Modern.az

Bakı - Banqkok Bəyannaməsi qəbul olundu

Bakı - Banqkok Bəyannaməsi qəbul olundu

Aktual

Bu gün, 10:06

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib.

Modern.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında qeyd olunub.

Bildirilib ki, sessiya Banqkok şəhərində "Heç kəs kənarda qalmasın: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı" mövzusunda keçirilib.

Sessiyanın açılışında XİN rəhbəri tərəfindən Prezident İlham Əliyevin müraciəti səsləndirilib.

Sessiya çərçivəsində Azərbaycan ortaq çağırışların həlli və inkişafın cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Azərbaycanın əsas siyasi mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığı kimi istiqamətləri önə çəkib.

Azərbaycanın "Heç kəs kənarda qalmasın" gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.

Sessiya zamanı "Azərbaycan 2030" sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri, o cümlədən inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi və nəsillər arasında bərabər imkanların təmin edilməsi xatırladılıb.

Bundan əlavə, Avrasiya bağlantısında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.

Sessiyanın əsas nəticələrindən biri kimi Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf üzrə ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə uyğunluq təşkil edir.

Sessiya üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirərək inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf üzrə dialoqu təşviq edib.

Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını ümumi inkişaf məqsədləri naminə dərinləşdirməyə sadiqdir.

Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutan Azərbaycan insan mərkəzli inkişaf modelini təşviq edir, regional bağlantını gücləndirir, rəqəmsal və yaşıl keçidi sürətləndirir, sülh və əməkdaşlığı möhkəmləndirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV