Modern.az

“14 ildi yolunu gözləyirəm” - Ömürlük məhbusun anası - MÜSAHİBƏ

“14 ildi yolunu gözləyirəm” - Ömürlük məhbusun anası - MÜSAHİBƏ

Aktual

21 Yanvar 2014, 13:24

Deyirlər, hər kəs öz payına düşəni yaşayır. Onların hər biri kiçik və ya böyük səhvlərinin ömürlük qurbanına çevrilib, dəmir barmaqlıqlar arasında yaşamağa məhkum olublar. “Alnına məhbəs həyatı yazılanlar” da “yazıya pozu yoxdur” deyib həyat paylarına düşənlə barışmalı olurlar.

Modern.az-ın ömürlük məhbusların ailələrindən növbəti müsahibəni təqdim edir. Bu dəfəki müsahibimiz ailə münaqişəsi zəmnində həyat yoldaşını qətlə yetirən Arif Quliyevin valideynləridir.

– Hər ailədə müəyyən problemlər yaşanır. Bildiyimizə görə oğlunuz Arif ailə münaqişəsi nəticəsində həyat yoldaşını qətlə yetirib. Onu buna vadar edən nə oldu?

– Oğlum Arif əvvəl birinci yoldaşı ilə yaşayırdı. Bir övladı da var. Onlar arasında heç vaxt narazılıq olmamışdı. Yoldaşımın qardaşıgillə yaxşı gediş-gəlişimiz olub. Arif də onlara sıx-sıx gedirdi. Kiçik qızın çox yaşı olsa da ailə qurmamışdı. Daha sonra necə etdilərsə, oğluma verdilər. Bizim isə bundan xəbərimiz yox idi. Amma bilirdik ki, dayısı qızı ilə oğlum arasında heç vaxt istək olmayıb. Çox hay-küy saldım. Dediyim sözlərə baxan olmadı. Arif ancaq dayısı qızını saxlayacağını dedi. Arada qohumluq olduğundan çarəsiz qaldım. Oğlumun onunla yaşayacağını görüb onunla nikaha düşməyə məcbur etdim. Arif ilk həyat yoldaşından ayrılaraq, dayısı qızı ilə rəsmi nikaha girdi. Bir müddətdən sonra onlar yola getmədilər və münasibətləri pozuldu. Oğlum isə bunun səbəbini demirdi. Dayısı qızını evlərinə göndərdi. Aradan bir müddət keçəndən sonra Arif əvvəlki həyat yoldaşı ilə barışdı. Mən də onlar üçün Coratda kirayəyə ev tutdum. Tez-tez onlara baş çəkirdim, həm də nəvəmi görürdüm. Həmin müddət ərzində oğlum indiki qaldığımız evi tikirdi. Bir axşam evlərinə gedəndə dayanacaqda avtobus gözləyirmiş elə o zaman dayısı qızı ilə rastlaşıb və qız ondan əl çəkməyib. Evlərinə kimi arxasınca gedib, nə deyib, neyləyibsə saqqızını oğurlayıb. İki gün gözlədim. Arifdən xəbər çıxmadı. Üçüncü gün oğlumun birinci həyat yoldaşı xəbər göndərdi ki, Arif neçə gündür evə gəlmir. Getdik və öyrəndik ki, dayısı qızı ilə barışıb, Tağıyev qəsəbəsində ev tutub qalırlar. Bir müddət sonra bildik ki, yenə yola getmirlər. Oğlum tez-tez dayısı qızından şikayət edirdi. Daha sonra xəbər gəldi ki, onu öldürüb. Bir balaca 40-lı qızı qaldı. Polis gəlib Arifi soruşanda dedim ki, katejdə qalır. Bizə məlumat verdilər ki, öz həyat yoldaşını öldürüb. Biz də gedib uşağı evə gətirdik. Uşaq gəzməyə başlayanda isə dayısıgil uşağı istədilər. O vaxta qədər bizim yanımızda qalırdı. Mən vəkilin yanına gedəndə, məsləhət gördülər ki, o da babadır, sən də. Əgər mənim sözümə baxsan, uduzmarsan. Uşağı onlara verərsiniz. Xəstələnsə, başına bir iş gəlsə sizi günahlandıracaqlar. Daha sonra uşağı öz adlarına keçirdilər. Artıq neçə ildir ki, biz kiçik nəvəmizi görmürük. İndi 14 yaşı var.

Həmişə deyirlər ki, gənclər çılğın, dəlisov olurlar. Arif necə idi ?

– 2001-ci ildə bu hadisə baş verib. O zaman 33 yaşı var idi. Artıq 14 ildir ki, oğlum həbs həyatı yaşayır. Deyim ki, oğlum pis övlad olub, yox. O yalan olardı. Qisməti belə gətirdi.

