Ermənistan İstintaq Komitəsi keçmiş müdafiə naziri Seyran Ohanyanın barəsində açılmış cinayət işi üzrə istintaqı başa çatdırıb.
Modern.az xəbər verir ki, iş sonrakı mərhələdə məhkəməyə göndərilməsi üçün prokurora təqdim olunub.
İstintaqın versiyasına görə, Seyran Ohanyan 2008-ci ildə Müdafiə Nazirliyinin əməkdaşlarından birinə İrəvanda üçotaqlı mənzilin növbədənkənar qaydada verilməsi barədə göstəriş verib. Həmin şəxsin Ohanyanla qohumluq münasibətlərinin olduğu bildirilir.
İstintaq orqanı hesab edir ki, mənzilin təqdim edilməsi zamanı qanunvericiliyin tələbləri pozulub. Ohanyana qarşı irəli sürülən maddə üzrə nəzərdə tutulan maksimal cəza 4 ilədək azadlıqdan məhrumetmədir. Cinayət işinin məhkəməyə göndərilməsi barədə son qərarı prokurorluq mərhələsindən sonra məhkəmə verəcək.
Xatırladaq ki, Seyran Ohanyan I Qarabağ Müharibəsi və Vətən Müharibəsi zamanı Azərbaycana qarşı təcavüzdə aktiv iştirak edib.