Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hər il gənclər arasında birgə təşkil etdiyi müsabiqə-festivalın məqsədi tələbələri mədəniyyətimizə, tariximizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək, istedadlı gəncləri üzə çıxarmaq və onların qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.
Gəncə Dövlət Universitetində keçirilən yaradıcılıq festivalının baxış müsabiqəsində təşkilat komitəsinin məsul nümayəndələri və münsiflər heyətinin üzvləri – xalq artisti Samir Cəfərov, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnsturmental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli, əməkdar artist Rəşad Haşımov iştirak ediblər.
Rektorun baş müşaviri Asif Cavadov çıxış edərək müsabiqə festivalının əhəmiyyətindən və gənclər üçün yaradılan şəraitdən danışıb.
Çıxışlardan sonra GDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlovun və Musiqi fənləri kafedrasının müdiri Sevda Qurbanəliyevanın təşkilatçılığı ilə hazırlanan zəngin konsert proqramında tələbələr ifasında səsləndirilən vokal, instrumental, xor ifaçılığı, bədii qiraət, aşıq havaları, eləcə də xalq mahnıları maraqla qarşılanıb.
Münsiflər heyəti təqdim olunan çıxışları yüksək qiymətləndirib, gənclərin hərtərəfli inkişafı üçün yaradılan əlverişli şəraitə, göstərilən diqqət və qayğıya görə Universitet rəhbərliyinə dərin təşəkkürünü bildiriblər.
Yaradıcılıq festivalının baxış müsabiqəsində istedadı ilə seçilən tələbələr Bakıda keçiriləcək yekun konsertdə iştirak etmək hüququ qazanıblar.