Oğlunuz həyat yoldaşını öldürəndən sonra peşman olduğunu dilə gətirdimi? O, əlini dayısı qızının qanına bulamasına hansı səbəbi göstərdi?

– Mən ondan bu haqda dəfələrlə soruşmuşam. Hətta türmədə olanda da öyrənməyə çalışdım. Ancaq axırıncı dəfə mənə dedi ki, ata, xahiş edirəm, bir də o haqda məndən heç nə soruşma. Bir-iki dəfə demişdi ki, heç nəyin üstündə dayısı qızı ondan polisə şikayət etdi. Gecə olanda Arifi aparıb döyürdülər. Ancaq dayısı qızını nəyə görə öldürdüyünü demədi.

- Məhkəmədə necə, özünü müdafiə etmədi?

– Xeyr. Hətta məhkəmə keçiriləndə də bunun səbəbini gizli saxladı. Yalnız axırıncı məhkəmədə peşman olduğunu dedi.

- Arif həm ikinci həyat yoldaşını, eyni zamanda dayısı qızını öldürüb. Belə ağır hadisədən sonra Arifin dayısıgillə gediş-gəlişiniz varmı?

– Xeyr, dayısı yoldaşının olduqca pis xasiyyəti var idi. Onunla üz-üzə gəlməməyə çalışırdım. Çünki harada məni görsəydi, təhqir etməyə başlayırdı. Söyüş söyürdü, qarğış tökürdü. Sonra xəstələnib öldü. İndi dayısı qalıb. O da bizə heç nə demir. Nəvəmizdən də xəbərimiz yoxdur. Bilmirəm nəvəmi onlar, yoxsa başqaları saxlayır?

- Bəs Arifin birinci həyat yoldaşı necə, onunla danışırsınız? İlk nəvələriniz sizə baş çəkirlər?

- Bəli. Onlarla hələ də danışırıq. Böyük nəvəm işləyir. Bizim yanımıza gəlir. Onlarla mehribanıq. Elə olur ki, nəvələrim gəlib yanımızda qalır.

- Arif özü ilə bərabər iki nəfərin də həyatını  məhv edib. Nə vaxtsa birinci gəlininiz oğlunuzu etdiyi hərəkətə görə qınayıbmı?

– Elə bir şey olmayıb. Çünki, Arifin birinci yoldaşı bizə çox yaxşı gəlin olub. Hələ də oğlumun yolunu  gözləyir. 

Oğlunuzun birinci həyat yoldaşı ona baş çəkirmi?

– Arifin birinci həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Türməyə ona baş çəkməyə gedəndə yanına qoymurlar. Buna baxmayaraq, yenə də arada yanına gedir. Ancaq nəvələrim tez-tez atalarına baş çəkir. Birlikdə şəkli çəkdirirlər. Arif onlara məsləhət verir.

- Bu yaxınlarda həbsxanada iki gəncə nikah kəsildi. Arif həyat yoldaşı ilə nigah qurmaq təklifi edibmi?

- Oğlum birinci həyat yoldaşını qaçırıb. Qızgilin elə də imkanı yox idi. Heç qızlarını qaçıranda problem yaratmadılar. Toydan bir neçə gün sonra ailələr arasında barışıq oldu. Bəli, oğlum həbsdə olanda da bir neçə dəfə istədi ki, yenidən birinci həyat yoldaşı ilə nikaha girsin. Həyat yoldaşı da razılıq vermişdi. Ondan, bundan öyrəndim ki, həbsxanaya nikah məmurlarını aparmaq xeyli xərc aparır. Düzü mənim də imkanım çatmadı. Ona görə də hələ də nikaha kəsdirə bilməyiblər.  Gəlinim bacısı ilə birlikdə işləyir.  Bacısının da həyat yoldaşı rəhmətə gedib. İki bacı əl-ələ verib ailələrini dolandırırlar. 

- Dediniz ki, övladları Arifə baş çəkirlər. Heç olubmu ki, uşaqlar ataların etdiyi cinayət haqda soruşsunlar?

- Xeyr, soruşmurlar. Çünki, bu barədə bilirlər. Oğlan nəvəmin 19 yaşı, qızın isə 14 yaşı var. Çox yaxşı da oxuyur.

- Oğlunuza baş çəkməyə gedəndə o, sizdən daha çox nə istəyir?

