inkişaf və dünyagörüşümüz üçün öyrənə bilərik, amma danışanda dilimizə xəyanət etməməliyik.

 

"Çox vaxt mən başqa ölkələrdən Çexiyanı müqayisə edirəm. Çünki əhalisi də bizimlə eyni saydadır. 10 milyon əhalisi var. Onlar da vaxtilə Sovet İttifaqının əsarətində olublar. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil olublar. Öz dillərinə çox hörmət edirlər. Təsəvvür edin, Avropanın mərkəzində yerləşən bu kiçik dövlətin dilli başqa dövlətlər tərəfindən ixtisas kimi öyrənilir. Hətta Bakı Slavyan Universitetində ayrıca çex dili tədris olunur. Nəyə görə? Ona görə ki, çexlər öz dillərinə hörmət edirlər. Əgər biz o dili öyrənməsək, onlarla birbaşa ünsiyyətə daxil ola bilmərik. Onlarda dövlət də öz dilini sevir, vətəndaşlar da. Digər xalqlar məcburdur ki, onların dilini öyrənsin. Bizim mənfi xüsusiyyətlərimizdən biri ondadır ki, reklamlarda, hətta restoranlardakı menyularda az qala 30 dildə yazaq. Hansı millət gəlir, qaçırıq qabağına, tez onun dilində nəsə etmək istəyirik. Belə olan halda, əlbəttə, sənin dilini öyrənməyəcəklər. O zaman insan Azərbaycanda oluğunu hiss etmir. Elə lazım deyil. Çexlər öz dillərinə üstünlük verirlər, digər xalqlar da onların dilinə hörmətlə yanaşır. Birinci özümüzdən başlamalıyıq. Keçmiş keçmişdə qaldı. Artıq dilə özümüz önəm verməliyik. Dilimiz hörmətli olsa, bizim də hörmətimiz çox olacaq. Əgər lazımdırsa, hər bir azərbaycanlı istənilən dili öyrənə bilər, o dildə yaza, oxuya, düşünə bilər. Amma biz ana dilimizdə danışmalıyıq, bu, bizim borcumuzudur. İfadə imkanları çox genişdir. Bunu bir millət olaraq daha yaxşı öyrənib, bələd olsaq, millət kimi birliyimizi də təmin edə bilərik".

 

İdris Abbasov, həmçinin qeyd edib ki, dili sevmək dövlətin öndə olan ictimai fəallarından asılı məsələdir:

 

"Dilimizi sevməyə gəlincə, Abbas Səhhətin Vətən sevgisi haqqında dediyi bu misralar eynilə dil üçün də keçərlidir: “Vətəni sevməyən şəxs olmaz, olsa da, ol şəxsdə vicdan olmaz!”. Ana dili sevgisində ilk sırada vicdan gəlir. Dil sevgisi həm də dilin saflığını, orijinallığını, rəngarəngliyini, şirinliyini, möhtəşəmliyini və gözəlliyini təqdim edə bilən şair, yazıçı, aktyor, müğənni, natiq və dilinin dərinliklərinə bələd olan bütün dil daşıyıcılarının fəaliyyəti sayəsində əbədiləşir", - professor sözlərini belə yekunlaşdırıb.

 

Jalə Rövşən

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı