Sahib Əsədbəyli
Azərbaycan tamaşaçısının sənətə və sənətkara qəribə yanaşma tərzi var. Sənətə konservator meyllərlə yanaşıb sənətkarın özündən çox onun şəxsi həyatına hərb dili ilə desək "qrefinin" olmamasına diqqət yetirən Azərbaycan tamaşaçısının bundan əlavə sənət adamına düzgün bəzən isə mübaliğəli qiymət verməsi üçün mütləq onun həyatdan köçməsi gərəkdir. Bir çox müəssisələrə onların adının məhz bioloji yoxluqlarından sonra verilməsi bunun əyani sübutudur. Hərçənd, zövqü rəsmiyyətlə tənzimləyən kütlə üçün bu tam məntiqəuyğundur. Əməkdar və xalq artisti (rəssamı, yazıçısı) fəxri adlarına layiq görülməyən sənət adamının sənət nöqteyi-nəzərindən səviyyəcə ondan heç də üstün olmayan, bəzən isə geri qalan bu titula layiq görülmüş həmkarı ilə nəinki müqayisə olunmaq şansı var, onunla eyni səhnəni bölüşməsi eynə verilişə dəvət alması belə, uğur hesab olunmalıdır. Təəssüf doğuran hal isə birinci tərəfin özünün belə, bundan dolayı keçirdiyi qürur hissidir. Hərçənd, onu qınamaq da düzgün olmazdı. İstər musiqiçilər, istər rəssamlar, istər aktyorlar, istərsə də ədiblər özlərinin fəxri ad almış həmkarlarından bir pillə aşağıda dayanır mental zövqlü tamaşaçının nəzərində...
Bu yaxınlarda dünya kitab bazarında bestseller olan iki kitab oxudum. Birinin müəllifi bir-biriylə əlaqəsi olmayan rabitəsiz cümlələrini roman halına gətirən Frederik Beqbeder, digərinin müəllifi isə ontoloji səmimiyyət üslubu verdiyi əxlaqsızını dünya oxucusuna "sırıyan" Çarlz Bukovski idi. Düzü, bu müəlliflərə ayırdığım bir neçə saata heyfim gəldi. Ancaq bu iki "ədəbi taxıntı"nı oxuduqca belə bir qənaətə gəlmək olar ki, dünya ədəbi mühiti üçün artıq bəşəri problemlər həll olunub. Odur ki, onlar artıq əylənmək fikrinə düşüblər. Beqbederi Hüqo və Dümayla, Bukovskini Cek London və Teodor Drayzerlə müqayisə etmək fikrində deyillər. Ancaq biz hələ də müasir yazarlara ikinci eranın birinci yarısında yaşamış yazıçı və şairlərimizin dəsti-xəttini diqtə edirik...
Sənət adamına şablon yanaşmalardan qaçmağa çalışacam. Odur ki, Səməd Səmədovun himnimizin söz müəllifini bilməsəsini əsas gətirib, Üzeyir Hacıbəyovu onun üzdəniraq adaşı ilə müqayisə edib axmaq antitezis yaratmaq fikrim yoxdur bu yazıda. Yadınızdadırsa Səmədovun xalq artisti adına layiq görülməsindən sonra böyük rezonans yaranmışdı televiziya proqramlarında. Özlərini ciddi göstərməyə çalışan bəzi verilişlərdə emosiyalarının qurbanı olan mühafizəkar sənət fədailəri yetişmişdi. Nə isə, bu şəxslərin mövzunu açmaqda qəti yararlı olmayacağını düşünüb Səmədi Əliyə, Əlinisə Səmədə tapşırıb keçək bu məsələnin üstündən...
İbtidailiyə meylli olan Azərbaycan cəmiyyətində estetik zövqün bütün inikaslarında höhnəlik baryeri hələ də qalmaqdadır. Buna da əsas nümunə olaraq muğamı göstərmək olar ki, muğam və muğam ifaçısı adı gələndə şüuraltı olaraq ciddi sənət və sənət adamı düşüncəsi yaranır, bizim cəmiyyətin böyük çoxluq təşkil edən hissəsində... Əslində isə milizmlərin nümayişi və tanıtımı xarakteri daşıyan milli musiqi janrıdır muğam... Onu digər musiqi janrlarından üstün tutmaq şovinizmdən başqa bir şey deyil. Əsasən də bir qədər yaşı keçmiş şəxslər bəzən bilavasitə özlərini cəmiyyətin ağır təbəqəsinə aid etmək üçün "muğamsevərlər" sırasına qoşulurlar. Onlar üçün digər musiqi janrları mövud deyil. Olsa-olsa XX əsr Azərbaycan estradasının bir-iki nümayəndəsinə qulaq asa bilərlər. Yadıma bununla bağlı bir əhvalat düşdü. Hələ məktəbli olarkən yay tətilimi başa vurub paytaxtdan yaşadığım rayona gedərkən konservator sürücünün aramsız olaraq muğama qulaq asmasından təngə gəlib uşaq sadəlövhlüyü ilə pop və estrada mahnılarından ibarət diskinin olub-olmaması ilə maraqlandım. Aldığım cavab isə belə oldu : "Ay uşaq, mənim saçımın rənginə bax". Onun saçı bozumtul idi... Düşüncəsi kimi...