İranla münaqişənin heç bir hərbi həll yolu yoxdur və ABŞ bu reallığı qəbul etməlidir.
Modern.az xəbər verir ki, bunu xarici mətbuata müsahibəsində İranın xarici işlər naziri Abbas Araqçı deyib.
“ABŞ və İsrail artıq ən azı iki dəfə bizi sınayıblar və nəticədə hərbi yolun işləmədiyini başa düşüblər”, – deyə o bildirib.
O əlavə edib ki, ABŞ və İsrail hərbi əməliyyatlarla məqsədlərinə çata bilməzlər, lakin diplomatiya yolu seçilərsə ,vəziyyət fərqli ola bilər. Araqçının sözlərinə görə, İran dialoqa açıqdır, lakin ABŞ-dan gələn ziddiyyətli mesajlar prosesi çətinləşdirir.
ƏraqNazir həmçinin Hörmüz boğazı ilə bağlı iddialara toxunaraq bildirib ki, İran yaranmış vəziyyətin səbəbkarı deyil və müharibəni İran başlamayıb, Tehran yalnız özünü müdafiə edir.
O vurğulayıb ki, Hörmüz boğazı bağlı deyil və xüsusilə dost ölkələr üçün açıqdır. Nazirin sözlərinə görə, yalnız düşmən hesab edilən tərəflər üçün müəyyən məhdudiyyətlər tətbiq olunur.
Araqçı əlavə edib ki, dost ölkələrin gəmiləri təhlükəsiz keçid üçün İran hərbi qüvvələri ilə koordinasiya etməlidir və bu yolla təhlükəsiz tranzit təmin olunur.
Nazir bildirib ki, son günlər bir çox gəmi İran hərbi dəniz qüvvələrinin köməyi ilə boğazdan keçib və bu proses davam edəcək.
Sonda o qeyd edib ki, yeganə həll yolu təcavüzkar müharibənin tam dayandırılmasıdır və bundan sonra İran bütün gəmilər üçün təhlükəsiz keçidi təmin edəcək.