- Yoldaşımın ayağı ağrımazdan əvvəl tez-tez Mahaçqalaya gedirdi. Paltar satırdı. Hər gedəndə 500-600 manatlıq ərzaq alıb həbsxanaya aparırdı. İndi isə həyat yoldaşım yerindən tərpənə bilmir. Arif ikinci arvadını öldürəndə anası insult keçirdi. Yaşlı adamlarıq. Ona görə də Arifin yanında tez-tez gedə bilmirik. Beş-altı aydan bir oğlumun yanına gedirik. Elə dünən zəng elədi dedi ki, heç olmasa may ayında gəlin, sizi görüm.

- İki nəfər yaşlı insan üçün yəqin ki, çətindir.

- Heç birinin taleyi düz gətirməyib. Böyük oğlum bir müddət əvvəl avtomobil qəzasına düşdü. Həmin qəzadan sonra o da həyat yoldaşından ayrıldı. O vaxt onları evləndirəndə, gəlinimə dedim ki, mənim qızım yoxdur sən mənim gəlinim qızım olacaqsan. Doğurdan da qızım kimi oldu mənə. İndi də hər bazar günü gəlib evimizi yığır, bizə kömək eliyir, əlimizdən tutur.

- Bəs Arifin birinci həyat yoldaşı sizə baş çəkib, kömək edirmi?

- Onun işi ilə elədir ki, vaxt edə bilmir. Hərdən onlara gedəndə deyirəm ki, heç olmasa bir günü özünə ayır amma görürəm ki, mümkün deyil. Onun da işləməkdən ayaqlarında ağrılar yaranıb. Tez-tez gedib-gəlməsə də arada telefonla əlaqə saxlayırıq.

- Ömürlük məhbusların amnistiya və ya əfv olunması mümkün deyil. Bir valideyn olaraq oğlunuzun cəzasının yüngülləşdirilməsi üçün bu günə kimi nə etmisiniz?

 - Çox istərdik ki, heç olmasa cəzası bir neçə illə əvəz olunsun. İki dəfə İlham Əliyevə, bir dəfə isə Mehriban xanıma məktub yazmışam. Bizə cavab gəldi ki, heç olmasa 10 il tamam olduqdan sonra müraciət edə bilərik. Artıq 14 ili tamam olub. Bir nəfər mənə dedi ki, nə mənası var axı? Pulun da yoxdur. Ondan sonra ümidim öldü. Pul olmadığına görə, heç həyat yoldaşımı həkimə apara bilmirəm. Gecə-gündüz dua edirəm ki, Arif çıxsın, gəlsin yanımıza. Yaxşı sənətim də yoxdur ki, mübarizə aparım. Pul da istəsələr, qalacam belə. Ona görə əllərim hər yerdən üzülüb, buz bağlamışam. Tək pənahım Allahadır. Arifin açarı onun əlindədir.

- Ömürlük həbsə məhkum olanların bir həbsxanada cəza çəkirlər. Arif orada kimlərlə dostluq edir?

- Əvvəl 1 nəfərlə dostluq edib. Oxumuş adam olub. Həmin oğlan qayınanasını, anasını öldürmüşdü. Arif də o vaxt savadsız idi, yazıb oxumağı bacarmırdı. O, dostu ona yazmağı öyrətdi. İndi bütün hərfləri bilir, arada məktub yazırdı. Bir gün Arif mənə dedi ki, artıq dostu ilə yola getmir. Sonradan bizə dedi ki, kameradakı bütün təmizlik işlərini Arifin üstünə atıb, onun görməyini istəyib. Buna görə onlar arasında mübahisə olub Arif  bundan sonra qaldığı yerdən və həmin dostundan  ayrıldı. Türmədə onlara nəzarət edənlərlə, generallarla dostluq edir.

- Dediniz ki, Arif yazmağı öyrənəndən sonra məktub yazardı. İndi sizə məktub yazır?

- Əvvəllər yazırdı. Telefona icazə verildikdən sonra zəng etməyə başladı. Tez-tez də danışırıq. Ona görə də indi məktub yazmır.

- Məhbuslara həbsxanada vaxtlarını keçirmək üçün müxtəlif şərait və işlər yaradılıb. Amma ömürlük məhbuslar üçün belə bir şərait yoxdur. Arif həbsdə nə ilə mə.ğul olur? Heç oxumaq üçün sizdən kitab istəyib?

- Bəli, orada vaxt çox gec keçir. Ona görə çoxlu kitab aparmışam ki, oxusun heç olmasa başını qatsın. Dini kitablar da aparmışam. Qurani-Kərim də oxuyur.

- Belə qətllər törətmiş çox insanlar tanıyırıq ki, onlar sonradan etdiyi əməldən peşman olur. Nə vaxtsa Arif etdiyi cinayətə görə, peşman olduğunu söyləyib?

