Rusiyanın Krasnodar diyar məhkəməsinin sabiq hakimi Yelena Xaxaleva beynəlxalq axtarışa verilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu nümayəndəsi onun əmlakının dövlət nəfinə (balansına) keçirilməsi ilə bağlı məhkəmə prosesində məlumat verib.
Qeyd edək ki, 2022-ci ildə Xaxaleva dələduzluq və vəzifə saxtakarlığı ittihamları ilə qiyabi həbs olunub. O, 2020-ci ilin iyulunda hakim səlahiyyətlərindən məhrum edilib, bir il sonra isə Rusiyanı tərk edib. Aprelin əvvəlində Kubanın Oktyabr məhkəməsi Xaxalevanın, onun həyat yoldaşı, anası və bacısının, həmçinin onlarla əlaqəli daha 36 nəfərin daşınar və daşınmaz əmlakına həbs qoyub. İddia ərizəsi antikorrupsiya qanunvericiliyinin və hakimlərin vəzifə öhdəliklərinin pozulması ilə bağlı qaldırılıb.
Məhkəmə materiallarına görə, Xaxalevanın ailəsi gəlirləri əmlak, nəqliyyat vasitələri və digər aktivlərə yönəltməklə qanunsuz varlanıb. Bildirilir ki, həyat yoldaşı Robert Xaxlayev əlaqəli strukturlar vasitəsilə 12,5 min hektardan çox torpaq sahəsinə nəzarəti ələ keçirib.
Həmçinin onun bacısı Natalya, Kuban Arbitraj Məhkəməsində hakim işləyərək, ailə ilə bağlı şirkətlərin iri məbləğli vergi və ödənişlərdən yayınmasına kömək edib. Anasının adına isə 2014–2020-ci illərdə dəyəri 100 milyon rubldan çox olan əmlak rəsmiləşdirilib.
2021-ci ildə Xaxalevaya qarşı cinayət işləri açılıb, 2022-ci ilin iyununda isə qiyabi həbs qərarı çıxarılıb. 2024-cü ilin yanvarında o, Bakıda saxlanılıb.
Ötən ilin fevralında Bakıda saxlanılan Yelena Xaxaleva Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Onun ekstradisiyası ilə bağlı sənədlərə isə Azərbaycan Baş Prokurorluğunda baxılır.