
2011-ci ilin ilk aylarında dünya siyasi gündəminin prioritetində yeni iğtişaşlara start verildi. Tunisdə başlanan və şərti olaraq “Ərəb baharı” adlandırılan, Qərb dairələrinin siyasi məntiqi ilə inqilab adlandırılan iğtişaşlar sonradan Misir və Liviyaya da sıçradı.
“İnqilab ağrıları” ilə qovrulan Şimali Afrika respublikalarını cənginə alan inqilabların sonradan həmin dövlət başçılarının öz postlarını itirməsi ilə nəticələndi. Zeynəlabidin Bin Əli, Hüsnü Mübarək, Müəmmar Qəddafi kimi diktatorların məğlub olması və hakimiyyətdən devrilməsi dünya ictimaiyyətinin demokratiyaya meylli kəsimində müsbət rəy doğurdu. Əslində proseslərin gedişi ABŞ başda olmaqla bu məsələləri Qərb dövlətlərinin layihəsi kimi şərh etməyə zəmin yaratdı. Müşahidələr isə onu deməyə əsas verirdi ki, Qərbin məqsədi heç də etirazçı kütləyə söz, ifadə azadlıqları, firavan həyat bəxş etmək niyyəti daşımırdı. Məsələn, Misir təcrübəsində bunu sezməmək mümkün deyil. Qərbin diktəsi və siyasi iradəsi ilə “demokratik gələcəyə” inanan xalqın tezliklə yanıldığını və yandığını hiss etmir desək, yanlış olar. ABŞ-ın siyasi layihələrini həyata keçirmək niyyəti Tunis, Misir, Liviya hədlərini asan adladı. Bu layihələrin Suriyada da həyata keçirilməsi gecikdi və zaman layihənin əksinə işləməyə başladı. Qərb dairələrinin istəyi ilə Suriyadakı hadisələrin səngiməməsi və vətəndaş qarşıdurması müstəvisinə sürüklənməsi heç də xalqa xoş bir şey gətirmədi. Qarşıdurmalarda 100 mindən çox insanın həyatını itirməsi və Əsəd qüvvələrinin üsyançılara qarşı müqavimət göstərməsi heç də nəticələri xoş olmayan perspektiv vəd edir. Bu vaxta qədər Rusiyanın, İranın, “Hizbullah”ın siyasi və hərbi dəstəyi ilə ayaqda qalmağı bacaran Əsəd rejiminə qarşı ABŞ başda olmaqla Qərb ölkələri, o cümlədən Türkiyə, İsrail, həmçinin “Əl-Qaidə” üsyançıların hərəkətverici qüvvəsi olmaqla münaqişəni çıxılmaz bir məcraya yönəldib. Bununla əslində Suriya böyük dövlətlərin toqquşan siyasi maraqlarının poliqonuna çevrilib. Bundan əlavə, həm də Suriya liderinin uduzacağını proqnozlaşdıran Qərb yanılıb. Təsadüfi deyil ki, bir müddət öncə Suriyaya hərbi müdaxilə məsələsi gündəmə gəlsə də, Rusiyanın səyi nəticəsində Qərb dövlətləri geri çəkilməyə məcbur oldu. Yaxın Şərqdəki əsas strateji dayağını itirmək istəməyən Rusiyanın hələlik ABŞ-a Suriya məsələsində qalib gəlməsi Əsədin yeni “uğurlar” a imza atacağı anlamını da ifadə etmir. Qüvvələr nisbətinin konkret olaraq Əsəd və ya üsyançıların xeyrinə olmasını söyləmək isə mürəkkəb məsələdir. Suriyanın “SANA” rəsmi xəbər agentliyinin xəbər lentlərində Əsəd ordusunun üstün mövqeyə malik olduğu vurğulanır. “Azad Suriya ordusu”nun rəsmi saytında isə “SANA”da yazılanların tam əksi qeyd olunur. Paradoksal informasiyalarla yüklənən siyasi ekspertlər də müharibənin sonunun Suriyanı hara aparacağını söyləməyə çətinlik çəkirlər.

Vətəndaş qarşıdurması fonunda Əsədin qaranlıq taleyi barədə Modern.az saytına danışan politoloq Qabil Hüseynli bildirib ki, vətəndaş müharibəsinin miqyası genişlənəcək: “Çünki Suriyada qarşıdurma meylləri artır və buna yeni-yeni qüvvələr cəlb olunur. Xüsusilə, müxalifət cəbhəsinin islam qanadı sıx inteqrasiya siyasətini yürüdür və sıralarına da qaçqınlardan ibarət yeni-yeni üzvlər qəbul edir”.