- Əvvəl demirdi. Ancaq indi peşman olduğunu deyir. Nə vaxtsa həbsxanadan çıxıb-çıxmayacağını fikirləşir. Uşaqları yanına gedəndə onlarla çoxlu danışır, nəsihətlər verir. Uşaqlar yanında qalanda səhərə kimi söhbət edir. Bizi də qoymur yatmağa. Deyirəm ki, gecdir səhər danışarıq. Görürəm ki, yatmaq da istəmir. Hər dəfə soruşuram ki, niyə bu qədər danışırsan, Deyir söhbət etməyə heç kim yoxdur.

- Bu günə kimi Arif qaldığı şəraitdən və ya münasibətdən narazılıq edib?

- Hələ ki bir narazılıq etmir. Ancaq bilirəm ki, bəzən olur. Hələ 1 dəfə nəyəsə görə 15 gün qapalı yerdə salmışdılar. Mən də sonradan bilmişdim. Bizim narahat olmamağımız üçün heç nə deməyib. Olanları da bizə danışmır. 


Bu arada ev sahibi bizə çay gətirir. Biz də fürsətdən istifadə edib müsahibimizin anası ilə söhbətləşirik.

- Hər bir ananın övladı ilə bağlı arzuları, istəkləri olur. Sizin arzunuz nə olub?

- Bizim üçün çox çətindir. Kaş ki, özü, balaları burda olardı. Birinci gəlinim də çox mehriban idi. Allah mərdimazarın evini yıxsın. Mərdiməzarlıq etdilər, oğlumun evini həyatını məhv etdilər.

- Arif öz dayısı qızını öldürüb. Təbii ki, həmin hadisədən sonra qardaşınızla aranızda bir soyuqluq, inciklik yaranıb. Belə bir atalar sözümüz var “Doğlamnın tövbəsi olmaz”.  Qızının ölümündən sonra qardaşınız sizinlə əlaqə saxlayırmı?

- Bəli, danışırdıq qardaşımla. O məndən inciməyib. Çünki, qızının necə olduğunu bilirdi. Oğlum tutulduqdan sonra mənə ürək-dirək verdi. Hətta Arifin məhkəməsi olanda onu müdafiə etdi. Hakimə deyib ki, harda yüngül cəza varsa, Arifə onu verin. Ancaq onun sözünə baxan olmadı. Qızın anası etiraz etdi dedi qana qanla cavab versin. Düz 7 aydır xəstəyəm. Ürəyimdən  əməliyyat olmalıyam. Ancaq maddi imkanımız buna yol vermir. Çox istərdim Arif çıxa, gələ ailəsinin, valideynlərinin yanına.

- Gəlininiz işləyir, nəvələriniz də qazanc yaşına çatıb. Sizə maddi baxımdan kömək edirlər?

- Böyük nəvəm işləyir. Həm də oxuyur. Maşını alandan-alana 50 manat dərmanlarımın alınmasına əl tutur. Nə xeyri var. Yenə də azlıq edir. Evin içində qazanc olmazsa dolanmaq mümkün deyil. Bəlkə də həyatda yeganə arzum  Arifin  oradan qurtulmasıdır. Bircə o günü görsəydim gözüm arxada qalmazdı. Heç olmazsa bilərdim ki, mən öldükdən sonra məni yerdən götürən olacaq. İstəməzdim Arif  belə etsin. Onun etdiyi hərəkət Allaha da, bəndəyə də xoş deyil. Allah verən canı Allah almalıdır. Qardaşım qızı mərdiməzarlıq etdi. Çox istərdim oğlumu bağışlasınlar. Bu dünyadan arxayın köçüm. Məndən sonra kim onun arxasınca gedəcək?  Bilirəm ki, çox peşmandır. Həmişə deyir ki, nə etdiyimi heç bilmirəm. Heç o, özünü bağışlaya bilmir. Gecə-gündüz Allaha yalvarıram ki, hələ canımı almasın Arifin qapıdan içəri girdiyini görüm, onu qucaqlayım, elə orada da ölüm. Bircə arzumdur ki, ömürlük həbs cəzasını bir neçə illə əvəz etsinlər. Desinlər ki, 20 il cəza çəkməlidir. Bilərik ki, 20 ildən sonra çıxacaq. Hər yerdən ümidimizi üzmüşük. Ya bu cəzanı güllələnmə ilə əvəzləsinlər, ya da il ilə əvəz etsinlər. Bu qədər işgəncəyə dözmək olmaz. Valideynlərində də, həbs çəkənin də canı qurtarsın.


Gültəkin ƏLƏSGƏR
Ulduz İBRAHİMOVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı