Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq tərəfdaşlıqları çərçivəsində həyata keçirilən ikili diplom proqramlarına tələbələr arasında yüksək maraq 2026/2027-ci tədris ili üzrə qəbul nəticələrində öz əksini tapıb. Universitetin bakalavriat səviyyəsində həyata keçirdiyi üç ikili diplom proqramının hər biri üzrə müəyyən edilmiş qəbul planı tam yerinə yetirilib.
Modern.az xəbər verir ki, hazırda BMU-nun Cənubi Koreyanın İNHA Universiteti və Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində müxtəlif modellər əsasında həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq tədris mühitində təhsil almaq, xarici tərəfdaş universitetlərin akademik imkanlarından yararlanmaq və təhsillərini iki ali təhsil müəssisəsinin diplomu ilə tamamlamaq imkanı yaradır.
BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında 2020/2021-ci tədris ilindən etibarən ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilən ikili diplom proqramına bu il 104 tələbə qəbul olunub. Qəbul “İnformasiya texnologiyaları”, “Kompüter elmləri (Süni intellekt mühəndisliyi)”, “Data analitikası” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 26 nəfər olmaqla həyata keçirilib. Bununla da müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib. Qəbul olunan tələbələrin yüksək akademik göstəriciləri proqrama marağın və rəqabətin yüksək səviyyədə olduğunu nümayiş etdirib. Daxili imtahanda iştirak edən 363 namizəd arasından qəbul olunan 104 tələbənin 28,8 faizi 600-dən, 57,7 faizi isə 500-dən yüksək bal toplayıb.
BMU-nun Çinin Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) ilə əməkdaşlığı çərçivəsində bu ildən fəaliyyətə başlayan PKTU-BMU Mühəndislik Fakültəsində də ilk qəbul ilinin nəticələri yüksək göstəricilərlə yadda qalıb. 3+1 modeli əsasında fəaliyyət göstərən fakültə üzrə müəyyən edilmiş qəbul planı 100 faiz yerinə yetirilib. “Kompüter elmləri”, “Kimya”, “Biotexnologiya” və “Mexanika mühəndisliyi” ixtisaslarının hər biri üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 tələbə qəbul edilib. Qəbul olunan 100 tələbədən 57 faizi 500-dən yüksək bal toplayıb. Onlardan 51 faizi 500–600 bal, 6 faizi isə 600-dən yüksək nəticə göstərib.
BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında imzalanmış ikitərəfli müqavilə əsasında 2+2 modeli üzrə həyata keçirilən digər ikili diplom proqramına qəbulda da yüksək göstəricilər qeydə alınıb. “Kimya mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “Mexanika mühəndisliyi”, “Kimya”, “Biotexnologiya” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə proqrama qəbul olunan tələbələrin 31 faizə yaxını 500-dən yüksək bal toplayıb. Onların 11 nəfəri 600-700 bal, 142 nəfəri isə 500-600 bal intervalında nəticə göstərib.
Qeyd edək ki, BMU ilə PKTU arasında icra olunan proqram Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçirilən ilk ikili diplom proqramı kimi xüsusi əhəmiyyət daşıyır. Tələbələrin BMU-da tədris ili ərzində göstərdikləri yüksək akademik nəticələr onların PKTU-da təhsillərini davam etdirməsində mühüm rol oynayır.
Ümumilikdə, 2026/2027-ci tədris ili üzrə üç ikili diplom proqramında qəbul planının tam icra olunması BMU-nun beynəlxalq tərəfdaşlıq imkanlarına, xarici universitetlərlə birgə həyata keçirilən təhsil proqramlarına və qlobal akademik mühitdə təhsil almaq perspektivlərinə tələbələr tərəfindən yüksək marağın olduğunu bir daha nümayiş etdirir.