Ekspertin fikrincə, Qərbin geri çəkilməsinə baxmayaraq bir çox ərəb ölkələri üsyançılara hələ də maliyyə, hərbi yardımlar göstərməkdə davam edir. “Belə şəraitdə və müharibənin Dəməşq və onun ətrafında getdiyi bir vaxtda Bəşər Əsəd rejiminin qalib gələcəyi haqqında fikir söyləmək çox çətindir. Qarşıdurmalar və müharibələr ölkənin dağılmasına, parçalanmasına aparır”.
Q. Hüseynlinin sözlərinə görə, Rusiya və İranın fəal dəstək verdiyi indiki rejim hələ ki yalnız müqavimət göstərir. Onun qənaətinə görə, Rusiya və İran axıra qədər Əsədə dəstək verə bilməyəcək. “Bu yaxınlarda Suriya müxalifətinin Moskvada görüşü olacaq və yəqin ki, Rusiya ilə də ortaq bir dil tapılacaq. İran 12 minlik qoşunla Əsədi ayaqda saxlayan əsas qüvvələrdən biridir. Lakin Suriyada qoşun saxlamaq baha başa gəlir və İran çox sayda itkilər verir. Düşünürəm ki, sonda Suriya xalqı qalib gələcək. Əsəd rejimin gələcəyi isə çox qaranlıq görünür”.
Suriya müxalifəti parçalanıb...
Konfliktoloq Arif Yunus da döyüşlərin hələ bir müddət davam edəcəyini vurğulayıb. O, Rusiyanın Suriyada böyük marağının və hərbi bazasının olduğunu əsas gətirərək qeyd edib ki, proseslər haqqında qəti rəy bildirmək düzgün olmaz. “Onu da deyim ki, Suriya Liviya deyil. Ən azından Putinin hakimiyyəti dövründə Rusiyanın Suriya ilə bağlı siyasəti dəyişməyəcək. Qərbin mövqeyində də radikal dəyişiklik yoxdur”.
Onun sözlərinə görə, ABŞ-ın iqtisadi durumu yaxşı olmadığından Suriyada hərbi əməliyyatlar aparmaq da indiki halda sual altına düşür: “Hazırda ABŞ üçün bir nömrəli vəzifə Əfqanıstandan və İraqdan qoşunların çıxarılmasıdır. Digər tərəfdən, ABŞ və Avropa cəmiyyətlərində birmənalı mövqe yoxdur. Onlar özləri də bilmirlər ki, hansı qərarı verməlidirlər”.
Suriyada müxalif qüvvələrin də parçalandığını söyləyən A. Yunus düşünür ki, sivil, konstruktiv müxalifət də zəifləyib. “Bir tərəfdə Əsədə qarşı çıxan müxalifət, digər tərəfdə də radikal islamçı müxalifət var. Faktiki olaraq Suriyada 4 qüvvə mövcuddur. Bunlar hakimiyyət qoşunları, müxalifət, siyasiləşmiş radikal dindarlar və neytral olan kürdlərdir”.

A.Yunusun fikrincə, Suriya müxalifəti öz arasında savaşa başlayıb. Suriyada proseslərin dalana dirəndiyi bir zamanda müxalifətin biri-birilə savaşdığı da istisna olunmur. Bu haqda bilgiyə sahib olduğunu iddia edən A. Yunus Suriyanın cənubunda dindarlarla müxalifət qüvvələrinin biri-birinə qarşı savaş açdığını vurğulayıb. “Bitərəf kürdlərin də kompakt zonaları var. Onlar Suriyada gedən proseslərdə iştirak etmirlər və öz müstəqilliklərini elan ediblər. Qərb hansı qüvvə ilə iş aparmaq barədə düşünür, bu da bəlli deyil. Əsədin hakimiyyətdən gedəcəyinə şübhə edən yoxdur. Söhbət ondan gedir ki, mövcud rejimi kim əvəz edəcək. Əsədin yerinə radikal “Əl-Qaidə”yə bağlı birliklərmi hakimiyyətə gələcək? Bunu özlərindən başqa heç kim istəmir”.
Göründüyü kimi siyasi ekspertlər Suriyanın gələcək taleyi ilə bağlı yalnız ehtimallara söykənən proqnozlar verirlər. Zənnimizcə, Bəşər Əsəd bundan sonra diplomatik razılıq və ya dialoqla hüquqi cəhətdən hakimiyyətə yiyələnə bilməyəcək. Çünki o, ən azından artıq on minlərlə insanın ölümünə bais olub. Bu sözləri müxalifət haqqında da səsləndirmək olar. Çünki radikal dini ideoloji baxışlara malik müxalifətin də xalqın tələblərini yerinə yetirmədiyi gün kimi aydındır. Yeni qüvvə olaraq kimlərin ortaya çıxacağı isə hələlik məlum deyil
Aqşin Kərimov